Cəmiyyət / Slayd (29-09-2014, 20:55)
Nəqliyyat Nazirliyində tender müəmması - Hər dəfəsində eyni şirkətlər "qalib olur"...
Cəmi bir neçə gün bundan əvvəl yağan yağışlar paytaxtın müxtəlif yollarının hansı vəziyyətdə olduğunu gördü. Bakının bir sıra yerlərində asfaltın üzərinə yığılan sular kiçik gölməçələr əmələ gətirdi. Məlum oldu ki, hələ bir neçə ay bundan əvvəl - yayda vurulan asfalt qatlarında əyriliklər var. Gözlənilməz yağışlar, havaların yağmurlu keçməsi paytaxtın bəzi sahələri üçün az qala ənənəvi xarakter daşıyan və küçələri keçilməz hala gətirən gölməçələr probleminin yaranması ilə müşayiət olundu. Belə isə sual ortaya çıxır: - qışda yollarımız necə olacaq? Nəzərinizə çatdıraq ki, paytaxtın magistral yollarında, mərkəzi hissələrindən kənarda bu qəbildən olan problemlərə çox rast gəlindi.
İri gölməçələr, avtomobillərin hərəkətinə mane olan asfalt əyrilikləri, "qarmoşka"lar yeni salınmış bəzi yollarda üzə çıxdı. Görün indi 2013 və ya 2012-ci ildə çəkilmiş bəzi yollarda hansı acınacaqlı durum mövcuddur. Yollar çəkilir, lakin qısa zaman ərzində sıradan çıxır. Nəqliyyat Nazirliyinin yolun dağılmasına əsas səbəb kimi ağır maşınların hərəkətini səbəb gətirməsi iddialarına gəlincə, iri yol layihələrində o da nəzərə alınmalıdır ki, bu yollardan iritonnajlı maşınlar da keçəcək. Təəccüblüdür, məgər həmin maşınlar havada uçmalı idi? Axı həmin avtomobillər də onlar üçün nəzərdə tutulan yollardan istifadə etməlidir. Yollardan ağır tonnajlı maşınların keçəcəyinin nəzərə alınmaması Nəqliyyat Nazirliyinin nöqsanlarından xəbər verir.
Paytaxtətrafı qəsəbə və kəndlər, eləcə də müəyyən məhəllə yolları ilə bağlı acınacaqlı vəziyyət ortaya sıxdı. Həmin yollarda küçəni adlamaq üçün belə demək mümkünsə, az qala qayıq lazım idi. Özü də belə bir şəraitdə. Nəzərinizə çatdıraq ki, təkcə ötən ilin üç rübü ərzində avtomobil yollarının çəkilməsi və saxlanmasına 1 milyard 608 milyon manatdan artıq vəsait xərclənib. Bütün bunlar onu göstərir ki, ölkəmizdə yolların hər kilometrinin başqa ölkələrdəkindən baha başa gəlməsinin müəmmalı məsələlərdən xəbər verməsi ilə bağlı fikirlər əsaslıdır. Biz hələ həmin qiymətləri hesablayanda yolların kənarlarındakı köçürülən evlərə və obyektlərə ödənilən kompensasiyadan danışmırıq. Xatırlayırsınızsa, bir neçə il bundan əvvəl bir sıra məsul vəzifəli şəxslər - nazirlər, komitə sədrləri rəhbərlik etdikləri sahələrdə mövcud olan problemlərə kifayət qədər maddi vəsaitlərin olması ilə əsaslandırırdılar. İddia edirdilər ki, ölkəmizin keçid dövründə yaşaması, respublikamızın müstəqil dövlətlər sırasına yenicə qoşulması maddi problemlərin mövcudluğunun əsas faktorlarındandır. Bildirirdilər ki, illər keçdikcə hər şey düzələcək. Onların nəzərdə tutduqları dövr artıq neçə ildir başlayıb. İndi vəziyyət tamamilə dəyişib. Ölkə başçısı İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə düşünülmüş, sürətli və davamlı inkişaf yolu ilə irəliləyən respublikamız son illlər iqtisadi sahədə bir sıra möhtəşəm uğurların müəllifinə çevırilib. 2003-cü illə müqayisədə iqtisadiyyatımız dəfələrlə güclənib, dövlət büdcəsi 25 milyard dolları keçib, ölkənin strateji valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Ölkə əhalisi arasında işsizlik 49 faizdən 4,9 faizədək enib. Habelə vətəndaşlarımızın əməkhaqları dəfələrlə artıb, quruculuq-abadlıq işləri görünməmiş vüsət alıb. Bir sıra sahələr üzrə də keçid dövrünü başa vuraraq inkişaf etmiş ölkələr regionun ən qüdrətli dövlətlərindəndir. Lakin əfsuslar olsun ki, ölkəmizin daxilində müəyyən problemlər mövcuddur. Özü də bütün bunlar iqtisadiyyatı güclənmiş, dövlət büdcəsi 25 milyard dolları keçmiş, strateji valyuta ehtiyatları 50 milyard dollardan artıq olan respublikamızda mövcuddur. Bəli, respublikamızda nəqliyyatdan başqa ən çox problemləri olan ikinci sektor yoxdur. Təzadlı cəhət bundan ibarətdir ki, büdcədən ən çox pul da elə bu sahəyə ayrılır.
Əsas prospektləri respublikamızla müqayisədə yaxşı olan bəzi ölkələrin müqayisəsini apardıqda məlum olur ki, yollara ayrılmış milyard manat dövlət vəsaiti kifayət qədər yüksək məbləğdir və həmin pulla ölkədə infrastrukturu xeyli dərəcədə yeniləşdirmək, Qərb standartlarına uyğunlaşdırmaq olardı. Lakin təəssüf ki, ölkəmizdə yol layihəsi ilə bağlı ayrılan vəsaitlərdə israfçılıq, mənimsəmələr mövcuddur. Ekspertlər bildirir ki, nəqliyyat layihələri ilə bağlı elan edilən tenderlər bəzən şəffaf aparılmır, ictimaiyyət də bundan məlumatsız olur. Qəribədir ki, həmin layihələrdə indiyə kimi bir neçə şirkət dalbadal qalib elan olunub. Bu şirkətlər də hansısa formada müəyyən dairələrə yaxınlıqları ilə seçiliblər. Mütəxəssislər bildirirlər ki, tenderlərin əsl məqsədi odur ki, yolu yüksək keyfiyyətlə və az məsrəflə çəkə biləcək şirkət müəyyən olunsun. Təəssüf ki, belə bir norma olmadığına və tenderlərin necə keçirilməsi məlum olmadığına görə milyardlarla manat vəsaitin böyük hissəsinin xərclənməsi qaranlıq məqamlara dəlalət edir. Baş verənlərin də əsas səbəbi ondan ibarətdir ki, bəzən tenderlərin şəffaf keçirilməsi sual altında olur.