Hadisə (6-12-2014, 18:50)
Azərbaycanda müğənninin vurduğu 10 yaşlı uşaq öldü
Cəlilabad rayonunun Günəşli kəndində 8 gün əvvəl azyaşlı 3 piyadanın vurulması ilə nəticələnən qəzada xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.
“Mediatv.az” xəbər verir ki, bu barədə Report-a Cəlilabad Rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, qəza zamanı yaralanan piyada - 10 yaşlı İsmayıl Allahverənov dünən Bakıda müalicə aldığı xəstəxanada ölüb.
Şöbədən o da bildirilib ki, hadisə ilə bağlı piyadaları vuran avtomobilin sürücüsü Vidadi İsmayılov barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Qəza ilə bağlı avtotexniki ekspertizanın rəyi məlum olandan sonra sürücünün həbs edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətiriləcək.
Dünyasını dəyişən İ.Allahverənovun 14 yaşlı bacısı Ruhəngiz Allahverənovanın vəziyyəti isə qənaətbəxşdir.
Qeyd edək ki, sürücü V.İsmayılov müğənnidir.