Hadisə (6-08-2015, 14:24)
Üç kəndə yanğın düşdü - FOTO
Qazaxda bir gündə 350 hektara yaxın ərazi yanıb.
Rayonun Cəfərli, Aslanbəyli, Dəmirçilər kəndində alovlanan sahələr kəndliləri xeyli həyəcanlandırıb. Kəpəz TV (Region TV) xəbər verir ki, hər üç kəndə Qazax YMH-nin avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Ərazinin çox olması yanğınsöndürənlərin işini çətinləşdirsə də alovu axşam saatlarına yaxın ram etmək mümkün olub. Hadisə zamanı Dəmirçilər və Aslanbəyli kəndlərində 275 hektar biçilmiş taxıl sahəsi alışıb. Alov şiddətləndiyindən Aslanbəyli kənd sakininə məxsus 8 ton ot bağlamasının 4 tonu da yanaraq yararsız hala düşüb. Düşmənlə sərhəd olan Cəfərli kəndində isə bələdiyyə məxsus 60 ha quru ot və kol-kos yanıb. Adıçəkilən kəndə baş verən yanğın şiddətlənib meşəlik əraziyə yaxınlaşsa da alovun qarşısını almaq mümkün olub. Çətinliklə də olsa yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Hər üç kənddə baş verən yanğın zamanı xəsarət alan olmayıb.