Dünya (30-06-2014, 23:18)
Gələn həftə Urmiya gölünün bərpasına başlanılacaq
Gələn həftədən etibarən Urmiya gölünün bərpası üçün zəruri tədbirlər görülməyə başlanacaq. “Radiofərda”nın verdiyi məlumata görə, İran prezidenti Həsən Ruhani iyunun 29-da bununla bağlı sərəncam imzalayıb. Sənədə əsasən, Urmiya gölünün xilası üçün işçi qrupunun üzvlərini müəyyənləşdirib, onlara zəruri tədqiqatlar aparmaları, mümkün problemləri öyrənmələri və hövzənin bərpası işinin həyata keçirilməsini sürətləndirmələri tapşırılıb. İran prezidenti deyib ki, Urmiya gölü hazırkı vəziyyətində tərk edilməməlidir: “Hökumət hövzənin yenidən bərpa olunması üçün zəruri xərcləri ödəmək məqsədilə lazım olan vəsaiti təmin etməyə hazırdır”.
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. İran rəsmiləri hazırda hövzənin yalnız 7 faizində su qaldığını və 8 milyard ton duz olduğunu bildirirlər. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər. Mayın 5-də İran, BMT-nin İnkişaf Proqramı və Yaponiya arasında Urmiya gölünün bərpası məqsədilə müqavilə imzalanıb. Belə ki, rəsmi Tokio Urmiya gölünün bərpası bu məqsədlə bir milyon dollar ayırıb. Layihənin 2015-ci ilin fevralınadək başa çatdırılması nəzərdə tutulub.
Yeri gəlmişkən, bir neçə il öncə BMT-nin İnkişaf Proqramının Asiya və Okeaniya regionu üzrə ofisinin rəhbəri Havlinq Şo Urmiya gölünə baxış keçirib. İRNA-nın verdiyi məlumata görə, H.Şo daha sonra İranın Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadətlə görüşərək göldəki böhranın araşdırılmasının vacib olduğunu bildirib: “Hazırda Urmiya gölünün bərpası üçün 20-25 milyard kubmetr suya ehtiyac var. Bu gün ərazidə istehlakla su ehtiyatı arasında tarazlıq pozulub. İran hökuməti və Qərbi Azərbaycan vilayəti tərəfindən regionun sosial-iqtisadi inkişafı və Urmiya gölündəki problemin həlli istiqamətində atılan addımların araşdırılması səfərimin əsas məqsədlərindəndir”.