Dünya (13-03-2014, 23:37)
Yanukoviç bir gün İlham Rəhimovun otelində gizlənib
Ukraynanın devrilmiş prezidenti Moskvanın milyarderlər məhəlləsində 56 milyon dollara ev alıb.
“Mediatv.az” xəbər verir ki, Ukraynanın devrilmiş prezidenti, özünü hələ də qanuni dövlət başçısı adlandıran Viktor Yanukoviçin Rusiyaya qaçması və sığınacaq alması ilə bağlı yeni sensasion faktlar məlum olub. Bu gün “Sobesednik” qəzeti Yanukoviçin Rusiyaya nə vaxt keçdiyini və harada qaldığını yazıb. Qəzetin əldə etdiyi informasiyalara görə, Yanukoviç Moskvaya fevralın 25-nə keçən gecə təyyarə ilə gəlib. Təyyarənin Ukrayna, yoxsa Rusiya ərazisindən havaya qalxdığı məlum deyil.
Əvvəlcə qalmağa yeri olmayan Yanukoviç prezident Vladimir Putinin tələbəlik dostu olmuş azərbaycanlı milyarder İlham Rəhimova və onun yəhudi ortaqları Zarah İliyevlə Qod Nisanova məxsus “Ukrayna” otelində (“Radisson Royal”) qalıb.
Fevralın 25-nə keçən gecəni oteldə qalan Yanukoviç daha sonra Rusiya prezidentinin İşlər İdarəsinin balansında olan “Barvixa” sanatoriyasına yola düşüb. Orada bir sutkadan artıq qalmayıb və həmin müddətdə Moskva ətrafında özünə yeni iqamətgah seçməklə məşğul olub.
Qəzet yazır ki, Yanukoviçə uzağa getmək lazım gəlməyib. O, “Mayndroff qəsri” kimi də tanınan, prezident Putinin xarici qonaqları qəbul etdiyi “Barvixa” iqamətgahından cəmi bir kilometr məsafədə özünə yeni iqamətgah tapıb.
Viktor Yanukoviç iqamətgahın alınmasını sürətlə rəsmiləşdirib və artıq fevralın 26-da o, rəsmi olaraq Moskva ətrasında yeni mülkün sahibi olub.
Bu informasiyanı ilk dəfə fevralın 27-də “Yaşıllar alyansı-Xalq partiyası”nın mərkəzi Şurasının sədri Oleq Mitvol Twitter bloqunda yazıb. “Yanukoviç indi Moskvaətrafı sakinidir... Və hava da Kiyev havasıdır. Ukraynalı qaçqın qardaşlarımızı dünən Barvixa qəsəbəsində 52 milyon dollara ev almaları münasibətilə təbrik edə bilərik. Rublyovkaya eşq olsun!” - deyə O.Mitvol yazıb.
O.Mitvol yazıb ki, Barvixa qəsəbəsi əvvəlcə eyniadlı sanatoriyanın ərazisinə daxil olub, hazırda isə xüsusi mülkiyyətdə olan ərazidir. Ərazi vaxtilə qanunsuz şəkildə özəlləşdirilib və oliqarxlar orada mülklər tikdirib.
“Sobesednik”ə məlumat verən mənbə deyib ki, Yanukoviç Rostovda birinci mətbuat konfransı keçirəndən iki gün əvvəl Moskva ətrafında mülk sahibi olmuşdu. “O, axşamlar yeni evinin ərazisində cığırlarla gəzir və özünü evdəki kimi hiss edir. Onun rəfiqəsini isə Rublyovsk-Uspensk şossesində yerləşən “Dream House” ticarət mərkəzində görmək olar. O, hər gün ora ərzaq dalınca gedir” - deyə mənbə bildirib.
Məlumatlara görə, Yanukoviçin məşuqəsinin adı Lyubov Polejaydır. O, Yanukoviçin şəxsi aşpazı Nadejda Marintsevanın bacısıdır. Əvvəlcə Lyubov Yanukoviçin yanında sadə ofisiant işləyib, lakin son bir neçə ildə onunla birlikdə Kiyev ətrafındakı “Mejiqorye” iqamətgahında yaşayıb.
Oleq Mitvol deyir ki, “Mejiqorye” iqamətgahı Yanukoviçin, daha doğrusu, onun adından çıxış edən Ukrayna vətəndaşlarının Moskva ətrafında aldığı yeni evlə müqayisədə zövqsüzlük nümunəsidir. “İndi onun doğrudan da yaxşı evi var, ingilis üslubunda tikilmiş üçmərtəbəli evdir. Əvvəlki sahibi il yarım idi ki, onu sata bilmirdi, hətta 35 milyona verməyə hazır idi. Lakin gözlənilmədən istədiyi qiyməti - 52 milyon dolları verməyə hazır olan müştəri tapıldı” - deyə Mitvol bildirib.
O, evin əvvəlki sahibinin adını açıqlamayıb, lakin məlum olub ki, söhbət erməni əsilli rusiyalı biznesmendən gedir.
Yanukoviçin evinin yerləşdiyi “Mayndroff bağları” adlanan kottec qəsəbəsinin sakinləri leqal, yaxud qeyri-leqal milyarderlərdir. Orada evlərin qiyməti 100 milyon dollara qədər qalxır. Milyarder Roman Abramoviçin qayınatası Aleksandr Jukov, Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan, “Rosneft”in keçmiş prezidenti Sergey Boqdançikov da bu qəsəbədə yaşayır.
Elit yaşayış kompleksinin ərazisində cəmi 50-yə yaxın mülk var. Ərazi güclü mühafizə altındadır. Qəzet yazır ki, Rusiyadakı nüfuzlu azərbaycanlıların da biri həmin qəsəbədə mülk sahibidir və həmin mülk Yanukoviçin yeni evi ilə qonşudur. Virtualaz.org