Hadisə (20-01-2016, 16:15)
"Azərenerj"nin 250 əməkdaşı ixtisar edildi
"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) kütləvi ixtisarların aparıldığı və ixtisara düşən işçilərə kompensasiya ödənilməməsi barədə bəzi KİV-də yayılan məlumatlara münasibət bildirib.
Mediatv.az-a “Azərenerji” ASC-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, son illər həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində enerji sistemi yenidən qurulub və modernləşdirilib, maddi-texniki baza müasirləşdirilib.
"Bu zaman yeni və müasir texnika və texnologiyalar tətbiq edilib ki, bu da hər bir işçidən müvafiq biliklər, yüksək peşə hazırlığı tələb edir. Səhmdar cəmiyyətin tabeçiliyində olan müəssisələrdə çalışan, lakin ixtisas və bilik səviyyəsi bu tələblərə cavab verməyən 250 nəfərədək işçi ilə ötən ilin sonunda başa çatan əmək müqaviləsinin müddəti uzadılmayıb, onların hər birinə, mövcud əmək qanunvericiliyinə əsasən, müvafiq kompensasiya ödənilib.
“Azərenerji” ASC ixtisas və bilik səviyyəsi enerjisistemin müasir texnoloji tələblərinə və idarəetmə prinsiplərinə cavab verən mütəxəssislərin müsabiqə əsasında işə qəbulunu davam etdirir", - deyə məlumatda bildirilir.