Hadisə (16-12-2015, 20:16)
İtkin düşənlərin axtarışı üçün Xəzəryanı ölkələrdən icazə alınıb
“Fövqəladə Hallar Nazirliyinin aviasiya parkında olan təyyarə və vertolyotlar “Günəşli” yatağında baş verən qəzada itkin düşənlərin axtarışını davam etdirir”.
Mediatv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsinin bort texniki mayor Etibar Nəzərov deyib.
E. Nəzərov bildirib ki, Aviasiya Dəstəsinin rəisinin göstərişinə əsasən, hər gün havanın işıqlı vaxtında 4 vertolyot və bir təyyarə itkin düşmüş neftçiləri axtarır.
“Axtarış geniş miqyasda davam etdirilir. Xəzəryanı ölkələrdən də axtarış üçün müvafiq icazə alınıb . Azərbaycan sərhədlərindən kənarda – Xəzərin Türkmənistan, İran, Rusiya və Qazaxıstana aid hissəsində də itkin düşənlərin axtarışı aparılır”, – deyə mayor qeyd edib.
Qeyd edək ki, dekabrın 4-də “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş verən qəza nəticəsində 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb. İtkin düşənlərin axtarışına FHN-in, DSX-nın, Dövlət Dəniz Administrasiyasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin gəmiləri cəlb olunub.