Dünya (11-09-2014, 22:46)
ABŞ dövlət katibi sabah Türkiyəyə səfərə gələcək
ABŞ dövlət katibi Con Kerri qlobal və regional məsələləri müzakirə etmək üçün sabah Ankaraya səfərə gələcək.
Mediatv.az ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumatında bildirilir.
“ABŞ dövlət katibi Con Kerri sentyabrın 12-dən 13-dək Türkiyədə səfərdə olacaq. Ali qonaq xarici işlər naziri Mövlud Çavuşoğlu, daha sonra isə prezident Rəcəb Tayyip Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə danışıqlar aparacaq”, deyə məlumatda bildirilir.
Tərəflər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını, ikitərəfli münasibətlərin aktual mövzularını, regional və qlobal problemləri müzakirə etmək niyyətindədir.
Qeyd edək ki, hazırda Con Kerri “İslam Dövləti” qruplaşmasına qarşı beynəlxalq koalisiya yaratmaq məqsədi ilə Yaxın Şərq ölkələrinə turneyə start verib.