Dünya (25-10-2014, 21:02)
Misirli jurnalist Azərbaycanın Müstəqillik Günündən yazıb
Misirin “pensandbooks” portalında tədqiqatçı-jurnalist Əhməd Tarabekin Azərbaycanın Müstəqillik Günü ilə bağlı məqaləsi yerləşdirilib.
Ə.Tarabek müsəlman Şərqində ilk demokratik respublikanın 1918-ci il mayın 28-də Azərbaycanda yaradıldığını yazıb. Hələ o zaman qadınlara seçib-seçilmək hüququ verən respublikanın Azərbaycan olduğunu vurğulayan müəllif, eyni zamanda, Bakı Dövlət Universitetinin müsəlman Şərqində ilk universitet sayıldığını qeyd edir.
Müəllif, həmçinin xalq cümhuriyyətinin süqutunun səbəblərini də oxucuların diqqətinə çatdırır.
1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu qeyd edən Ə.Tarabek torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu, BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı dörd qətnaməsinin indiyədək təcavüzkar ölkə tərəfindən yerinə yetirilmədiyini vurğulayır. Müəllif 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Azərbaycanın davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu, demokratik dövlət quruculuğunun sürətləndiyini, “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkənin yeni neft strategiyasının uğurlarını oxucuların diqqətinə çatdırır.
Bu gün Azərbaycanın Şərq ilə Qərb arasında körpü rolu oynadığını, özünün neft və qaz ehtiyatlarını boru kəmərləri vasitəsilə dünyaya ixrac etdiyini, habelə ötən on il ərzində yoxsulluq həddinin 49 faizdən 5 faizə düşdüyünü, ölkə iqtisadiyyatının üç dəfə, təhsil, səhiyyə və digər sosial sahələrə dövlət xərclərinin on dəfə artdığını bildirən Ə.Tarabek yeni Azərbaycanın daha da inkişaf edəcəyini yazır.