Dünya (7-09-2024, 09:43)
Putinin Zəngəzur planı: Şifrələr açılır - İNCƏLƏMƏ
Prezident Vladimir Putinin avqustun 18-19-da Azərbaycana səfərindən sonra İranla Rusiya arasında ciddi fikir ayrılığı yaranıb.
Buna səbəb Rusiyanın Zəngəzur dəhlizinin açılması istiqamətində təşəbbüslə çıxış etməsidir. İran isə Vladimir Putinin bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla apardığı müzakirələri özünün regional maraqlarına zidd hesab edir.
Ona görə də son günlər İran mediası və siyasətçiləri Rusiyanı ittiham edən sərt fikirlər səsləndirir. İranın müxtəlif kütləvi informasiya vasitələrinin ayrı-ayrı siyasi dairələrə yaxın olduğunu nəzərə alsaq, Rusiyanı tənqid edən çıxışlar dolayısı ilə hakim rejimin mövqeyini əks etdirir.
Qeyd edək ki, Zəngəzur dəhlizi məsələsinin Azərbaycanla Ermənistan arasında imzalanacaq çərçivə sülh sazişindən çıxarılması və müzakirə üçün növbəti mərhələyə saxlanılması barədə razılaşmanın əldə edilməsindən sonra Tehran-Bakı münasibətlərində gərginliyin səngiməsi müşahidə olunurdu. Lakin Putinin Bakıya səfəri fonunda Zəngəzur dəhlizi mövzusunun yenidən aktuallaşması İranın siyasi istiblişmentində narahatlığa səbəb olub.
İranın xarici işlər nazirinin Avrasiya məsələləri üzrə baş direktoru Muctəba Dəmirçili sentyabrın 3-də Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovu qəbul edərkən ona ölkəsinin Cənubi Qafqazda beynəlxalq səviyyədə tanınmış sərhədlərin və status-kvonun dəytişdirilməsinə qarşı olduğunu deyib.
Bununla da diplomat Zəngəzur dəhlizinin açılması ilə bağlı Rusiyanın səylərinin İranın strateji maraqlarına zidd olduğunu çatdırıb.
Sentyabrın 6-da isə növbəti sərt bəyanat İranın xarici işlər naziri Abbas Əraqçidən gəlib:
“Regional sülh, təhlükəsizlik və sabitlik sadəcə üstünlük deyil, milli təhlükəsizliyimizin sütunudur. Qonşularımızın ərazi bütövlüyünə Şimaldan, Cənubdan, Şərqdən və ya Qərbdən hər hansı təhlükə və ya sərhədlərin dəyişdirilməsi İran üçün tamamilə qəbuledilməzdir və bu, “qırmızı” xətdir”, - deyə nazir bildirib.
Abbas Əraqçi Rusiyanın və Azərbaycanın ünvanına mesaj verərək Zəngəzur dəhlizinin İranın milli təhlükəsizliyi üçün təhdid hesab etdiklərini vurğulayıb.
İranlı nazir qeyd edilən açılama ilə ali rəhbər Ayətullah Seyid Əli Xameneyinin 2022-ci ildə Zəngəzur dəhlizi ilə bağlı verdiyi bəyanatı təkrarlayıb.
Cənubi Qafqazdan keçməklə Çinlə Avropa arasında nəqliyyat və ticarət əlaqəsini təmin edəcək marşrut yollarından kənarda qalmaq istəməyən İran Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır. Eyni zamanda, rəsmi Tehran Zəngəzur vasitəsilə Cənubi Qafqaza birbaşa quru yolla çıxış əldə edəcək Türkiyənin bu regionda geosiyasi təsirinin artmasından narahatdır.
Zəngəzur dəhlizi ilə bağlı Tehran və Moskva arasında yaranmış siyasi mübahisə anti-Azərbaycan mövqeyi ilə tanınan İranın Ermənistandakı səfiri Mehdi Sübhanini hərəkətə gətirib.
Səfir Zəngəzur dəhlizinn açılmasını arzulayan ölkələri hədələməkdən çəkinməyib:
“Bəzilərinin Ermənistanla bağlı müxtəlif adlar altında, o cümlədən qondarma dəhlizlə bağlı arzu və istəkləri reallaşmayacaq. Qonşularımızın ərazi bütövlüyü bizim “qırmızı” xəttimizdir”, - deyən Sübhani əlavə edib ki, iki ölkə arasındakı sərhəd sülh, dostluq, təhlükəsizlik və qarşılıqlı etimad sərhəddidir.
“Biz Ermənistanın ərazi bütövlüyünü, milli suverenliyini və müstəqilliyini təbliğ edirik. Ermənistan bizim səmimi qonşumuzdur. Biz bütün sahələrdə əməkdaşlıq etmək və əməkdaşlığı dərinləşdirmək əzmindəyik”, - deyə səfir bildirib.
İran rəsmilərinin xəbərdarlıq xarakterli bəyanatları həm Bakı, həm də Moskva ilə münasibətləri gərginləşdirə bilər. Yəni İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın və Rusiyanın İranla münadibətlərində baş vermiş narazılığın təkrarlanması ehtimalı var.
Xatırladaq ki, 2021-ci ildə İbrahim Rəisinin Prezident seçilməsindən sonra regionda yaranmış yeni geosiyasi reallıqları qəbul etməməsi və Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan 10 noyabr Bəyanatının 9-cu bəndinin tələblərini tanımaq istəməməsi Moskva və Tehran arasında diplomatik gərginliyə səbəb olmuşdu.
Lakin sonradan Rusiyanın diqqətinin Ukraynadakı müharibəyə yönəlməsi Zəngəzur mövzusunun Kreml üçün arxa plana keçməsinə səbəb oldu. Üstəlik, İranın Ukrayna cəbhəsində Rusiyaya hərbi dəstək verməsi münadibətlərin normallaşmasına gətirib çıxartdı.
Lakin Qərbin sanksiyaları ilə üzləşən Rusiyanın indi Azərbaycan üzərindən Asiya bazarlarına çıxmaq cəhdləri, o cümlədən Cənubi Qafqazdan keçən nəqliyyat və tranzit dəhlizini nəzarətə götürmək siyasəti İranın maraqlarına cavab vermir. Rusiyanın Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan və İran üzərindən Hind okeanına çıxış əldə etmək istəyi Tehran üçün çox əlverişlidir.
Amma bu dəlizin ikinci qolu olan Zəngəzur vasitəsilə Türkiyə və Yaxın Şərqlə əlaqə saxlamaq planı İranın etirazına səbəb olub. İranın Rusiyaya öz ərazisindən keçəcək və Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsini təmin edəcək “Araz” dəhlizindən istifadəni təklif edəcəyi istisna olunmur.
Rusiya isə Zəngəzur dəhlizinə daha çox maraq göstərir. Çünki 10 noyabr Bəyanatına əsasən Zəngəzurdan keçəcək nəqliyyat və kommunikasiya əlaqələrinin təhlükəsizliyini Rusiyanın Federal Təhülkəsizlik Xidmətinin sərhəd qoşunları təmin etməlidir. Yəni bu halda dəhliz Rusiyanın nəzarətinə keçə bilər.
“Araz” dəhlizində Rusiya bu imkandan məhrum olur. Son zamanlar ABŞ hərbçilərinin Zəngəzura yerləşdirilməsi isə Rusiyanı fəallaşdıran növbəti amil hesab oluna bilər. Moskva dəhlizə nəzarətin ABŞ-yə keçməsindən narahatdır. Çünki Rusiyanın Avropa bazarlarına çıxışını bloklayan ABŞ indi “Orta dəhliz”dən istifadəsini əngəlləməyə çalışır.
ABŞ Dövlət katibinin müavini Ceyms O’Brayen iyunun 27-də Azərbaycana səfəri zamanı Rusiyadan və Çindən yan keçməklə Mərkəzi Asiya ilə Avropa arasında ixracatın həyata keçirilməsində maraqlı olduqlarını demişdi. Yəni Zəngəzurda ABŞ və Rusiya arasında ciddi geosiyasi rəqabət müşahidə olunur.
ABŞ-nin Ermənistanda hərbi iştirakının artmasına susqun münasibəti də Rusiyanın Zəngəzur dəhlizinin açılmasındakı rolunu azaltmağa hesablanıb.
Lakin İrandan fərqli olaraq, Rusiya Qafqaz dövlətidir və bu bölgədə baş verən geosiyasi proseslərə geniş təsir imkanlarına malikdir. Cənubi Qafqazın təhlükəsizlik sistemi Rusiya ilə sıx bağlıdır. İranın öz şimal sərhədlərində bufer zona yaratmaq və bu regionda təsirini artırmaq səyləri iki əsrdir Rusiyanın, son illər isə Qərbin və Türkiyənin müqaviməti ilə qarşılaşıb.
Ona görə də İran Zəngəzur dəhlizinin açılmasında Rusiyanın qarşısını almaq gücünə malik deyil. Rusiyaya maneə yaradacaq əsas amil Ukraynadakı müharibə fonunda Qərbin və Türkiyənin Cənubi Qafqazda geosiyasi təsirinin artması özünü göstərə bilər. Bu mənada, Prezident Putinin Zəngəzur dəhlizi məsələsini yenidən gündəmə gətirməsi Vaşinqton platformasında Azərbaycan və Ermənistan arasında çərçivə sülh sazişinin imzalanmasını pozur.
Yəni Zəngəzur dəhlizi mövzusunun sonrakı mərhələyə saxlanılmasına dair əldə olunmuş razılaşma aradan qalxır və Putinin imzaladığı 10 noyabr Bəyanatının icrasının vacibliyi ön plana keçir.
Eyni zamanda, Rusiya tərəflərə idarə olunan sülh təklif edir. Ona görə də mövcud situasiyada Zəngəzur dəhlizinin açılmasında Rusiyanın kifayət qədər səmimi olduğuna şübhələr var.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024