İqtisadiyyat (17-02-2016, 15:18)
Yenilənmiş büdcədə gömrük daxilolmalarının həcmi 14% artırılıb
2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 1 mlrd. 810 mln. manatı və ya 10,7%-i Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək.
Mediatv.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər layihəsində öz əksini tapıb.
Bu, təsdiq olunmuş büdcədə nəzərdə tutulduğundan 220 mln. manat və ya 13,8% çoxdur.
Dövlət büdcəsinə təsdiq olunmuş proqnoza nisbətən əlavə dəyər vergisi üzrə 180 mln. manat və ya 16,1% çox, gömrük rüsumları üzrə 40 mln. manat və ya 11,5% çox vəsait nəzərdə tutulur. Artımın səbəbi Vergilər Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 2016-cı ilin yanvarın 1-dən bir qrup malların idxalına əlavə dəyər vergisi üzrə güzəştlərin ləğv olunması və manatın xarici valyutalara olan yeni məzənnəsinin təsirinin nəzərə alınmasıdır.
Xatırladaq ki, 2016-cı ilin təsdiqlənmiş dövlət büdcəsində Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla, 1,590 mlrd. manat proqnozlaşdırılmışdı.