Hadisə / Slayd (19-07-2014, 14:57)
Rektor-deputatın bankında dava düşdü
Bu gün saat 15-16 radələrində “Muğanbank”ın baş ofisində (Ə.Rəcəbli 21 b) dava düşüb.
Hadisə şahidlərinin Axar.az-a verdiyi məlumata görə, bir nəfər bankın ona olan borcunu ödəmədiyini deyərək, mühafizəçidən içəri buraxılmasını tələb edib. Bu zaman bankın mühafizəçisi ilə həmin şəxs arasında mübahisə dava səviyyəsinə qalxıb.
Hadisə yerinə gələn polis əməkdaşları ictimai asayişi pozduğuna görə şəxsiyyətini müəyyənləşdirə bilmədiyimiz vətəndaşı polis bölməsinə aparıb.
Xatırladaq ki, ötən həftə “Muğanbank”ın problemlərlə qarşılaşdığı və bağlanmaq təhlükəsi ilə üz-üzə qaldığı barədə məlumat yayılmışdı. “Muğanbank”ın özünə deyil, qohumlarına aid olduğunu bildirən Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev isə bankın hər hansı problemlə qarşılaşmasından xəbərsiz olduğunu Axar.az-a açıqlamasında söyləmişdi.