Hadisə / Slayd (6-10-2015, 15:29)
Jurnalistin qızı 22-ci polis bölməsində zorakılığa məruz qalıb
“Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədlinin qızı Nuray Məmmədli sükan arxasında olarkən (99 EG 405 Hyundai Accent markalı avtomobil) tanımadığı orta yaşlı qadın sürücünün (10 LJ 946 Kia Carens markalı avtomobilin sahibəsi) söyüş və təhqirlərinə məruz qalıb.
Mediatv.az-ın məlumatına görə, hadisə dünən saat 19.50 radələrində R.Behbudov və 28 may küçələrinin kəsişməsində baş verib. Belə ki, naməlum qadın sürücü küçədən ötənlərin gözü qarşısında hücum çəkərək jurnalistin qızını heç bir səbəb olmadan ağır söyüşlərlə təhqir etməyə, maşınını təpikləməyə başlayıb və öldürəcəyi ilə hədələyib. Ətrafda olan taksi sürücüləri də bu mənzərənin şahidi olublar. Qəflətən baş verənlərdən qorxub həyəcanlanan Nuray Məmmədli ərazi üzrə Nəsimi RPİ-nin 22-ci polis bölməsinə qaçıb sığınaraq qanun keşikçilərindən imdad istəyib. Növbətçi polisə baş verənləri nəql edən zaman isə ora rütbəsini yadında saxlamadığı başqa bir polis zabiti yaxınlaşıb. Bu zaman iş vaxtı hansı vəziyyətdə olduğunu bilmədiyimiz “qanun keşikçisi” gənc xanıma qarşı olduqca kobud və təhqiramiz rəftar göstərib. Artıq polis bölməsindəkilərdən əlini üzən zərərçəkmiş “Onda mən 102-yə zəng vurub baş verənləri danışacağam”, deməsindən sonra həmin polis zabiti onun üzərinə şığıyaraq təhqiramiz ifadələrlə əlindəki telefonu qapıb alaraq yerə çırpıb. Gözünü qan örtmüş “cəmiyyət keşikçisi” bölməyə sığınıb dərdini anlatmaq istəyən qızı ikinci dəfə şiddətə məruz qoyub. Polis zabiti telefonu yerə çırpıb gənc qızı təhqir etdikdən sonra da sakitləşməyib və onu tutub möhkəm silkələyərək divara çırpıb. Bu zaman gənc xanım zərbənin təsirindən huşunu itirərək yerə yıxılıb. Vəziyyətin pis olduğunu görən polis əməkdaşları “103” xidmətinə zəng edərək təcili yardım çağırıblar. Nuray Məmmədli huşsuz vəziyyətdə “Semaşko” xəstəxanasına yerləşdirilib. Və burada da gənc xanım diqqətsizliklə, başdansovdu yanaşmayla üzləşib. Həkimlər bu işdə polis barmağının olduğunu bildiklərindən boyunlarına düşən vəzifəni bir kənara atıb zərərçəkənin xəsarətlərini belə qeydə almaqdan yayınıblar.
Baş verənlər polisdə hələ də yerində olmayan adamların çalışmasının bir daha isbatıdır, bu gün cəmiyyətin güvənc yeri olan polisimizin adına qara bir ləkədir. Bu şərəfli peşəni şərəflə daşıyanların ünvanına ağır bir təhqirdir. Polis bölməsində Azərbaycan qadınına – gənc qıza qarşı edilənlər, ünvanına polis zabiti dediyimiz həmin şəxsin nəinki polis rütbəsinə, hətta Azərbaycan kişisi adına yaraşmayan çirkin və vicdansız bir hərəkətdir. Vətəndaşların inam və arxa yeri sandığı polis bu cür “zabitlərə”görə inam və etibarını itirir. Vəzifəsi zərəzçəkmişi-şikayətçini dinləyib, yol göstərmək, ölçü götürmək olan polisimiz isə nəinki, vəzifə borcunu yerinə yetirib, əksinə, gənc qıza fiziki güc nümayiş etdirərək onu xəstəxanalıq edir. Azərbaycan qadınına qol nümayişi göstərərək onu həm fiziki, həm də psixoloji zərbə altında qoyub vətəndaşı yuxarı orqanlara şikayətə sürükləmək dövlətçiliyimizə zərbə deyilmi? Görəsən, həmin zabitin hadisə baş verən saatda içkili, yaxud uyuşdurucu təsiri altında olmadığına kim zəmanət verə bilər?
Vəzifəsi bizləri qorumaq olan polisimiz - biz sənə öz övladlarımızı - qızlarımızı, ana-bacılarımızı etibar edib, güvənə bilərikmi? Niyə daxili işlər naziri cənab Ramil Usubovun, Baş prokuror Zakir Qaralovun zəhmətini yerə vurursunuz? Sizi hansı cəzanın gözlədiyini bilirsinizmi?
Mövzu diqqətimizdədir. Bizi izləyin.
Xaliq