Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (4-12-2015, 21:48)
Problemli kreditlər xalqı hara sürükləyir?

[thumb]http://www.mediatv.az/uploads/posts/2015-12/1449251078_239849.jpg[/thumb

Hazırda Azərbaycan əhalisinin ən böyük problemlərindən biri də qaytarıla bilməyən kreditlərdir. Demək olar ki, vətəndaşların böyük əksəriyyətinin bir və ya bir neçə banka kredit borcu var. Əhalinin aztəminatlı hissəsinin nisbətən kiçik, orta təbəqənin isə daha yüksək həcmdə kredit borcu var ki, yaşanan son iqtisadi problemlərdən sonra onların ödənilməsi müşkül məsələyə çevrilib. 

Nəticədə, son məlumatlara görə, ölkə üzrə problemli kreditlərin həcmi 1,6 milyard manata çatıb. Vəziyyət o həddə çatıb ki, kredit borcuna görə dağılan ailələrin, intihar edən şəxslərin, oğurluq hallarının sayı artıb. Banklara olan borcuna görə həm maddi, həm də psixoloji gərginlik yaşayan insanlar bundan çıxış yolu tapa bilmirlər. Bölgələrdə insanlar kütləvi şəkildə kredit borclarını qaytarmaqdan imtina edirlər.

Bəs, görəsən bu problemin həlli yolu nədir?

Musavat.com-un əməkdaşı problemli kreditlər məsələsini gündəmə gətirərək, ekspertlərlə müzakirə edib. 

İqtisadçı ekspert Natiq Cəfərli problemli kreditlərin yaranmasında bankların kredit siyasətini günahkar bilib. Qeyd edib ki, banklarda risk menecmentliyinin zəif olması hazırki problemin əsas səbəbidir: “Hər bir vətəndaşın banklara borcunun, kredit xəttinin olması normal bir haldır. Ancaq dünya təcrübəsi ilə müqayisə etsək, Azərbaycanda fərq ondan ibarətdir ki, uzun illər boyu Azərbaycan manatı stabil idi, məzənnə dəyişməz olaraq qalırdı. Manat bahalı bir valyuta idi. Azərbaycan bankları çox asan bir sistem tapmışdılar. Xaricdən aşağı faizlə ucuz kreditlər götürürdülər, əsasən də dollar şəklində cəlb edirdilər. Bu kreditlərin faiz dərəcələri beynəlxalq kredit faizi civarında 5 faizdən artıq olmurdu. Sonradan Azərbaycanda onu manata çevirərək, çox yüksək faizlə, bəzən 30-35 faizlə əhaliyə verirdilər. Bəzən istehlak kreditləri, bəzən avtomobil kreditləri xətti ilə bu, əhaliyə verilirdi. Əhali də başqa gəlir mənbələri olmadığından bank kreditlərindən istifadə edərək, onları ödəməyə çalışırdılar. Əhali məişət və digər texniki avadanlıqların, avtomobillərin alınması və sair bu kimi yollarla kreditlərdən istifadə edərək, çox yüksək faiz ödəyirdi”.

Natiq Cəfərlinin sözlərinə görə, bu il baş verən iqtisadi hadisələr bank sektorundakı neqativ halların fəsadlarını ortaya çıxardı: “İki mühüm hadisə baş verdi və bu sistem ciddi şəkildə pozuldu. Birincisi, təbii ki, fevral ayında olan kəskin devalvasiya idi. Bu, bank sisteminə ciddi zərbə vurdu. Bankların xaricdən aldığı ucuz kreditlər birdən-birə 35 faiz bahalaşdı və banklar 35 faiz daha çox kredit cəlb etməyə məcbur oldular. Dollarla kredit alan vətəndaşların da vəziyyəti xeyli dərəcədə ağırlaşdı və problemli kreditlərin həcmi artdı. İkinci önəmli məsələ isə odur ki, iqtisadi aktivlik zəiflədi və ölkənin gəlirləri azaldı. Bu tendensiya gələcəkdə daha da sürətlə davam edəcək. Bu iki önəmli hadisə həm bank sektoruna, həm də vətəndaşlara çox ciddi şəkildə zərbə vurdu. Artıq hər ay problemli kreditlərin həcmi artır, bankların özlərinin ayaqda durma qabiliyyəti getdikcə zəifləyir. Yaxın dövrdə banklarla bağlı problemlərin artdığının, bir çox bankların bağlanmasının və ya birləşməsinin şahidi olacağıq. Bu iki hadisə Azərbaycanda bank sektoruna çox ciddi təsir göstərdi. Azərbaycan vətəndaşları isə illərdir ki, bu sistemə öyrəşmişdilər. Bəzi insanlar bir bankdan aldıqları krediti digər bankdan alınan kredit hesabına bağlayaraq, yenidən borc alırdılar. Bankarın özündə də risk menecmenti çox aşağı səviyyədədir. 

Xarici ölkələrdə kredit verilməsində problem yaranmaması üçün həm kredit faizləri aşağı faizdən götürülür, həm də vətəndaşların kredit tarixçəsi yaradılır. Vaxtında kreditini ödəyən vətəndaşa ucuz faizlə kredit təklif olunur. Yəni, vətəndaşın kredit tarixçəsi nə qədər yaxşıdırsa, faiz bir o qədər az olur. Bizdə isə belə bir təcrübə yoxdur. O səbəbdən də Azərbaycanda 2015-ci ilin əvvəlində problemli kreditlərin həcmi 900 milyon manat idisə, indi 1,6 milyard manata çatıb. İlin sonuna qədər bunun yenə də artacağı gözlənilir. Artıq proses idarəolunmaz hal alıb və bu, bank sektorunun çökməsi ilə nəticələnə bilər. Təəssüf ki, hökumət də bunun həlli üçün bir addım atmır, problem zamanın axarına buraxılıb və getdikcə dərinləşir. 2016-cı il bank sektoru üçün ağır il olacaq”. 

Vəkil Əkrəm Həsənov isə banklarla hüquqi mübarizə müstəvisində vətəndaşların da bir çox hüquqlarının olduğunu vurğuladı: “Ümumən götürəndə vətəndaşların müflisliyi haqda qanun qəbul edilməlidir. Həmin qanuna əsasən kreditini qaytara bilməyən şəxslərin krediti silinməlidir. Həmin vətəndaşlar müflis elan olunmalıdır. Bu o deməkdir ki, vətəndaşdan heç kəs, heç nəyi tələb edə bilməz. Amma bütün müflislərin siyahısı hamıya elan olunmalıdır. Məsələn, internet saytlarında... Yəni qoy hamı bilsin ki, bu adamlar müflis olublar və onlara borc verməkdə ehtiyatlı olsunlar, bundan sonra... Bu qayda bütün qabaqcıl ölkələrdə var. Bu yaxınlarda Rusiyada da tətbiq olunmağa başladı. Dediyim məsələ həm manat, həm də xarici valyutada olan bütün kreditlərə aiddir”. 

Dollarla götürülən kreditlərin ödənilməsində yaşanan çətinliyə gəlincə, Əkrəm Həsənov qeyd etdi ki, bu məsələ Konstitusiya Məhkəməsinin qərarı ilə tənzimlənməlidir: “Konkret olaraq xarici valyutaya gəldikdə isə bu ilin may ayında Konstitusiya Məhkəməsi banklara tapşırıb ki, maliyyə imkanları daxilində vətəndaşların marağına uyğun güzəştlər etsinlər. Lakin təəssüf ki, banklar icra etmirlər, bunu... Buna görə də bu məsələnin icrası təmin olunmalıdır, o cümlədən məhkəmə yolu ilə... Vətəndaşlar haqqını tələb etməlidirlər. Bu məsələnin başqa həll yolu da var: Hökumət devalvasiya həddində (35%) vətəndaşların xarici valyutadakı borcunu qismən özü bağlaya bilər. Amma yəqin ki, indiki durumda büdcə bunun öhdəsindən gələ bilməz. Nəhayət, vətəndaşlar özləri də fəal olmalıdırlar. Kredit müqavilələrinin 99 faizində banklar qanunları kobud şəkildə pozublar. Müqavilələrə qanunsuz müddəalar daxil ediblər. Həmin müqavilələri tam etibarsız da hesab etdirmək və ya ən azı məhkəmə yolu borc məbləğini azaltmaq olar. Sadəcə problem odur ki, bunun üçün vətəndaşlara peşəkar hüquqşünas yardımı lazımdır. Buna da pulları yoxdur. Çıxış yolu vətəndaşların birləşməsidir. Məsələn, bir banka borcu olan 40-50 nəfər birləşib, bir hüquqşünas tuta bilər. Bu halda hər bir vətəndaşın ödədiyi pul çox olmayacaq. Mənim yanıma demək olar ki, hər gün bu problemlərlə bağlı insanlar gəlir, məktub yazırlar və s... Əksəriyyətinə pulsuz məsləhətlər verirəm, ərizə yazıram və s... Amma hamısını məhkəmədə pulsuz təmsil etmək fiziki cəhətdən mümkün deyil. Ona görə də, təklif edirəm ki, birləşin, birgə hərəkət edin. Amma təəssüf ki, bizdə hamı öz problemini ayrıca həll etmək istəyir. Məsələyə ümumi baxış, birləşmə olmasa, problem qalacaq”. 

Ekspertin fikrincə, problemli kreditlər həll edilməsə, bu, ilk növbədə bank sistemini çökdürəcək, iqtisadiyyatı zəiflədəcək, eyni zamanda insanlarımızın həyatı və sağlamlığı üçün də təhlükə olaraq qalacaq: “İntiharlar olur, insanlar xəstələnir, ailələr dağılır. Bu, get-gedə arta bilər. Digər mühüm nəticə əmanətlərin batması olacaq. Kreditlər qayıtmırsa, banklar əmanətləri necə qaytaracaq? Artıq bir neçə bank hazırda əmanətləri qaytarmır, Mərkəzi Bank isə heç nə etmir. Bu da məsələnin digər tərəfidir. Təəssüf ki, problemli kreditlərin kökü Mərkəzi Bankın banklar üzərindəki səmərəsiz nəzarətidir. Mərkəzi Bankın rəhbərliyi banklarla qohumluq-dostluq münasibətləri qurub, buna görə “gözükölgəli”dir. Belə vəziyyətdə nəzarət mümkün deyil. Buna görə də Mərkəzi Bankın rəhbərliyi dəyişdirilməli, sağlamlaşdırma aparılmalıdır. Yeni rəhbərlik pis bankların lisenziyasını geri almalıdır. Sağlam banklar qalmalıdır. Onlara da dövlət kömək də edə bilər, sonra... Yoxsa indiki Mərkəzi Bank rəhbərliyi ilə əhalinin bank sisteminə etimadı get-gedə tam itəcək”.

Vəkilin fikirlərinə şərik olan Azad İsazadə kredit probleminin cəmiyyətdə aqressivliyi artıracağını bildirib: “Problem olsa da, olmasa da insanlar götürdükləri kreditləri qaytarmalıdırlar. Burada başqa çıxış yolu yoxdur. Söhbət ondan gedir ki, bu, nə qədər müddətə və necə ödənilməlidir. İnsan kredit götürəndə nəyə arxalanmalıdır, maşına, evə və sair... Kredit məsələsi bütün dünyada qəbul olunmuş praktikadır. Əgər kreditlə bağlı planlar nəzərdə tutulduğu kimi getmirsə, krediti qaytarmaq imkanı olmursa, insan özünü aciz hiss etməyə başlayır, çıxış yolu axtarır. Adətən, bu vəziyyətdə insan daha çox emosional davranır və daha böyük səhvlərə yol verir. Bundan əlavə həll olunmayan problem bir yük kimi çiynizimizdə qalır və insan tədricən həmin yükün altında əzilməyə, daimi stress altında yaşamağa alışır. Bu təzyiq altında insanın istər-istəməz orqanizmi də təsirə məruz qalır. Ya səhhətimizə, ya psixologiyamıza təsir edir, depressiya yaradır. Bu da həm ailəyə, həm də ətrafa təsir edir”. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024