Mərkəzi Bank sənəd üzərində banklara dollar satdığını göstərir, amma yanvarın 6-da bazara 1 sent belə valyuta daxil olmayıb
Mediatv.az xəbər verir ki, Mərkəzi Bank bazara 1 sent belə dollar buraxmayıb. Bu haqda bank sektorundan musavat.com-a daxil olan məlumatda bildirilir. Yanvarın 6-da Bakıda və bölgələrdə ABŞ valyutası almaq istəyən vətəndaşlar əliboş geri dönüblər. Bakıdakı banklar yalnız min dollardan artıq satış etməyiblər.
Bu məlumatı dəqiqləşdirmək üçün paytaxt Bakıda reyd keçirdik. Əksər valyutadəyişmə məntəqələri və banklar dollar satışından imtina edirdilər. Səbəb kimi isə Mərkəzi Bankın 6 yanvar tarixində bazara dollar çıxarmadığı göstərilirdi. Bildirildiyinə görə, MB 6 yanvar tarixində bazara dollar satmayıb. Daha doğrusu satışı kağız üzərində aparıb, faktiki isə bazar dollarsız qalıb.
Məlumatlı mənbənin musavat.com-a bildirdiyinə görə, əsas funksiyası bazarda qiyməti (məzənnəni) tənzimləmək olan Mərkəzi Bankın bu addımı başa düşülən deyil. Üstəlik qurum bu barədə banklara heç bir izahat da vermir. Əhalisi dolların yenidən bahalaşa biləcəyindən narahatdır. Neçə gündür deyilir ki, 1 dollar 2 manatı keçəcək. Bəlkə də MB bazara ona görə dollar satmır ki, yenidən devalvasiya olacaq.
Hazırda Mərkəzi Bankın 5 milyardlıq ehtiyatının realda olub-olmadığı da şübhə doğurur.
Bəs çıxış yolu nədir? Özəl bank rəhbərləri deyir ki, onlar üçün heç bir çıxış yolu yoxdu: “Məlumatsızıq. Bizə heç bir informasiya verilmir deyə yaranmış durum haqda analiz verə bilmirik”.
Artıq dünya bazarında dollar manata nisbətdə bir qədər də bahalaşıb. “Blomberq” agentliyinin son məlumatına görə, yanvarın 7-da 1 ABŞ dolları 1.6351 həddinə qədər yüksələ bilər.
Bank sektorunda, lombardlarda müşahidə etdiklərimiz ölkənin növbəti devalivasiyanın astanasında olması haqda fikirlərə inamı artırır.
İqtisadi böhran hər gün daha kəskin şəkildə ölkəboyu hiss edilməkdədir. Dolların kursunun manata nisbətən durmadan artması bank və iri şirkətlərin aktivlərini sürətlə dollara çevirməsini şərtləndirib. Bu gedişlə dolların sürətlə güclənməsi qaçılmaz görünür.
Mağazaların sürətlə boşalması da bir başqa mövzudur. Bu boşalma heç də əhalinin alıcılıq qabiliyyətinin artması ilə bağlı deyil, əksinə, dövriyyənin düşməsi, iş adamlarının qeyri-müəyyən durumda mağazalara yeni mallar gətirməyə tərəddüdü ilə bağlıdır.
İş adamlarının kredit resurslarına tələbi artıb, lakin əksər bankların krediti dollarla verməsi iş adamlarını kredit resurslarından istifadə etməkdən çəkindirir. Bu isə orta statistik iş adamlarının real fəaliyyətini iflic edib, onları böhran yaradacaq dərəcəyə qədər çatdırıb.
Artıq vətəndaş mağazalarda gözü ilə gördüyü nemətləri almaqda çətinliklərlə üz-üzədir. Hələ ki ölkə böhranlı duruma yeni qədəm qoyub. Evlərdə az-çox ərzaq ehtiyatı var. 1 aydan sonra bunlar da olmasa…