Dünya (5-04-2015, 17:57)
Qəzzada Pasxa qeyd edildi
Bu gün bütün dünyada katolik xristianları Pasxa bayramını qeyd edir.
Əsas Pasxa ayinlərindən biri Yaxın Şərqdə, 2000 il əvvəl İsa Peyğəmbərin zühur etdiyi yer hesab edilən Vifleem şəhərində keçirilib.
Katolik zəvvarlar Müqəddəs Xilaskar kilsəsinin yerləşdiyi əraziyə toplaşıblar. Xristianlar məhz həmin yerdə İsa Peyğəmbərin çarmıxa çəkildiyinə, dəfn edildiyinə və zühur etdiyinə inanırlar. Bundan başqa, İsa Peyğəmbərin anadan olduğu təpədə tikilmiş Doğuluş Kilsəsində də Pasxa ayini keçirilib.
Pasxa bayramı Qəzza zolağında da qeyd edilir. Qəzza zolağında yaşayan katolik xristianları bu günü Qüds və İordan çayının Qərb sahilinə Pasxa ziyarəti etməklə keçiriblər. Xristianlar Erez sərhəd-keçid məntəqəsindən keçərək, İsrail ərazisinə daxil olublar. Qəzzalıların Pasxa ziyarəti zamanı təhlükəsizlik tədbirləri gücləndirilib.
İraq xristianları da Pasxa bayramını qeyd edirlər. İŞİD və ordu arasında Mosul və ətraf ərazilərdə gedən döyüşlərdən qaçıb kürdlərin Ərbil şəhərinə sığınan İraq xristianları bayramı köçkün statusu ilə qeyd etməli olublar. Onlar Ərbildəki Müqəddəs Cozef kilsəsində keçirilən Pasxa ayininə qatılıblar.
Pravoslav xristianları isə Pasxanı fərqli təqvimə əsasən, aprelin 12-də qeyd edəcəklər.