Dünya (23-07-2015, 11:52)
Davudoğlu əsəbiləşdi
"Bəsdir, siyasəti qanla çirkləndirməyin"
Türkiyənin baş naziri Əhməd Davudoğlu iki gün əvvəl Surucda baş vermiş terror hadisəsi ilə siyasi dividend əldə etməyə çalışan HDP rəhbərliyinə əsəbiləşib.
Baş nazir HDP-nin ünvanına kəskin fikirlər səsləndirib. AKP-nin keçmişində terror olmadığını deyən Davudoğlu "Siyasəti qanla çirklətdiyiniz yetər!" - deyə qeyd edib.
"Terror təşkilatı ilə əlaqələri ortada olduğu halda gənc bədənlər üzərində siyasi mənfəət əldə etməyə çalışanlara səslənirəm. Bəsdir, siyasəti qanla çirkləndirməyin. AKP-nin keçmişində terror, silah, cinayət şəbəkələri ilə əməkdaşlıq yoxdur. Gedin millətin qarşısında hər cür silaha, terrora qarşı olduğunuzu elan edin, sonra başqalarına dərs verməyə çalışın".
Türkiyə baş naziri heç bir şəkildə terrora qarşı güzəştlərinin olmadığını deyib.
"Bir şeyi uca millətimizə və bütün dünyaya təkrar elan edirəm. İŞİD və oxşar terror təşkilatları əsla hədəflərinə çata bilməyəcəklər. Türkiyə Cümhuriyyəti hökuməti olaraq indiyə qədər olduğu kimi bundan sonra da terrorla mübarizədə heç bir güzəştimiz olmayacaq".
"Bizim üçün terrorun da, terrorçunun da yaxşısı yoxdur" deyən Davudoğlu hər yerdə terror lənətinin qarşısında olacaqlarını deyib: "2007-ci ildə Ulusda, 2008-ci ildə Güngörendə, 2013-cü ildə Reyhanlıda, 2015-ci ildə Diyarbəkirdə nə hiss etmişiksə, bu gün də eyni hissləri keçiririk. Biz əlində silah ilə, bomba ilə qətliam törədənlərə dünən terrorçu dediyimiz kimi, bu gün də terrorçu deyirik".
Baş nazir həm Şanlıurfada, həm də terror hücumunda şəhid olan əsgər Müsəllim Ünalın cənazəsində eyni mövqeyi nümayiş etdirdiyini deyib:
"Allahdan şəhidimiz üçün rəhmət diləyir, vüqarlı duruşu ilə hər birimizin qibtə etdiyi ailəsinə başsağlığı verirəm. Bölgəmizdə baş verən böhran və xaosa baxmayaraq Türkiyənin istiqrarsızlığa sürüklənməsinə izn verməyəcəyik. Türkiyə olaraq bir çox dəfə bu cür təxribatlara məruz qaldıq və millətimizin sağlam düşüncəsi ilə çirkli planları boşa çıxardıq. Bu gün də birlik və bərabərliyimizlə asayişimizi və sabitliyimizi pozan bu təxribatın qarşısını alacağıq".
Xatırladaq ki, iki gün əvvəl gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar olduğundan ölü sayının çoxalacağı istisna olunmur.
Kamikadze hücumunun İŞİD terror təşkilatının üzvü olan 18 yaşlı qız tərəfindən törədildiyi bildirilsə də bu istiqamətdə araşdırmalar davam edir.
Mediatv.az