Şəhid Elton Əkbərovun qızı Könül Əkbərovanı “JEEP” markalı avtomobillə 17 yaşlı Rəhim Rəhimovun vuraraq öldürməsi ilə bağlı yeni məqamlar üzə çıxır. Əldə etdiyimiz məlumata görə, biznesmen oğlu olan R.Rəhimovu atası həbsdən azad etmək üçün məhkəmə ilə də ”anlaşıb”.
Yada salaq ki, 3 uşaq anası olan K.Əkbərovanı 2017-cu il, noyabrın 8-də, 19:30-da Bayraq meydanı yaxınlığında “JEEP” markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobil vurub. Sürücü qadını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. 3 uşaq anası olan qadın hadisə yerində keçinib. K.Əkbərovanın anası Bəsti Qədimovanın mətbuata israrlı müraciətlərindən sonra Rəhim Rəhimov saxlanılıb.
Qəzadan ötən 20 gün ərzində hüquq mühafizə orqanları şəhidin həyat yoldaşına sürücünü müəyyən edə bilmədiklərini deyirdilər. Bu haqda şəhidin həyat yoldaşı demişdi ki, istintaqçılar sürücünün yaşadığı ünvana gedirlər, valideynləri övladlarının harada olmasından xəbərsiz olmasını söyləməklə qapıdan geri qaytarır. Mətbuatda şəhid xanımının müraciətlərindən sonra Rəhim Rəhimovun yeri bilindi və o, saxlanıldı. Avtosfer.az xəbər verir ki, mərhum K.Əkbərovanın yaxınlarının Criminal.az saytına verdiyi məlumata görə, R.Rəhimovun işi hazırda məhkəmədədir. Hazırlıq iclası olub və sabah baş tutacaq məhkəmə baxışında R.Rəhimovu həbsdən azad edəcəklər. Buna səbəb kimi isə təqsirləndirilən şəxsin 17 yaşının olması, eyni zamanda mərhumun anası B.Qədimovanın sürücünü bağışlaması və onlar arasında barışıq olmasıdır.
Mənbənini məlumatına görə, B.Qədimova qızını maşınla vurub öldürən Rəhimi hansısa təzyiq və ya maddi köməklə deyil, onun anasının olmamasına görə bağışlayıb və Türkiyəyə köçüb. Hazırda isə qızının ölümünə dözməyən ananın vəziyyəti pisləşib, və qardaş ölkədəki xəstəxanalardan birində reanimasiya şöbəsinə yerləşdirilib.
Bu arada Criminal.az xatırladır ki, hadisədən sonra iddialar vardı ki, hazırda şəhidin ailəsi ilə onu vuranlar arasında vasitəçilər var. Təhlükəsiz şəhər kameralarından çıxarış şəhidin ailəsinə təqdim olunub. Həmin videodan məlum olur ki, qəzadan sonra hadisə yerinə Səbail rayon Polis İdarəsinin əməkdaşları gəlib. Onlar 17 yaşlı sürücü Rəhim Rəhmovu öz maşınlarına qoyaraq hadisə yerindən aparıblar. Polislər R.Rəhimovu polis idarəsinə deyil, digər istiqamətə aparıblar. Bunu qəzadan sonrakı 20 gündə müstəntiqin R.Rəhimovu istintaqa cəlb edə bilməməsi də təsdiqləyir. Belə ki, mərhumun anası mətbuata açıqlamalarında bildirmişdi ki, müstəntiq 20 gündür ki, qızının ölümünə səbəb olan qəzanı törədən sürücünü tapıb dindirə bilmir.
Belə bir halda sual ortaya çıxır, şəhid qızını vuran sürücünü polislər hadisə yerindən hara aparıblar? Məqsədləri onu hadisə yerindən qaçırmaq olub? Ortada bir cinayətin ört-bastır edilməsindən, Səbail RPİ-nin yol patrul xidməti əməkdaşlarının iştirakı haqda çox ciddi məlumatlar var. Daxili işlər Nazirliyinin rəhbərliyi, daxili təhqiqatlar idarəsi bu qəzadan dolayı ortaya çıxan sualların ətrafında araşdırma aparmalı, biznesmen oğlunu hadisə yerindən qaçıran polis əməkdaşlarının məsuliyytə məsələsini müəyyən etməlidir. İşi araşdıran müstəntiqin qərarından da görününür ki, hadisədən sonra R.Rəhimov hadisən qaçırılıb.
Məlumat üçün bildirək ki, R.Rəhimovun atası A.Rəhimov 2010 və 2015-ci ildə keçirilən parlament seçkiləri zamanı namizədliyini irəli sürüb. Aktiv seçki kampaniyası aparan A.Rəhimov qalib gəlmək şansları olsa da, qəfil namizədliyini geri çəkib.
Bilinən odur ki, A.Rəhimov “Yeganə Mamed” kimi tanınan, uzun illər “Yeganə” şadlıq sarayını işlədən Mamed Rəhimovun qardaşıdır. M.Rəhimovun yaşadığı problemlər üzündən 2011-ci ildə ölkədən getdiyi də bildirlir. A.Rəhimovun 2015-ci ildə seçicilərə müraciətindən qeydləri təqdim edirik: “50 saylı Abşeron-Qobustan seçki dairəsindən Azərbaycan Respublikasinin Milli Məclisinə deputatlığa namizəd Rəhimov Akif Şəmiddın oğlu 1969-cu il may ayının 17-də Qərbi Azərbaycanın Göyçə mahalında fəhlə ailəsində anadan olmuşdur. Ali təhsilli hüquqşünasdır. Rəhimov Akif Şəmiddin oğlu 1995-1998 ci illərdə Rusiyanın Sankt-Peterburq, Moskva şəhərlərində sahibkarlıqla məşğul olub. 1998-ci ildən Azərbaycana qayıdıb, çoxşaxəli sahibkarlıq fəaliyyətini davam etdirib. Hazırda Rəhimov Akif Şəmiddin oğlu “Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədridir.
Qeyd edək ki, mərhum piyada K.Əkbərovanın anası Bəsti Qədimova demişdi ki, qızını vuran sürücünün idarə etdiyi maşın da daxil olmaqla, 3-4 maşın Salyan şosesində yerləşən “Manqal” restoranına gedirmişlər: “Bunlar dövlətlilərin uşaqları olub, ad gününə, yeyib-içməyə gedirmişlər. Qəzanı törədib və maşını orada qoyaraq qaçıb. Qızıma yardım etməyiblər, xəstəxanaya aparmayıblar”. Hazırda qəza ilə bağlı Səbayel Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müstəntiq Vüqar Abbasov istintaq aparır.
Bu arada Criminal.az şəhid qızını öldürən sürücünün fotolarını əldə edib. Bundan başqa istintaq zamanı R.Rəhimovun hadisə yerindən qaçmadığını təqsdiq edən videogörüntüləri əldə edib. Həmin görüntülər hadisə yerinə gəlmiş yol patrul xidməti avtomobilnin kamerası ilə çəkilib. Sabah həmin görüntüləri də oxuculara təqdim edəcəyik.