İqtisadiyyat (12-08-2015, 15:42)
Dolları niyə gücləndirirlər?
"Çinin öz milli valyutası olan yuanı ABŞ dollarına nəzərən təqribən 2% həddində ucuzlaşdırması təkcə bu ölkə üçün deyil, bütövlükdə dünya iqtisadiyyatı üçün də gərəkli və düzgün atılmış addım sayılır".
Mediatv.az bildirir ki, bu sözləri iqtisadçı ekspert Pərviz Heydərov deyib.
Onun sözlərinə görə, əslində, Çin hökuməti sözügedən addımı bu ilin əvvəlində atmalı idi. Çünki ölkənin ixracatı artıq xeyli müddət idi ki, yaxşı vəziyyətdə deyildi.
"Düzdür, ötən müddət ərzində adı çəkilən ölkənin mərkəzi bankı olan Xalq Bankı tərəfindən ixracın dəstəklənməsi üçün çox addımlar atılmış və müvafiq işlər görülmüşdü. Lakin yuanın ucuzlaşdırılması bütün bunlardan vacib idi. Çünki dolların birtərəfli qaydada möhkəmlənməsi dünya iqtisadiyyatının aparıcı ölkələrini böhrana və iflasa sürükləyir... Bunun müqabilində digər valyutaların dəyərlərinin sabit saxlanması isə iqtisadi aktivliyi günbəgün öldürməkdədir. Bu isə rəqabətqabiliyyətliliyin heçə enməsi deməkdir. Hansı ki, bu sahədə dünyada əsas "söz sahibi" Çindir", - o əlavə edib.
Onun sözlərinə görə, dünya iqtisadiyyatının hazırkı vəziyyətinin müşahidəsi belə deməyə əsas verir ki, ABŞ iqtisadiyyatının 2008-2010-cu illər böhranından sonra zirvəyə doğru irəliləyişinin qarşısını yenə yalnız məhz Çin iqtisadiyyatı və onun tezliklə sabitləşməsi ala bilər.
"Avropa İttifaqı (Aİ) ölkələrinin iqtisadiyyatı həmişə gizli və aşkar ABŞ iqtisadiyyatının yedəyində gedib. Cari ilin mart ayından məlumdur ki, avronun da dəyərinin ucuzlaşdırılması siyasəti yeridilir. Lakin Aİ üçün Yunanıstan "yarası" Vaşinqtonun lehinə işləməkdədir. Odur ki, yuanın ucuzlaşdırılmasını Çin hökumətinin ABŞ-a qarşı bir növ iqtisadi ultimatumu kimi də dəyərləndirmək olar. Bu, ilk növbədə sözügedən ölkənin öz bazarına sabitlik gətirməklə yanaşı, dünya iqtisadiyyatına da təsir göstərəcək. Çində iqtisadi sabitlik bərpa olunmasa, Aİ iqtisadiyyatı böhrandan çıxa bilməyəcək, ABŞ-da hazırki iqtisadi irəliləmə isə gec-tez istər-istəməz "yoxuşla" üzləşəcək".
Ekspert deyib ki, ABŞ-ın mərkəzi bankı olan Federal Rezerv Sistemi də xeyli müddətdir ortaya atdığı baza faiz dərəcəsini artıracağı söhbətini bundan sonra çətin ki, "dilə gətirsin". Dünyada valyutalar müharibəsi yeni alov əldə edir... Bu dəfə vəziyyət açıq müstəviyə keçir...