İqtisadiyyat (24-12-2015, 15:49)
Nazir devalvasiyadan danışdı
“Azərbaycanda manatın növbəti dəfə devalvasiyaya məruz qalması yerli istehsal olan kənd təsərrüfatı məhsullarının qiymətinə birbaşa olmasa da, dolayısı ilə təsir edir”.
Mediatv.az xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, xaricdən idxal olunan kənd təsərrüfatı məhsulları xarici valyuta ilə alındığından qiymət artımını təbii qarşılamaq lazımdır: “Amma, yerli məhsul istehsal edənlər təkcə özlərinin istifadəsi üçün yox, bütövlükdə cəmiyyətin istehlakı üçün bunu edirlər. Ancaq, onlara da devalvasiya müəyyən təsirlər edir. Yəni, istehsalçı istehsal etdiyi məhsulun satışından əldə etdiyi gəlirlə digər bir məhsul almalıdır. O, məhsulu mövcud vəziyyətə uyğun istehsal etməlidir ki, özünə lazım olan, xaricdən gətirilən digər bir məhsulu ala bilsin”.
Devalvasiyadan danışan nazir daha sonra qeyd edib:
“Bu gün devalvasiya varsa, demək olmaz ki, yerli istehsal məhsullarının qiyməti artmalıdır. Bunun təsiri uzunmüddətlidir. Çünki, istehsal olunan məhsulun maya dəyəri ötən ildən qoyulub və hazır məhsuldur. Ona görə də çalışmaq lazımdır ki, bunun qiymət artımına təsirini dolayı yolla da olsa minumuma endirək. Süni qiymət artımının qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən bizimlə birgə işlər görülür. Biz çalışırıq ki, yarmarkaların həcmini genişləndirək. Bunu o məqsədlə edirik ki, orta həlqələr yaranmış vəziyyətdən istifadə edərək süni qiymət artımı yaratmasınlar. Bu, prezident İlham Əliyev tərəfindən müvafiq strukturların qarşısına qoyulan əsas vəzifələrdən biridir. Nazirlik olaraq biz də alternativ bazarlar təşkil etməklə süni qiymət artımının qarşısını almağa çalışırıq”, - deyə nazir vurğulayıb.