Bir gün öncə Azərbaycan Prezidentinin qəbul etdiyi "Media haqqında” yeni qanun əmək müqaviləsi ilə hansısa mediada çalışanları jurnalist hesab edir.
Konkret iş yerin yoxdursa, fərdi müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərməlisən.
Yalnız bu təqdirdə problemi olan insanların şikayətlərini işıqlandıra, etiraz edənlərin sözlərini yayımlaya bilərsən.
Eyni zamanda, yeni qanun Azərbaycanda təsis edilmiş media, redaksiyalarla yanaşı, ölkədən kənarda olan, yalnız fəaliyyəti daxili auditoriyaya yönəlmiş medialara, həmçinin xaricdə yaranmış media qurumlarının Azərbaycandakı jurnalistlərinə şamil edilir…
"Əgər jurnalistin xidmət müqaviləsi yoxdursa…”
Müstəqil jurnalist Kamran Mahmudov düşünür ki, yeni qanun sırf müstəqil jurnalistləri və müstəqil medianı çərçivələmək üçün qəbul edilib.
Məqsədləri həmin medialar və jurnalistlərin işinə problem yaratmaqdır: "”Media haqqında” Qanunun qəbulu ortaya çıxandan vahid vəsiqə, reyestr mərkəzi məsələsi müzakirə edilir. Çünki qanunda qeyd edilir ki, əgər jurnalistin xidmət müqaviləsi yoxdursa və ya o, hansısa yerli medianın əməkdaşı deyilsə, qeydiyyatdan keçə bilməyəcək”.
Qanunun xarici media nümayəndələrinə təsiri
Qanunun 11-ci maddəsi xarici media nümayəndələrinin Azərbaycandakı fəaliyyəti barədədir. Burada deyilir ki, Azərbaycanda akkreditasiya olunmuş xarici jurnalistlərin və digər xarici media nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycanın normativ hüquqi aktları və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
Xarici jurnalistlərin Azərbaycanda akkreditasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Qadağalara rəğmən fəaliyyət göstərmək olarmı?
Kamran Mahmudov deyir ki, bu hissə xarici media ilə əməkdaşlıq edən jurnalistlərə problem yaradacaq. Bu şəxslərin həmin media ilə müqaviləsi varsa, qeydiyyatdan keçə bilər: "Bu, konkret ciddi müqavilənin olmasını şərtləndirir. Yoxdursa, qeydiyyatdan keçə bilmirsən, eyni zamanda, fəaliyyətinə əngəl yaranır. Nə buradakı, nə də xarici media orqanları ilə müqaviləm var. Deməli, əvvəl biz yazı hazırlayır, onu xarici mediaya satırdıqsa, daha bunu edə bilməyəcəyik”.
Jurnalist qeyd edir ki, qadağalara rəğmən fəaliyyət göstərmək istəsən belə, qeydiyyatın olmadığı üçün müraciət edəcəyin dövlət qurumları sizə açıqlama verməyəcək: "İstər müsahibə olsun, istər mövqe almaq baxımından. Həmçinin üzümüzə brifinq, mətbuat konfransları da qapalı olacaq. "Qeydiyyatdan keçməmisiniz, sizə məlumat verə bilmərik”, – deyəcəklər. Bu da müstəqil jurnalistlərin işini xeyli çətinləşdirəcək”.
Gizli çəkiliş, səsyazısı…
Qanunun 21-ci maddəsində gizli audio və vizual məlumatların hansı hallarda yayımlana biləcəyi sadalanır. Video, yaxud məqalə yalnız barəsində material hazırlanan şəxsin yazılı razılığı olarsa dərc edilə bilər. Yaxud həmin material başqa bir şəxsin Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün istifadə edilərsə, yayımlanması mümkündür. Ən son çarə də məhkəmənin qərarına qalır. Qərar varsa, yayımla, yoxsa, özündə saxla…
Əlində bu göstərişlərin hər hansı biri yoxdursa, yeni qanun gizli audio-video yazılardan, film və foto çəkilişlərindən istifadə olunması və onların yayılmasını qadağan edir.
"Bəlkə, həyat yoldaşı ilə çay içir, yaxud alt geyimindədir…”
Gizli çəkilmiş video, fotolardan daha çox bloger və vətəndaş jurnalistikası ilə məşğul olan Mehman Hüseynov istifadə edir. Deyir ki, qanunu boşuna qəbul etməyiblər, arxasında ciddi səbəblər var. O düşünür ki, qanun gələcəkdə jurnalistlərə bir xeyli məsələdə ciddi çətinliklər yaradacaq: "Dəfələrlə dronla məmurların villalarını çəkmişəm. Buna görə polisə aparılanda həmişə deyirdilər ki, şəxsi həyatıdır, bəlkə həyat yoldaşı ilə çay içir, yaxud alt geyimindədir. Qanunla tənzimlənməsə də, media etikası deyilən bir şey var. Mən bilirəm hansı görüntülər şəxsidir, yaymaq olmaz, hansılar ictimai əhəmiyyət kəsb edir”.
"Şəxsi görüntülər olub, lakin yayımlamamışam”
Mehman Hüseynov əlavə edir ki, bəli, onun əlində məmurların şəxsi görüntüləri də olub. Həmin evin, villanın, avtomobilin həmin şəxsə aid olduğunu sübut etmək üçün saxlayıb, ancaq yayımlamayıb: "Nə bilim, villada məmurun hərəkəti, avtomobili idarə etdiyi zaman həyat yoldaşının da yanında olması kimi görüntülərdir bunlar. Ancaq mən nəyi yayımlamışam? Nazirin villasının təxmini qiyməti budur, aldığı maaş isə filan qədərdir. Bu, necə ola bilər? Yəni ictimaiyyətə əhəmiyyətli hissələrini yayımlamışıq ancaq, qalan hissələr isə gələcəkdə məhkəmə predmeti yaranarsa, sübut etmək üçün saxlanılıb. Demək istəyirəm ki, jurnalist nəyi yayıb, yaymayacağını çox yaxşı bilir”.
Jurnalistə ikiqat cəza?
Bloger bildirir ki, bundan sonra seçki proseslərindəki qanun pozuntularının işıqlandırılması da çətinləşəcək. Qanun pozan şəxsin görüntüsünü, şəklini, audiosunu yaymaq mümkün olmayacaq: "Yaysan, həm məsuliyyət daşıyacaqsan, həm də o görüntülər dövlət orqanları tərəfindən fakt hesab edilməyəcək. Bu, jurnalistə ikiqat cəzadır”.
"Çəkdiklərimin heç biri şəxsi həyata müdaxilə deyil”
Mehman Hüseynov deyir ki, gələcəkdə jurnalisti nəyin gözlədiyini praktikada görəcəyik. Ancaq o, bir şeyə əmindir: çəkdiklərinin heç biri şəxsi həyata müdaxilə deyil: "Qanunda deyilir ki, barəsində gizli çəkiliş etdiyin adamdan həmin materialı yayımlamaq üçün "izin almalısan”. Bu, absurtdur. İndiyə qədər ümumiyyətlə, heç bir çəkilişimizlə bağlı göndərdiyimiz sorğulara cavab ala bilməmişik, qaldı, məmuru tapıb, yazılı icazəyə imza etdirəsən. Çox gülməlidir. Qayda var ki, jurnalistin sorğusuna 7 iş günü ərzində cavab verilməlidir. Əvvəl cavab verməyəndə qınanırdılar, indi isə arxalarında "qapı kimi” qanun dayanır. Sorğu verən müstəqil jurnalistdən qeydiyyatdan keçib-keçmədiyi soruşulacaq. Keçəyibsə, bu, mümkün deyil, əsaslandıracaqlar ki, qeydiyyatdan keçməyib, qanunsuz fəaliyyət göstərir”.
"Əziz nazir, haqqınızda korrupsiyaya bulaşdığınızı göstərən ciddi faktlar var”
Bloger qeyd edir ki, gələcəkdə hansısa məmura: "Əziz nazir, haqqınızda korrupsiyaya bulaşdığınızı göstərən ciddi faktlar var. İzin verirsiniz bunu araşdıraq, ictimailəşdirək?” – deyə bilməyəcəyiksə, deməli, işləmək mümkün olmayacaq: "Mümkün olsa belə, fəaliyyətin qanunsuz, yayımladığın faktlar isə əsassız hesab ediləcək. Qanun birbaşa söz azadlığına, müstəqil jurnalistlərin fəaliyyətinə əngəl törətmək üçündür”.
Kimlər reystrdən keçə bilər?
Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlərdən xeyli tələblər var. Bura ali təhsilli olmaqdan tutmuş, fəaliyyət qabiliyyətli olmağa qədər bir çox şey daxildir.
Eyni zamanda, jurnalist ağır cinayətlə məhkum edilməmiş olmalıdır, məhkumluğu ödənilmiş və ya götürülmüş olmalıdır. Ən əsası, onun media subyekti ilə əmək müqaviləsi olmalıdır. Həmin medianın reyestrə daxil olması da şərtlər sırasındadır.
Jurnalistin reyestrdən keçməsi üçün azı 3 il iş stajı olmalıdır. Mülki hüquq müqaviləsi ilə işləyən jurnalist fərdi sahibkar kimi vergi uçotuna alınmalıdır.
"Küçədə saxlayıb vəsiqə, qeydiyyat tələb edəcəklər”
Müstəqil jurnalist Nərgiz Absalamova deyir ki, əvvəllər aksiya çəkilişlərində jurnalistə çox toxunulmurdu. İndi qanun imkan verir ki, bütün iştirakçılartək jurnalistlər də saxlansın, sorğulansın.
Ona təhdid kimi görünən şeylərdən biri də küçə sorğusu keçirməyin mümkün olmayacağıdır: "Yəqin, saxlayıb vəsiqə, qeydiyyat tələb edəcəklər. Rəsmi tədbirlərə getməyə izin verməyəcəklər. Bir sözlə, qanunla vəsiqən, qeydiyyatın, VÖEN-in yoxdursa, jurnalist deyilsən. Bu, mənim fəaliyyətimə mane olacaq”.
"Günümüz bölmələrdə keçəcək”
Gənc jurnalist qanunu birbaşa işinə məhdudiyyət kimi görür. Deyir ki, sorğu etmək, aksiya çəkmək, tədbirlərə getmək haqqıdır, ancaq bundan sonra mümkün olmayacaq: "Düzdür, həmişə müəyyən basqılar olub. Sadəcə indi daha artığını etmək üçün zəmin yaratdılar. Yəqin ki, günümüz bölmələrdə keçəcək. Amma yenə də işimə davam edəcəyəm”.
Nərgiz Absalamova
Nərgiz Absalamova düşünür ki, hələ qanun təsdiqlənməmiş güc strukturu nümayəndələri təzyiqlərə başlayıb. Getdikcə bu, daha da artacaq: "Qeydiyyat üçün 3 illik iş stajı istəyir. Mənim rəsmi stajım yoxdur, hər zaman müstəqil fəaliyyət göstərmişəm. Onlara hər hansı sənəd təqdim edə bilməyəcəyəm. Düşünürəm ki, bütünlükdə qanun jurnalist fəaliyyətinə basqıdır”.
"Vəsiqəni istədikləri vaxt geri ala biləcəklər”
Ona ən çox təsir edəcək hissəyə gəlincə, jurnalist qeyd edir ki, bu, vahid vəsiqə tələbi, qeydiyyat məsələsidir: "O vəsiqəni almaq üçün lazım olan sənədlərim yoxdur. Lap deyək ki, var və vəsiqə aldım. Onu da istədikləri zaman geri tələb edə biləcəklər”.
"MEDİA Agentliyinə mediaya və jurnalistlərə barmaq silkələyən xeyli əlavə səlahiyyətlər veriblər”
Media sahəsi üzrə hüquqşünas Ələsgər Məmmədli düşünür ki, "Media haqqında” Qanun ölkədə medianın inkişafına və fəaliyyətinə ciddi problem yaradacaq: "Bunun üçün "Super Nazirlik” statusunda olan MEDİA Agentliyinə də mediaya və jurnalistlərə barmaq silkələyən xeyli əlavə səlahiyyətlər veriblər. Burada "bir müsibət min nəsihətdən irəlidir” – atalar sözü yada düşür”.
Hüquqşünas qeyd edir ki, 2009-cu il aprelin 3-də Prezident fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu təsis ediləndə az-çox media azadlığını, funksiyasını dərk edən kəslər: "Bu formatla medianı inkişaf etdirmək olmaz. Daha çox ələbaxımlılıq artacaq və media müstəqilliyini itirəcək”, – dedilər. Bu zaman dərhal Fondun Nizamnaməsinin 1-ci bəndindən bu nümunəni təkrarlayırdılar. Fondun əsas məqsədi Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri (bundan sonra – layihələr) və digər tədbirləri maliyyələşdirməkdir”.
"Bir müsibət yetmədi”
Ələsgər Məmmədli deyir ki, yaradılmasından 13 il ötəndən sonra Fondun Prezident tərəfindən təyin olunan və 12 il başında duran icraçı direktoru 10 il 6 ay həbs cəzasına məhkum edildi.
Ələsgər Məmmədli
Onun Fondun 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəməsi, cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırılması yönündə təqsiri olduğu bildirilib:
"Media inkişaf etdimi? Xeyr. Hazırda Azərbaycan Mediası bütün parametrlərlə 2009-cu ilin gerisindədir. Yəni bu müsibətdən nəsihət almayanlar yenidən KİVDF-dən daha çox səlahiyyətli və qanunla daha çox "silahlanmış” bir qurumla 12 ildə dövlət dəstəyi ilə əvvəlki yerinin də gerisində qərarlaşan medianı guya düşdüyü bu çuxurdan çıxaracaq. Nafilə! Bu dəfə Azərbaycan mediası düşdüyü çuxudran kor quyuya itildi. Bir müsibət yetmədi!..”
Nə baş verib?
Fevralın 8-də Prezident İlham Əliyev "Media haqqında” Qanunu təsdiqləyib.
Milli Məclisin dekabrın 30-da keçirilən iclasında "Media haqqında” Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Bu qanun layihəsində jurnalist fəaliyyəti ilə bağlı sərt tələblər nəzərdə tutulub.
Odur ki, ötən il dekabrın 28-də bir qrup azərbaycanlı jurnalist Milli Məclisin önündə "Media haqqında” yeni qanun layihəsinin qəbuluna etiraz olaraq aksiya keçiriblər.
İştirakçılar bildiriblər ki, yeni qanun Azərbaycanda olan qapalı media mühitinin daha da sərtləşməsinə təkan verəcək. Bu, ifadə azadlığı hüququnun pozulmasıdır və qəbulu yolverilməzdir.
Təkcə jurnalistlər yox, hüquqşünaslar, media ekspertləri və təşkilatları da yeni qanun layihəsinin Milli Məclisdə müzakirəsini dayandırmağı əks etdirən müraciətlər yayıblar. Hətta vətəndaş cəmiyyəti nümayəndələri layihənin Milli Məclisdə müzakirəsinin dayandırması haqqında çağırış da ediblər. Daha sonra isə Prezident İlham Əliyevdən qanunu imzalamamasını istəyiblər.
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç isə düşünür ki, Azərbaycanda yeni qəbul edilmiş "Media haqqında” Qanun ölkədə ifadə və media azadlığının vəziyyətini daha da pisləşdirir:
"Qanun beynəlxalq ifadə və media azadlıqları dair standartlarına uyğun gəlməsi sarıdan ciddi narahatlıq doğurur. Bu qanunun media sahəsini və jurnalist peşəsini nəzarətə aldığı görünür. Media isə azad, müstəqil, senzurasız olmalıdır”.
Meydan TV
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024