Dünya (2-02-2022, 14:37)
“Rusiyanın ultimatumları hədə-qorxudan başqa bir şey deyil” – Pavlo Klimkin
Bu gün Qərb bloku, xüsusilə də ABŞ və İngiltərə Rusiya ilə kəllə-kəlləyə gələrək Ukraynanın müdafiəsinə qalxıblar. Əlbəttə, bu əsaslı müdafiə ola biləcəksə. Amma Avropadakı iri müttəfiqlər – Almaniya, Fransa və sair nəinki Rusiya ilə toqquşmaq istəmirlər, hətta rusların xətrinə dəyməsin deyə Ukraynaya silah-sursat belə vermirlər. Yəni NATO daxilində parçalanma var. Elə isə Ukrayna nə etməlidir, Rusiyanın boyunduruğunda yaşamalıdır, yoxsa Qərbə güvənib elə üzünü də Qərbə çevirməlidirmi, bəlkə ukraynalılar bir xalq olaraq şəhid verib, öz qanları bahasına azadlıqlarını qorumalıdırlar?
Ukraynanın keçmiş Xarici işlər naziri, tanınmış diplomat Pavlo Klimkin (Pavel Klimkin) bütün baş verənlərə şərh verərkən deyir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzi gec-tez reallaşacaq və hətta bu artıq baş verib.
- Amma heç bir halda Rusiya paytaxt Kiyevə və ya sərhədlərinə daha yaxın olan Xarkova hücum etməyəcək. Çünki Qərb Ukraynaya kömək edəcək.
- Qərbə ümid edirsiniz, amma Almaniya Ukraynaya adi silah belə vermədi...
- Almaniyanın öz səbəbləri var. Ola bilsin yaxın gələcəkdə belə tərəddüdlər göstərsin, amma ortamüddətli perspektivdə silah verəcək və ümumiyyətlə, qəti mövqe sərgiləyəcək.
- Bu yaxınlarda Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanının qalmaqallı açıqlamalarını yəqin ki, eşitmisiniz. Nə demək istəyirdi?
- Onun kimi fikirləşən almanlar çoxdur. Amma təəssüf edirəm ki, belə bir fikir sahibi vitse-admiraldır. Lakin bu o demək deyil ki, onlar Rusiya rejiminin və ya Putinin fanatlarıdır.
- Siyasi hərbi təbəqə çox dəstəkləyir, yoxsa siyasətçilər?
- Alman siyasətçilər daha çox dəstəkləyirlər, amma ehtiyatla. Məsələn, bugünkü üç partiyanın - Sosial Demokratlar, Liberallar və Yaşılların koalisiyasında ən azı ilk iki partiya Rusiyadan daha çox gəlir əldə edən və bundan sonra da Rusiyanı nəzərə alacaq iri və orta alman biznesinin maraqlarını təmsil edir. Krıma baxışa gəlincə, bir çox alman siyasətçilər və sıravi almanlar uzunmüddətli perspektivdə Krımın geri qaytarılacağına inanırlar. Hə, əlbəttə, qayıtmayacağını fikirləşənlər də az deyil. Üstəlik, bir çox alman xarici siyasəti ümumiyyətlə başa düşmür. Onlar üçün qonşu Fransa “böyük xarici ölkədir”. Bundan əlavə, İtaliya və Tailand var. Dünyanın qalan hissəsi isə televiziyada gördükləri bir şeydir. Bu həm də NATO və Avropa İttifaqına daxil olarkən qarşılaşacağımız reallıqdır. Ukraynanın Almaniyada “özünü reklam etməsi” lazımdır ki, bizi tanınıb nəzərə alsınlar.
- Uzun müddətdir Almaniyanı izləyən bir şəxs kimi, alman ictimai rəyi nə deyir? Xüsusən də son yeddi-səkkiz ildə...
- Orta yaşlıları və gənc nəsli götürsək, Rusiyanı dövlətini, rus rejiminin mahiyyətini anlamaqda, Putini başa düşməkdə sərsəm irəliləyiş var. Yəni müsbət dəyişikliklərin olduğu 100 faizdir. Baxmayaraq ki, Rusiya ilə danışmaq və nəticədə qazanmaq istəyi qalır, amma hər hansı simpatiya indi çox tez yox olur. Sosial Demokratlarla və Xristian Demokratların yürütdüyü siyasətə böyük ölçüdə nəzarət edən 55+ nəslin Rusiyaya böyük marağı var və onlar Rusiya haqqında fikir belə səsləndirir: "Gəlin onlarla danışaq. Düzdür, pisdirlər, Putin pisdir, Berlinin küçələrində insanları öldürüb. Rus casuslar hər yerdə var. Amma yenə də Rusiya bir reallıqdır. Ona görə də gəlin danışıqlara gedək, ən azından Rusiya reallığı əhəmiyyətini itirənədək. Bundan əlavə, bir çox almanlar - eləcə də amerikalılar - Rusiyanı iqtisadi və demoqrafik vəziyyətə görə tənəzzüldə olan ölkə hesab edirlər.
- Rusiya doğrudan da tənəzzülə gedir…
- Bəli, təkcə 2021-ci ildə doğumla ölüm arasında balans daha 400 min nəfər pisləşib. Bu Rusiya üçün böyük rəqəmdir. Almaniyada deyirlər ki, bu gün neft və qaz vacibdir, beş-səkkiz il sonra da vacib olacaq, amma 15 ildən sonra yox. Çünki Almaniyada texnoloji inqilab gedir, hətta qızdırıcı sistemlər də bərpa olunan enerji mənbələrinə keçirilir və 20 ildən sonra Rusiya qazı heç kimə lazım olmayacaq. Bu gün problem ondadır ki, Almaniyada hər iki mənzildən biri qazla qızdırılır. Avropa İttifaqına nəql olunan qazın 41 faizi Rusiyanın payına düşür. Ona görə də “gözləyək” deyirlər.
- Bir halda ki, fərqli fikirlər var, vitse-admiral qalmaqallı çıxışı mediada yer alan gün niyə işdən çıxarıldı?
- Çünki Almaniya hökuməti ABŞ-la həmrəylik nümayiş etdirmək istəyir. Berlin yaxşı bilir ki, onların “Şimal axını 2”yə “ilişmələri” artıq imiclərinə ciddi problem yaradır. Almaniyaya isə bu gün yersiz problemlər lazım deyil. Amma başqa səbəb də var. Almaniyada Rusiyanı getdikcə tənqid edən kiçik, lakin nüfuzlu siyasətçi və ekspertlər qrupu yaranır. Özü də onların səsi eşidilir və təsirli olmasalar da, diqqət çəkə bilirlər. Nəhayət, Almaniya mətbuatında Ukraynaya dəstək tendensiyası müşahidə olunur. Əvvəllər yalnız “Bild” Rusiyanı çox tənqid edirdi. Hansı ki, “Bild” 2,5 milyon tirajla və gündəlik 10-12 milyon izləyicisiylə çox məşhurdur. Bu gün isə bütün əsas qəzetlər Rusiyanı tənqid etməyə başlayıb və alman siyasətçilər buna göz yuma bilmirlər.
- Yadınızdadırsa, 2014-cü ildə “Spiegel” və digər KİV-lər Ukrayna haqqında qəbuledilməz fikirlər yazmışdılar...
- O vaxt sadəcə ətalət hökm sürürdü. Almaniyada 2014-2015-ci illərdə bir çox jurnalist mahiyyətinə varmadan necə gəldi yazırdı. İndi isə tədricən rus rejiminin mahiyyətini anlamağa başlayıblar. Başa düşürlər ki, Kreml dünya sistemini yenidən ağalıq sferalarına bölməyə çalışır. Bundan əlavə, keçmiş Varşava Müqaviləsi Təşkilatına üzv ölkələr də daxil olmaqla, mövqeyinin həlledici olduğu sahələri müəyyən etmək istəyir. Eyni zamanda, çinlilər buna baxır və öz təsir dairələrini yaratmaq istəyirlər və bu, Asiyanın yarısı, Afrikanın yarısı, demək olar ki, bütün Latın Amerikası deməkdir.
- Təbii ki, bu da ABŞ-ın xoşuna gəlmir...
- Bu gün çinlilərin dünyada dominant qüvvəyə çevrilməsi üçün real şanslarının olması Amerikalıların xoşuna gəlmir. Almanlar isə bu reallıqda oyalanmaq istəyirlər. Bu da qismən biznes maraqları, qismən də alman cəmiyyətindəki əhval-ruhiyyə ilə əlaqədardır. Almanlar üçün nəyinsə uğrunda mübarizə aparmalı olduqlarını izah etmək çox çətindir. Avropada “Nə qədər insan öz ölkəsini müdafiə edəcək?” deyə soruşduqda, həmişə ən aşağı göstərici almanlarda olur. Hollandlar, danimarkalılar, italyanlar, fransızlar namusdan, vətənpərvərlikdən danışa bilirlər, almanlar isə həmişə 12-14 faiz təşkil edir. Alman cəmiyyəti hər şeyin möhtəşəm olduğuna, heç nəyi müdafiə etməyə ehtiyac olmadığına alışıb.
- Niyə Merkel Ukraynaya silah vermədi, hətta digər müttəfiqlərin də silah tədarükünün qarşısını aldı?
- Merkel amerikalıların iştirakı olmadan vəziyyətin həllinə ümid edirdi. Amerikalılar Merkelə ən azı üç dəfə müxtəlif formatlar və fərqli yüksəliş variantları təklif ediblər. Obama və məsləhətçiləri, o cümlədən Syuzan Rays tərəfindən şəxsən təklif edilib. Lakin Merkel cavab verib ki, Normandiya formatının daha effektiv olacağına əmindir. Silah təchizatı məsələsinə gəldikdə, bunun bir səbəbi alman cəmiyyətinin təhrif edilmiş pasifist xarakteridir. O təhrif olunur, çünki almanlar milyardlarla avroluq silahı Səudiyyə Ərəbistanına və ya Asiyaya tədarük edə bilir, burdan-bura Ukraynaya vermir. Başa düşürük ki, bununla Putinin mümkün reaksiyasından çəkiniblər. Bu isə fəlakətdir, çünki almanlar 1948-ci ildən dərs götürməyiblər. O vaxt SSRİ Qərbi Berlinin blokadasına başladı, lakin Müttəfiqlər ruslara qarşı çıxdılar və şəhərə lazım olan hər şeyi hava yolu vasitəsilə təmin etdilər. Nəticədə SSRİ təslim oldu və blokadanı qaldırdı. Stalinlə Putin çox fərqlidir, lakin bəzi məqamlarda mövqeləri üst-üstə düşür.
- Merkelin gedişindən sonra nə dəyişdi?
- İndi biz Almaniyadan hər hansı təşəbbüsün və real rəhbərliyin olmadığını görürük. Hamı öyrənib ki, Merkel, telefonu götürür, gündə 28 dəfə zəng edir, harasa səfərə gedir, 18 saat danışıqlar aparır və sair. Almaniyanın yeni kansleri Olaf Şolts da danışıqlar aparmağı bacaran, çox iti zehni olan, xarici siyasətə, koalisiyanın maraqlarına, eləcə də Almaniyanın biznes maraqlarına diqqət yetirən çox bacarıqlı insandır. Odur ki, biz alman biznesini Ukraynaya gətirmədikcə, Avropa real inteqrasiya olmayacaq. Yəni, almanlar Ukraynaya yerləşməyincə, RWE enerji infrastrukturu ilə məşğul olana, alman şirkətləri ölkəmizin iqtisadi sferasına daxil olanadək, alman bankları Ukraynadakı kredit resurslarının onlara pul gətirdiyini başa düşənədək, real Avropa inteqrasiyası baş verməyəcək. Alman mentaliteti belə işləyir. Onlar Ukraynada nəyi itirib, nəyi qazanacaqlarını bilmək istəyirlər. Ona görə də Vladimir Zelinski üçün hazırda Almaniya ilə bağlı bir nömrəli problem silah təchizatı deyil. Hazırda həll edilməli olan əsas meqa vəzifə alman biznesinin Ukraynada genişləndirməkdir.
- Bu, silah təchizatı və təhlükəsizliyin qorunmasını, yəni NATO-ya gedən yolu bağlaya bilər?
- Onsuz da Avropa İttifaqına gedən yol mütləq deyil, NATO-ya üzvlük məsələsi isə böyük siyasi oyundur. Putin hazırda Avropa ölkələri ilə danışıqlar aparır ki, NATO ilə bağlı irəliləyişimizə səs verməmək üçün öz üzərilərinə gizli öhdəlik götürsünlər.
- Sizcə, Rusiyanın ultimatumu ilə bağlı danışıqlar nəyə gətirib çıxaracaq?
- Güzəştlər olacaq, amma ultimatum qoyduğu məsələlərdə yox. Rusiyanın ultimatumları hədə-qorxudan başqa bir şey deyil. Bu gün əhval-ruhiyyə elədir ki, əsas məsələlərdə heç kim bizə xəyanət etməyəcək. Lakin, məsələn, NATO-ya və Üzvlük Fəaliyyət Planına doğru irəliləyişimizdə, NATO infrastrukturunun yerləşdirilməsində, Ukrayna üçün təlim imkanlarının, informasiya mübadiləsinin keyfiyyətcə genişləndirilməsində və digər işlərdə fasilə olacaq. Digər məsələ ondan ibarətdir ki, Ukrayna əslində bu bloka can atmır. Biz NATO haqqında çox danışırıq, amma istəmirik. Axı elə şeylər var - Təhlükəsizlik Xidmətində islahatlardan tutmuş, Silahlı Qüvvələrin maddi-texniki bazasının yenidən qurulmasına qədər - bunlar haqqında NATO deyir: "Əgər istəsən, bunu kifayət qədər uzun müddətdə edə bilərsən". Bu, onlar üçün əsl tərəqqinin başlayıb-başlamadığının göstəricisidir.
- Rusiyanın NATO-nun ölkənizə gəlməsindən əndişəsi var. Gələrsə, NATO hansı infrastrukturu yerləşdirməyi planlaşdırırdı? Bu arada, Ukrayna raket istədi, lakin heç kim bu haqda düşünmədi…
- Hesab edirəm ki, yaxın və ya orta perspektivdə ərazimizə heç bir raket yerləşdirilməyəcək. İnfrastruktur dedikdə söhbət raketlərdən deyil, NATO bazalarından, texniki vasitələrdən, hava və dəniz limanlarından, birgə silah istehsalından gedir. Əslində, bizim NATO ilə əməkdaşlıq üçün bir çox variantımız var və onların bəziləri demək olar ki, reallaşıb. Amma Moskvanın da atacağı addımlar var. Məsələn, Venesuela və Kubada raketlərini yerləşdirəcəyini deyir, hansı ki, bu heç vaxt baş verməyəcək. Əvəzində Rusiya qoşunlarının tamhüquqlu kontingentinin, o cümlədən hücum silahları və hipersəs raketlərinin Belarusda yerləşdirilməsi məsələsi ciddi şəkildə nəzərdən keçirilir. Bu, Putinin açıq şəkildə danışdığı qondarma “hərbi-texniki cavab”ın bir hissəsidir. Raketlərin Belarusla yanaşı, Rusiyanın şimalında və Qafqazda da yerləşdirilməsi planlaşdırılır.
- Bu təhlükə Qərbin Kremlin tələb etdiyi sazişi imzalaması, o cümlədən Ukraynanın NATO-ya qoşulmaması üçün kifayət edir?
- Heç kim elə bir müqavilə imzalamayacaq. Reallıqda bu danışıqlar dünyanın yeni geosiyasi strukturunu axtarır. Raketlərdən, strateji silahların yerləşdirilməsi və onlara nəzarətdən, adi silahlara nəzarətin mümkün bərpasından danışırlar - bu razılaşma əvvəllər Rusiya tərəfindən pozulub, avropalılar isə sadəcə yuxudadırlar.
- Rusiya isə buna getməyəcək və əgər yeni saziş olacaqsa, Rusiya onu yerinə yetirməyəcək…
- Rusiya bunu NATO-ya yeni üzv dövlətlərin ərazisinə nəzarət imkanının müqabilində edərdi, amma bunu əldə etməyəcək.
- Ümumiyyətlə, Ukraynanın NATO-ya üzvlük perspektivini necə görürsünüz?
- Biz çox yaxşı bilirik ki, ruslar Ukraynadakı AES-lərin idarə olunması, bütövlükdə enerji sistemimiz, strateji infrastrukturumuz haqqında hər şeyi bilirlər. ABŞ isə belə bir hücuma tab gətirməyəcəyimizi anlayır. Bəli, ABŞ bizi Rusiyanın təsir dairəsinə salmayacaq. “İkinci Yalta” məsələsi bağlanıb. Bəs Putin NATO-ya irəliləyişimizi dayandırmaq üçün hücuma başlasa, bizi qoruyacaqlarmı? Məsələ bundadır.
- Axı bayaq “böyük hücumun” olmayacağını dediniz…
- Dedim ki, yaxın gələcəkdə olmayacaq. Hazırda müxtəlif hesablamalara görə, Ukrayna ətrafında 54-58 batalyon taktik qrupları (BTQ) var. Putin, hərbi ekspertlərin fikrincə, 1-3 həftə ərzində daha 20-30 BTG gətirə bilər sərhədə. Bu baş verərsə, Ukraynaya qarşı genişmiqyaslı əməliyyat reallaşacaq. Əvəzində indi real nöqtə təxribatları var və əgər Ukraynada sabitlik pozulacaqsa, Putin mütləq bu bəhanədən istifadə edəcək. Amma sərhədə topladığı silahlarla Ukraynanı işğal edə bilməz.
- Bəs Kiyevdə qarışıqlıq da yaradıla biulməz?
- Belarus üzərindən Kiyevə mümkün nöqtə hücumuna keçərsə, yeri gəlmişkən, Rusiyanın bu müstəvidə planları var, bəzi ekspertlər hesab edir ki, paytaxt düşərsə, ölkənin idarəetmə sistemi dağılacaq. Amma bunun baş verməsi üçün Kiyevdə genişmiqyaslı təxribat lazımdır. Bu, hər hansı bir şey ola bilər - məsələn, aksiyalar zamanı Rusiya vətəndaşlarına və ya ruslara hücum edilsin. Əminəm ki, bu ssenarilər hazırlanıb.
- Bunun baş verməməsi üçün Ukrayna nə etməlidir?
- Rusiyanın hücum təhlükəsi 2021-ci ilin mart ayından bəri artmaqdadır və biz o vaxtdan hərbi büdcəmizi bir qrivna da olsun artırmamışıq. Ona görə də tərəfdaşlarımız biz onlardan silah istəyəndə verirlər, amma eyni zamanda soruşurlar ki, bəs özümüz nə etmişik? Hücum təhlükəsinin tamamilə real olduğunu anlayaraq niyə silah alışını artırmadıq, dövlət səviyyəsində müdafiə sifarişi ilə məşğul olmadıq? Baxmayaraq ki, ərazi müdafiəsinin yaradılmasına başlanılması yaxşıdır. Hamımız deyirik ki, narahat olmayın. Razıyam, bu düzdür, Putindən narahat olmaq sonuncu şeydir. Amma “Bağdadda hər şey qaydasındadır” prinsipi daha keçmir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
Milli Kitabxanada “25 noyabr - Kəlbəcər şəhəri günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025

























