Mediatv.az xəbər verir ki, bunu "Report"a açıqlamasında millət vəkili, Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov bildirib: "Bunu hamı bilir. Hazırda ölkə əhalisinin problemli kreditlərinin həcmi 1,4 mlrd. manat təşkil edir. Bu, bizi çox narahat edən məsələdir".
Onun sözlərinə görə, Azərbycanda kredit faizlərinin yüksək olması da narahatedici nüansdır: "Yaranan borcların əsas mənbələrindən biri də budur. Məlumdur ki, kreditin 3 mənbəyi var: biri qoyulan əmanətlər, ikincisi Mərkəzi Bankın verdiyi mərkəzləşdirilmiş kreditlər, üçüncüsü də bankın xarici maliyyə təşkilatları ilə əlaqəsi varsa, oradan müəyyən vəsaitlərin alınması hesabına formalaşmasıdır.
Apardığımız təhlil göstərir ki, kreditlərin 70%-ni insanların qoyduqları əmanətlər təşkil edir. Necə olur ki, bank 9-10%-lə əmanət qəbul edir, amma 30-35%-lə kredit verir?! Açıq deyirəm, Azərbaycanda kredit faizinin yüksək olması, məhz həmin 1,4 mlrd. manat kredit borcunun yaranmasına səbəb olub və bu, bizi narahat edir".
Parlamentdə iclas keçirib, bank rəhbərləri ilə birgə müzakirələrin aparılmasını təklif edildiyini vurğulayan V.Əhmədov deyib ki, xüsusilə bu ilin fevralında baş verən devalvasiyadan sonra banklarda ciddi problemlər yaranıb: "Açıq şəkildə bildirim ki, həmin vaxt bir gecədə 20-30 mln. manat ziyan edən banklar var. Bir sözlə, ölkədə kredit problemi var və bunu hamı bilir. Bunun üzərində hazırda iş gedir və çalışacağıq ki, kredit faizləri aşağı düşsün, kredit hamı üçün əlçatan olsun".