İqtisadiyyat (28-09-2022, 13:30)
Bakıda 5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı keçirilir
Sentyabrın 28-də Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) açılış mərasimi keçirilib.
“Mediatv.az” “AzərTAc”a istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan dövlətinin yüksək vəzifəli şəxsləri, AMEA-nın elmi-tədqiqat institutlarının rəhbərləri, 70-yə yaxın ölkəni, o cümlədən müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssislər iştirak ediblər.
GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan tədbirin əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.
Konfransda AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov çıxış edərək Azərbaycanın Avro-Atlantik məkana inteqrasiya olunması istiqamətində dövlətimiz tərəfindən uzun illər ərzində ardıcıl və məqsədyönlü siyasətin həyata keçirildiyini, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığın tarixindən bəhs edən akademik bu əlaqələrin hüquqi əsasının 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulduğunu, 2004-cü ildən başlayaraq Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə yeni bir mərhələnin başladığını diqqətə çatdırdı.
Akademik A.Həşimov dünyada baş verən Dördüncü Sənaye İnqilabı nəticəsində bütün fəaliyyət istiqamətləri kimi, elm və təhsil sahələrinin də yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib: “Azərbaycan dövləti ölkəmizdə Dördüncü Sənaye İnqilabı texnologiyalarının geniş və effektli tətbiqi ilə bağlı bir sıra addımlar atmaqdadır. Hesab edirəm ki, Azərbaycanın Avropaya inteqrasiyası baxımından bu texnologiyaların imkanları mühüm əhəmiyyət kəsb edir”.
Alimin sözlərinə görə, “EaPEC 2022” Azərbaycan elmi ictimaiyyətinin Avropa mühitinə inteqrasiyasını sürətləndirməklə yanaşı, azərbaycanlı alimlərə xarici həmkarları ilə birgə tədqiqatlar aparmağa, layihələr həyata keçirməyə və beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək.
Çıxışının sonunda akademik A.Həşimov belə bir nüfuzlu konfransın ölkəmizdə keçirilməsinin Avropa İttifaqının Azərbaycan dövlətinə və onun apardığı siyasətə etimadının göstəricisi olduğunu deyib.
Tədbirdə çıxış edən GEANT-ın baş direktoru Erik Hayzer “EaPEC 2022” konfransının Azərbaycan elmi və təhsilinin inkişafı baxımından geniş imkanlar açdığını vurğulayıb, konfransın yüksək səviyyədə təşkilinə görə İnformasiya Texnologiyaları İnstitutuna, eləcə də digər müvafiq qurumlara dərin minnətdarlığını ifadə edib.
O, Azərbaycan dövlətinin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, alim və tədqiqatçılarımızın Avropanın elm və təhsil sahəsindəki resurs və xidmətlərindən daha səmərəli istifadəsinin təmin edilməsi istiqamətində lazımi kömək göstərməyə hazır olduğunu bildirib.
E.Hayzer konfrans çərçivəsində iştirakçı ölkələrdən olan xüsusi ekspertlərin müxtəlif mövzulara dair məruzələrinin dinləniləcəyini, həmkarlarla mühüm məsələlər üzrə təcrübə və fikir mübadiləsinin aparılacağını diqqətə çatdırıb.
Konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov Prezident İlham Əliyevin elm, təhsil və yüksəkixtisaslı, savadlı kadrların hazırlığı istiqamətində yürütdüyü siyasətdən danışıb. Bildirib ki, məhz bu sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində artıq Azərbaycanda dünyanın nüfuzlu qurumlarının təşkilatçılığı ilə beynəlxalq elmi tədbirlərin keçirilməsi ənənəvi hal alıb.
Nazir müavini bu tədbirin Azərbaycan elmi və təhsilinin inkişafı üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb, dünyada sürətlə inkişaf edən informasiya texnologiyalarının ölkəmizin elm və təhsil sistemi qarşısında yeni tələblər qoyduğunu deyib. O, belə bir nüfuzlu tədbirin keçirilməsinin Şərq Tərəfdaşlığı ölkələri arasında elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi və gücləndirilməsi baxımından son dərəcə vacib olduğunu qeyd edib.
“EaPConnect” layihəsi çərçivəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədilə təşkil olunan, e-elm və e-infrastruktur məsələlərinin müzakirə olunacağı “EaPEC 2022” konfransının ölkəmizdə keçirilməsi Azərbaycan elminin inkişafına mühüm töhfələr verəcək”, – deyə nazir müavini əlavə edib.
F.Qurbanov “EaPEC 2022”nin həm də Azərbaycan elmi və təhsilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından geniş imkanlar açacağına əminliyini söyləyib.
Konfransın açılış mərasimində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov da çıxış edib. O, Şərq Tərəfdaşlığı ölkələrinin informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayaraq tədbirin Azərbaycan elmi və təhsilinin dünyanın müvafiq sahədə fəaliyyət göstərən nüfuzlu qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində yeni imkanlar açacağına inamını ifadə edib.
Nazir müavini Samir Məmmədov Prezident İlham Əliyevin elm və təhsilin inkişafına xüsusi diqqət ayırdığını, son illər müvafiq sahədə ciddi nailiyyətlər əldə olunduğunu, Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndiyini vurğulayıb.
“İki gün ərzində konfransda təqdim olunacaq məruzələr, aparılacaq müzakirələr, şübhəsiz ki, Azərbaycan və Avropa ölkələri arasında elmi əlaqələrin daha da yaxınlaşması və genişlənməsinə ciddi təkan verəcək”, - deyə Samir Məmmədov fikrini tamamlayıb.
Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov da çıxış edib. O, “EaPEC 2022” konfransının elmi-texniki kadrların hazırlanması və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın təşkili, birgə elmi tədqiqatların həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılması, Azərbaycanda əldə olunmuş mühüm elmi nailiyyətlərin Avropa ictimaiyyətinə təqdim olunması baxımından son dərəcə əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Sonra Şərq Tərəfdaşlığı ölkələri ilə rəqəmsal və iqtisadi əməkdaşlıq üzrə proqram meneceri Tibault Şarlet tədbirin əhəmiyyətindən danışıb. Azərbaycanın elmi-tədqiqat müəssisələri, ali təhsil qurumları və müvafiq dövlət təşkilatlarının diqqətinin bu konfransa cəlb olunmasını yüksək qiymətləndirib, tədbirin Şərq Tərəfdaşlığı ölkələri arasında əlaqələrin yüksələn xətlə inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Tibault Şarlet konfrans ərzində müxtəlif mövzularda səmərəli müzakirələrin aparılacağına, gələcək üçün yeni elmi tədqiqatlar və layihələrin əsasının qoyulacağına ümidvar olduğunu deyib.
Daha sonra “EapConnect” layihəsinin meneceri İrina Metyu Şərq Tərəfdaşlığı ölkələri arasında elm, təhsil və tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan “EaPEC 2022” konfransının əhəmiyyətindən söz açıb. İnformasiya Texnologiyaları İnstitutunun Avropanın elm və təhsil layihələrinə qoşulması üçün yaradılmış şəraiti yüksək qiymətləndirən İ.Metyu institut ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduqlarını söyləyib.
İ.Metyu Azərbaycanın elmi-tədqiqat müəssisələri, ali təhsil qurumları və müvafiq dövlət təşkilatlarının konfransda fəal iştirakının vacibliyini vurğulayaraq, tədbirin beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirmək baxımından da geniş imkanlar yaradacağına inandığını qeyd edib.
Konfransda AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev də çıxış edib. Akademik Azərbaycanın 2009-cu ildə Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünə qoşulan ölkələrdən biri olduğunu, bu tərəfdaşlıq çərçivəsində ölkələri və institutları ilə müxtəlif sferalarda əməkdaşlıq münasibətləri qurduğunu söyləyib.
Alim Azərbaycanın 2010-cu ildən GEANT Assosiasiyasında İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsi vasitəsilə təmsil olunduğunu deyib.
R.Əliquliyev Azərbaycanda “EaPConnect” layihəsinə 2015-ci ildən start verildiyini xatırladaraq ötən müddət ərzində bu layihə çərçivəsində həyata keçirilmiş mühüm işləri diqqətə çatdırıb, Avropa Komissiyasına, GEANT və “EaPConnect” layihəsinin menecerlərinə göstərdikləri dəstəyə görə dərin minnətdarlığını bildirib.
“Ölkəmizin elm və təhsil ictimaiyyəti “EaPConnect” layihəsinin imkanlarından daha çox yararlana bilərdi”, - deyən AMEA-nın vitse-prezidenti Azərbaycanda alimlərin, müəllimlərin, tələbələrin qarşısında duran əsas problemlərdən söz açıb, ölkəmizin elm və təhsil ictimaiyyətinin dünya elminə daha sürətli inteqrasiyası istiqamətində konkret təkliflər irəli sürüb.
Akademik iki gün ərzində konfransda elm və təhsil üçün mühüm əhəmiyyət kəsb edən, qlobal çağırışlar və rəqəmsal transformasiyalar kontekstində məruzələrin təqdim olunacağını deyib, beynəlxalq tədbirin işinə uğurlar arzulayıb.
Konfrans işini seksiya iclasları ilə davam etdirib.