Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, eləcə də, qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.
Bu barədə Unikal.org-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Mütəllim Xəlilov saxlanılıb. Onun üzərindən qurudulmuş marixuana, yaşadığı kəndin dağlıq sahəsindən satmaq məqsədi ilə əkib-becərdiyi 94 ədəd çətənə kolu aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq Mütəllim Xəlilovun yaxın əlaqələri də yoxlanılıb və onun tanışları - Gəncə şəhər sakini Yusif Orucov və həmyerlisi Əbülfəz İsmayılovun da saxlanılması təmin edilib. Baxış zamanı Yusif Orucovdan 7 ədəd kibrit qutusunda satmaq məqsədi ilə qablaşdırılan marixuana aşkar edilib. Əbülfəz İsmayılov ətrafında keçirilən əməliyyat tədbiri zamanı isə onun Şəmkir ərazisində meşə zolağında gizlətmək məqsədi ilə torpağa basdırdığı və evində saxladığı 4 ədəd odlu silah, o cümlədən “AKM” və “AKS” markalı avtomatlar, 1 ədəd “TOZ-16” markalı karabin, 1 ədəd “MP-155” markalı ov tüfəngi, həmin silahlara məxsus 2 ədəd sandıqça və 36 ədəd patron aşkar olunaraq götürülüb.
Baş İdarənin əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhərində həyata keçirilən növbəti əməliyyat nəticəsində isə Gəncə şəhər sakini Novruz Verdiyev narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən və yaşadığı evdən ümumi çəkisi 32 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 23 kiloqram 435 qram heroin, 6 kiloqram 400 qram tiryək, 2 kiloqrama yaxın metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Novruz Verdiyev ifadəsində şəxsiyyəti hələlik istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının sifarişi ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyini bildirib. Bu şəxs narkotik vasitələri paytaxt Bakı və bölgələrdə anket məlumatları istintaqla araşdırılan şəxslərə çatdırmaqla realizə olunmasını təşkil etməli imiş.
Baş İdarə əməkdaşlarının Abşeron rayonunda həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Masazır qəsəbəsində yaşayan Elmin Quliyev saxlanılıb. Onun üzərinə baxış zamanı 2 kiloqram 415 qram heroin, 3 kiloqram 145 qram metamfetamin 470 qram tiryək, 3 ədəd elektron tərəzi və 4400 ABŞ dolları məbləğində saxta pul əskinasları aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində həyata keçirilən sonuncu əməliyyat tədbiri zamanı isə paytaxt sakini Hümmət Səlimanov saxlanılıb.
Belə ki, Binəqədi qəsəbəsində yaşayan Hümmət Səlimanovun evinin zirzəmisində narkotik tərkibli bitkiləri əkib-becərdiyi barədə idarəyə əməliyyat məlumatı daxil olub. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və evin zirzəmisinə baxış zamanı orada yaratdığı istixanadan xüsusi qulluq edərək yetişdirdiyi ümumilikdə 103 ədəd çətənə bitkisinin kolları və şitilləri, eləcə də 850 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Hümmət Səlimanov ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində əkdiyini və onların yetişməsi üçün zirzəmiyə xüsusi olaraq su, istilik və havalandırma sistemi çəkdiyini bildirib.
Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən 62 kiloqramdan artıq narkotik maddə, o cümlədən 197 ədəd çətənə kolu, 4 ədəd odlu silah və 36 ədəd patron aşkar olunub.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.