Cəmiyyət (6-05-2022, 13:45)
İqtisadiyyat Nazirliyi 127500 manata avtomobil alır-NONSENS
İqtisadiyyat Nazirliyinin”Tikinti-Təchizat Birliyi” MMC “Luxury Cars Baku” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 127500 manatlıq müqavilə bağlayıb İqtisadiyyat Nazirliyinin”Tikinti-Təchizat Birliyi” MMC-nin 29.04.2022-ci il tarixdə start götürən tender müsabiqəsinə bu gün-06.05.2022-ci il tarixdə yekun vurulub... Müsabiqənin qalibi “Luxury Cars Baku” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. Bu müqavilə ilə “Luxury Cars Baku” MMC İqtisadiyyat Nazirliyinin”Tikinti-Təchizat Birliyi” MMC-dən “Toyota” markalı “Avalon” modifikasiyalı minik avtomobili qarışılığında 127500 manat alacaq.
Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... İqtisadiyyat Nazirliyinin ”Tikinti-Təchizat Birliyi” MMC bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)
“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq tender sorğusu baş tutmadan, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də alınacaq mal barədə məlumat verilmədən...(?) İqtisadiyyat Nazirliyinin ”Tikinti-Təchizat Birliyi” MMC “Luxury Cars Baku” MMC ilə 127500 manatlıq müqavilə bağlayıb!
İqtisadiyyat Nazirliyinin ”Tikinti-Təchizat Birliyi” MMC həm də əməkdaşlığın təfərrüatını açıqlamır(?) Maraqlıdır ki, dövlət satınalma portalında da, müqavilənin predmeti, görüləcək işlərin nədən ibarət olacağı haqqında heç bir məlumat yoxdur(?) Baxmayaraq ki, dövlət qurumu olaraq şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək İqtisadiyyat Nazirliyinin ”Tikinti-Təchizat Birliyi” MMC-nin də, vəzifə borclarından biridir... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır. Həm də, nə az, nə çox söhbət dövlətin 127500 manatına minik avtomobili alınmasından gedir...
Məlum olduğu kimi, cənab prezident vaxtaşırı büdcə vəsaitinə qənaət edilməsinin vacibliyini bildirir. Hətta bu məqsədlə yerli istehsal məhsullarından-avtomobillərdən, mebellərdən və s. yararlanmağı da məmurlara tapşırıb...
***
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...
Elə isə sual olunur, İqtisadiyyat Nazirliyinin ”Tikinti-Təchizat Birliyi” MMC nədən bu qanunu “unudub” və müvafiq tender sorğusu baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlayıb? Hansı malın alınacağı haqqında da, heç bir məlumat açıqlamadan(?) Niyə görüləcək işin detalları açıqlanmır? Burada hansı bir istisna mümkündür ki? Və s.
Amma suallar bununla bitmir...Biz Yenixeber.org olaraq bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə hər iki tərəflə əlaqə yaratmağa çalışdıq. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu(?)
***
Xatırladaq ki, “Tikinti-Təchizat Birliyi” MMC 05.01.2022-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən yaradılıb. Şirkət əvvəlki Vergilər Nazirliyinin (indi İN yanında Dövlət Vergi Xidməti) binası Bakı şəhəri Yasamal rayonu, Landau ev.16 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkət “Tikilməkdə Olan Obyektlər Müdiriyyəti” MMC-nin hüquqi varisidir, nizamnamə kapitalı 1 037 335.75 manat təşkil edir. Qanuni təmsilçi İsgəndərov Anar Sabir oğludur.
Yazıda adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.