İqtisadiyyat (23-12-2015, 11:18)
ABŞ Azərbaycan bankına sanksiyalar tətbiq etdi
ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
Mediatv.az-ın məlumatına görə, bu dəfəki sanksiya siyahısına Azərbaycan banklarından biri də düşüb. Söhbət Rusiyanın “VTB” bankının törəməsindən – “Bank VTB Azərbaycan”dan gedir.
ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı açıqlamaya görə, siyahıya əlavə edilmiş fiziki və hüquqi şəxslər 2 qrupa bölünür. 1-ci qrupa ABŞ-dakı aktivləri dondurulmuş və amerikanlarla iş birliyi qadağan olunmuş fiziki və hüquqi şəxslər daxildir. Bunlar Rusiyanın “VTB24” bankı, onun MDB ölkələrində (Qazaxıstan, Ermənistan, Azərbaycan, Belorus, Gürcüstan, Ukrayna), eləcə də Serbiya və Anqolada olan törəmələridir.
Həmçinin 1-ci siyahıya Rusiyanın “Sberbank”ının Belorus, İsveçrə, Avstriya və Ukraynadakı törəmələri, “VTB Kapital Holdinq”, “VTB Sığorta”, “VTB Lizinq”, “Sberbank – avtomatlaşdırılmış ticarət sistemi”, “Sberbank – qeyri dövlət pensiya fondu”, “Sberbank Kapital”, “Sberbank Maliyyə”, “Sberbank Sığorta”, “Sberbank Lizinq”, “Sberbank Texnologiyalar”, “Yandeks Pullar” (səhmlərinin 75%-i “Sberbank”a məxsusdur) şirkətləri, eləcə də bir sıra sənaye müəssisələri daxildir.
2-ci siyahı isə ABŞ şirkətlərindən və vətəndaşlarından uzunmüddətli maliyyə vəsaiti cəlb etməsi qadağan edilmiş Rusiya şirkətlərini əhatə edir. Bunlar “Genbank”,”İnresbank”, “Sevastopol dəniz bankı”,”Verxnevoljskiy Kommersiya Bankı”, “Krayinvestbank”, “Mosoblbank”, eləcə də qeyri-neft sektorunda olan digər müəssisələrdir.
“VTB Bank Azərbaycan”dan hələlik məsələyə münasibət bildirilməyib. Bankdan fins.az-a bildirilib ki, bununla bağlı açıqlama veriləcək.