Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderləri Səmərqənddə keçiriləcək sammitdə İran tərəfinin təşkilata qoşulması ilə bağlı öhdəliklər haqqında memorandum imzalayacaq, bundan sonra İran müvafiq öhdəlikləri yerinə yetirəcək və üzvlüyün tam şəkildə əldə olunması prosesini başa çatdıracaq.

"Unikal" xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində ŞƏT-in baş katibi Çjan Minq deyib .

O, həmçinin əlavə edib ki, Belarusun bu beynəlxalq təşkilata üzv dövlət statusu almaq üçün müraciəti fəal müzakirə olunur.

O, xatırladıb ki, İranın təşkilata daxil olması ilə bağlı qərar 2021-ci il sammitində qəbul edilib və bundan sonra lazımi prosedurlara başlanılıb.

İran və Belarusdan əlavə, ŞƏT-ə üzv, müşahidəçi dövlət və ya dialoq tərəfdaşı olmaq istəyən çoxlu ölkələr var.

“Yeni üzvlərin qəbulu ilə biz ümid edirik ki, ŞƏT regional təhlükəsizliyin və sabitliyin qorunmasında, ŞƏT-ə üzv dövlətlərin ümumi maraqlarının dairəsinin genişləndirilməsində, eləcə də qlobal idarəetmə sisteminin inkişafının təşviqində daha mühüm rol oynayacaq”, - deyə baş katib bildirib.