Gündəm (25-02-2016, 16:53)
"İlham Əliyevin İrana səfəri tarixi hadisədir"- Səfir
“Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərini tarixi hadisə adlandırmaq olar”.
Mediatv.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin jurnalistlərə açıqlamasında deyib.
Diplomatın sözlərinə görə, səfər çərçivəsində 11 sənəd imzalanıb: “Xüsusilə gömrük sahəsində imzalanmış sənədi vurğulamq istərdim. Sənəd iki ölkənin özək sektorları arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək. Bundan başqa, Astara-Astara və Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirlməsi barədə sənədi qeyd etmək yerinə düşər. Bu sənəd iki ölkə arasında ticarət əlaqələrini genişləndirəcək.
Bundan başqa Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri zamanı hər iki ölkə başçısının verdiyi tapşırığa müvafiq olaraq, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidro qovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” sazişin mətninin razılaşdırılması başa çatdırılıb və imzalanıb. Bu sazişlərin imzalanması böyük bir hadisədir”.
İran səfiri qeyd edib ki, tərəflər Azərbaycana gələn İran vətəndaşları üçün viza rejiminin sadələşdirilməsini də müzakirə ediblər: “Ümid edirik ki, tərəflər cari ilin ortalarında bu məsələ üzrə razılaşma əldə edə biləcəklər”.
Səfir əlavə edib ki, imzalanan sənədlərdən əlavə tərəflər arasında aparılan müzakirələr də mühüm əhəmiyyət kəsb edir: “Hər iki tərəfin regional məsələlərdə fikirləri bir-birinə yaxın idi. Tərəflər terrorizmi regionun ən problemli məsələsi hesab edir və bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətli olduğunu bildirdilər. Yaxın Şərqdəki münaqişələr, xüsusilə Suriya məsələsində hər iki tərəf münaqişənin hərbi yolla həllinin olmadığını vurğuladı. Görüşdə Suriyanın taleyinin xalq tərəfindən həll olunmasının vacibliyi qeyd edilib. Münaqişə və problemlər seçki yolu ilə öz həllini tapmalıdır. Böyük dövlətlər Suriya xalqının seçiminə qarışmamalıdır”.
Diplomat, həmçinin əlavə edib ki, yaxın vaxtlarda iki ölkənin bank sektoru arasında əlaqələr genişləndiriləcək: “Gömrük rüsumlarının, yükdaşımalara görə rüsumların və digər xərclərin azaldılması ilə bağlı səmərəli danışıqlar davam etdiriləcək”.