“Məndə olan məlumata görə, Azərbaycanda gömrük sahəsində, eləcə də bütövlükdə srtuktur, institutsional,idarəetmənin təşkilatı quruluşunun təkmilləşdirilməsi və sair bu kimi istiqamətlərdə islahatlar gözlənilir”.
Mediatv.az xəbər verir ki, bunu deputat, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli musavat.com-un gömrük sistemində yeni qaydaların tətbiqinə başlandığı, monopoliyaya və gətirilən mallara görə əlavə rüsumların alınmasına son qoyulması barədə yayılan məlumatları şərh edərkən bildirib.
Millət vəkilinin dediyinə görə, islahatlara start verilməsi zərurətdən doğur: "O ki qaldı gömrük məsələsinə, biz beynəlxalq standartlara cavab verən səviyyədə bir Gömrük Məcəlləsi qəbul etmişik. Qalır onu həmin səviyyədə də tətbiq etmək. Əlbəttə, bu sahədəki çatışmazlıqlar aradan qalxsa, gömrük və vergi sistemində paralel surətdə maksimum şəffaflıq təmin edilsə, bu islahatlar ölkəmizin inkişafına yalnız müsbət tərəfdən təsir göstərər, iqtisadi fəallıq yüksələr, xarici ticarətdə kiçik və orta biznesin rolu və töhfəsi artar, qiymətlər aşağı düşər, büdcəyə daxilolmalar artar və sair”.
Bu arada kütləvi ixtisarlara start verildiyi barədə yayılan xəbərlərə münasibət bildirən deputat deyib ki, kütləvi ixtisarlar böhranlı durumdan çıxmaq üçün çıxış yolu sayıla bilməz: "Yaranmış böhrandan nisbətən az itki ilə çıxmaqdan ötrü təkcə bir neçə qurumu ləğv etmək, birləşdirmək, işçilərin sayı baxımından izisarlar aparmaq nə qədər zəruri olsa da, artıq yetərli deyil. Xüsusən də ixtisarlar mexaniki surətdə, arxası olan işbacarmazlar yerində qalıb, işbilənlər çıxarıldıqda, ziyanı xeyrindən çox olur”.