Alkoqollu içkilərin gərginliyi və yorğunluğu aradan qaldırılması ilə bağlı fərziyyələri nəzərə alsaq, belə düşünmək olar ki, gərgin iş rejimində işləyən dünya liderləri, siyasətçilər üçün içki içməyə həmişə bəhanə var. Digər tərəfdən rəsmi və qeyri-rəsmi qonaqların qəbulu, ziyafətlər də qədəhləri bir-birinə vurmaq üçün ən yaxşı bəhanələrdən biridir. Bəs liderlər hansı içkiyə daha çox üstünlük verirlər?
Modern.az saytı bununla bağlı kiçik araşdırmanı təqdim edir.
Böyük Britaniyanın baş naziri Devit Kameron tünd pivələrə üstünlük verir. Baş nazirin ən çox sevdiyi pivə 1759-cu ildən Londonda istehsal olunan “Ginnes” pivəsidir.
Fransa prezidenti Fransua Olland öz ölkəsində istehsal olunan şərabı yüksək qiymətləndirir. “Fransa şərabının ətri məni heyran edir” deyən prezident rəsmi qəbullarda, ailəsi və dostları ilə birgə əlamətdar günləri qeyd edəndə yerli şərab içməkdən zövq alır.
Rusiya prezidenti Vladimir Putin alkoqollu içkilərə münasibətdə öz xalqının zövqü ilə uyğunlaşa bilmir. Arağın daha çox istifadə olduğu Rusiyada prezident pivəyə üstünlük verir. Almaniyaya səfəri zamanı bu ölkənin istehsal etdiyi pivənin dadına baxanda Putin spirtli içkilər arasında pivəni yüksək qiymətləndirib.
Rusiyanın baş naziri Dmitri Medvedev öz gərginliyini və yorğunluğunu çıxarmaq üçün şərab içməyi məqsədəuyğun sayır. Baş nazir 2011-ci ildə alkoqolizmə qarşı mübarizədə, daha tünd içkilərdən, xüsusilə araqan uzaqlaşmaq üçün şərabdan istifadə etməyi təklif edib.
Almaniya kansleri Angela Meklerin ziyafətlərin birində xidmətçinin səliqəsizliyi ucbatından kürəyinə bir dolu bakal pivənin tökülməsinə baxmayaraq, siyasətçi xanın içkilər sırasında pivəyə daha çox üstünlük verir.
Çinin sabiq dövlət başçısı Xu Tszintao istirahət vaxtlarında şərab içməkdən zövq alır. 2011-ci ildə Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olarkən Barak Obamanın Çin liderinə verdiyi ziyafətdə süfrəyə qoyulmuş şərabın qiyməti səhərisi gün 115 dollardan 350 dollara qalxıb.
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç alkoqol içkilər sırasında arağa üstünlük verir. Eks-prezident birinci qədəhdən sonra “zakuska” etməyi sevmir və hətta bunu jurnalistlərə nümayiş etdirməkdən də çəkinməyib. Yəqin ki, o öz ənənəsini prezidentlik dövründən sonra davam etdirmək arzusundadır.
Ermənistan prezidenti Serj Sarkisyan nədənsə dünyanın ən “məşhur” içkisi saydıqları erməni konyakına yox, daha çox arağa üstünlük verir. Onun ən çox sevdiyi araq Rusiyanın “Elit alko” şirkəti tərəfindən istehsal olunan “Yuri Dolqorukiy” arağıdır.
İlham Cəmiloğlu
|