"Azərbaycana idxal edilən bir sıra məhsullar üzrə gömrük rüsumlarının artırılması barədə qərarla bağlı ikili fikirlər var. Bəziləri bu qərarın qiymət siyasətinə təsir edəcəyini deyirlər. Bu da labüddür".
Mediatv.az: "Report"un verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirib.
"Dövlət başçısı İlham Əliyev qeyri-neft sektorunu inkişaf etdirmək üçün qarşıya vəzifələr qoyub. Bilirsiniz ki, Azərbaycanda kifayət qədər kənd təsərrüfatı məhsulları istehsal olunur. Düzdür, özümüzü 100% təmin edə bilmirik. Lakin bu sahədə çox böyük inhisarçılıq mövcuddur", - deyə V.Əhmədov bildirib.
Millət vəkili hesab edir ki, müəyyən məhsulların Azərbaycana idxalını azaltmaq lazımdır: "Çünki idxal manata da çox ciddi təzyiq göstərir. Məsələn, niyə biz quş ətini, yumurtanı xaricdən gətirməliyik, meyvə-tərəvəzi Rusiyaya göndərib, özümüz xaricdən onları almalıyıq?! Bunun qarşısı alınır, Azərbaycanda sahibkarların öz məhsullarını istehsal etməsi üçün şərait yaradılır. Müəyyən maneələr olacaq, bilirsiniz, inhisarçılığı aradan qaldırmaq elə də asan məsələ deyil. Amma Prezident İlham Əliyevin tutduğu yolun düzgün olduğunu düşünürəm. Yaxın vaxtlarda bunun nəticələrini görəcəyik".