Dünya (1-06-2015, 17:34)
"İnsanlar çarəsiz vəziyyətdədir, yaşaya bilmirlər"-Erməni ekspert
“Ermənistan barıt çəlləyidir. Bir çox həll olunmayan daxili problemlərin olduğu ölkənin vətəndaşları yenidən fəallaşmaq və öz narazılığını ifadə etmək üçün yalnız bir qığılcım gözləyirlər”.
Mediatv.az xəbər verir ki, bu sözləri Ermənistan “1in.am” saytında siyasi ekspert Musa Mikayelyan yazıb.
Onun sözlərinə görə, yayın gəlməsi siyasi proseslərin heç də payız aylarına qədər təxirə salınacağı anlamına gəlmir: “Ermənistanda ilin fəslindən asılı olmayaraq ictimai əhvali-ruhiyyə yüksəkdir. İnsanlar çarəsiz vəziyyətdədir, yaşaya bilmirlər, öz uşaqlarını geyindirə, yedirə, sağlamlıq problemləri həll edə bilmirlər. İnsanlar buna görə də siyasi proseslərə fəal reaksiya verirlər”.
Erməni ekspert qeyd edir ki, payızın ortalarından başlayaraq əhali vəziyyətin bütün ağırlığını üzərində hiss edəcək. Mikayelyan qeyd edir ki, hakimiyyət real və sistematik addımlar atmasa, Ermənistanda siyasi proseslər məhz ictimai əhvali-ruhiyyələrin diktəsi ilə baş verə bilər.
“Beləliklə, Ermənistanda ictimai sakitlik və ya laqeydliyin fonu olduqca nisbi və aldadıcıdır. Cəmiyyətin hazırkı məyusluğuna elektrik enerjisinin bahalaşması ilə əlaqədar vətəndaş fəallığı da əlavə olunarsa, Ermənistan hakimiyyəti üçün ciddi təhlükə yarana bilər”, - erməni ekspert sonda yazıb.