Hadisə (12-04-2014, 21:25)
Nəqliyyat qoçularından görünməmiş vəhşilik
Nazirlik işçiləri sürücünü döyüb, maşınını oğurlayıblar
"Mediatv.az" xəbər verir ki, Nəqliyyat Nazirliyinin “qoçu” dəstəsinin növbəti qanunazidd hərəkəti barədə AzNews.az-a məlumat daxil olub. Xəbərdə bildirilib ki, bu gün səhər saatlarında Binəqədi rayonu Xocahəsən qəsəbəsi ərazisində “Murad” şadlıq evinin qarşısında sürücü ilə Nəqliyyat Departamentinin əməkdaşlarının arasında xoşagəlməz hadisə baş verib. Hadisənin təfərrüatı haqda danışan şahidlər bildirib ki, magistral yolla hərəkət edən 99 BV 970 dövlət nömrə nişanlı “Mercedes-Bens” markalı avtomobil mülki geyimli şəxslər tərəfindən saxlanıb. Həmin adamlar sürücüdən onları da hərəkət etdiyi istiqamətə aparmalarını xahiş edib.
Avtomobilə əyləşəndən sonra isə bu şəxslər Nəqliyyat Departamentinin əməkdaşları olduqlarını deyərək, sürücüdən taksi fəaliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutulan sənədləri tələb ediblər. Sürücü isə taksi fəaliyyəti ilə məşğul olmadığını, işlə bağlı “Sədərək” ticarət mərkəzinə getdiyini söyləsədə, buna məhəl qoyan olmayıb.
Yaranan mübahisə zamanı sürücü döyülüb, əl nahiyyəsinə isə xəsarət yetirilib. Sonra isə sürücü avtomobilindən bayıra atılıb. Nəqliyyat Departamentinin əməkdaşı kimi özlərini təqdim edən həmin şəxslər isə avtomobili naməlum istiqamətə aparıblar.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verən sürücü Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə dəvət edilib.
Şahidlər hadisə yerində kameranın olduğunu da bildiriblər.