Cəmiyyət (20-09-2014, 18:49)
Hökumətin din sahəsinə əl gəzdirməsinin gizlinləri
Rəsmi ruhaniyyət yas yerlərinə tətbiq olunan qadağaları vəhhabilərin təzyiqlərinin nəticəsi kimi qələmə verir; şeyx problemi çözmək və itirdiyi mövqeləri bərpa etmək üçün dövlət rəhbərliyi ilə görüşməyə çalışır; İrandakı ruhani avtoritetlər də prosesdən narazıdırlar və QMİ sədrini sıxışdırırlar
Xəbər verdiyimiz kimi, avqustun sonlarından başlayaraq hökumət yas mərasimlərində yeməkli ehsan süfrələrinin yığışdırılması ilə bağlı qərar verib. Qərar məcburidir və riayət etməyənlər cəzalandırılır. İlk günlər rəsmi dini qurum olan QMİ bu məsələni dəstəkləsə də, sonradan ümumiyyətlə, buna qarşı çıxdı. QMİ-nin yerləşdiyi "Təzəpir" məscid kompleksində yerləşən yas mərasimləri zallarında isə qadağaya məhəl qoyulmur, yas məclislərində əvvəllər olduğu kimi ehsan süfrələri açılır.
Radikal dini cərəyanlara qarşı əməliyyat niyə təxirə salınıb?
Digər bir məlumata görə isə iyul-avqust aylarında radikal dini cərəyanlara qarşı planlaşdırılan böyük miqyaslı əməliyyatların təxirə salınması da bu proseslə əlaqəlidir. Bildirək ki, həmin vaxt hətta bu əməliyyatların anonsu da verilmişdi. Ancaq qəflətən plan dəyişdi və vətəndaş cəmiyyəti nümayəndələrinin, hüquq müdafiəçilərinin həbsləri başladı. İndi hesab olunur ki, bu məsələdə təxribat olub, çünki dövlət üçün əsas təhlükə törədən məsələ ilə bağlı addımlar atılmadı. Əksinə, Azərbaycanı və onun iqtidarını beynəlxalq aləmdə qınaq və tənqid hədəfinə çevirən xəttə üstünlük verildi - ölkədə Qərbə bağlı təşkilatlar bağlandı, bir neçə tanınmış hüquq müdafiəçisi həbs edildi.
İki gün öncə isə QMİ sədrinin qardaşı, deputat Cavanşir Paşazadə yerli mediaya verdiyi müsahibədə sərt bir tövrlə qadağaya qarşı çıxıb, bunu repressiv metod adlandırıb.
“Sakit olun, prezidentlə danışacam”
Bizə çatan məlumata görə, şeyxin yaxın ətrafının bu mövzuda kəskin əks-mövqeyinin arxasında ciddi mətləblər dayanır. Belə ki, Qafqaz Müsəlmanları İdarəsində olmayan, ancaq cəmiyyət içərisində nüfuza malik olan ruhanilər ciddi bir müraciət hazırlayırlar. Bildirilir ki, sadəcə onları hələlik şeyxin və yaxın ətrafının təkidi ilə dayandırmaq mümkün olub. Bu haqda bilgi verən mənbə deyir: “Çünki şeyx ətrafına söz verib ki, bu məsələ ilə bağlı ölkə prezidentinin və ya Prezident Administrasiyası rəhbərinin münasibət bildirəcəyinə nail olacaq. Bu da ləngiyir və ona görə də son zamanlar şeyxin stilinə uyğun olmayan əsəbi və sərt bəyanatların verilməsinin şahidi oluruq”.
Gələn bilgilərə görə, yas islahatlarının bu cür həyata keçirilməsi ənənəvi ruhanilərin sərt etirazına səbəb olub. Onların fikrincə, bu məsələdə təkanverici amil sələfilər olub. Sitat: “Rəsmi ruhaniyyət bu dəyişikliyi vəhhabilərin təzyiqlərinin nəticəsi kimi qələmə verirlər. Belə bir iddialar var ki, bu, heç də Kamal Abdullanın və Mübariz Qurbanlının beyninin məhsulu deyil. Bu qadağanın ortaya çıxmasının əsas səbəbi vəhhabilərin təzyiqidir. Son yas qadağaları isə onların təzyiqlərini bir qədər yumşaltmaq və bu cür moderinizə tədbirləri ilə ”şirk" kimi təqdim edilən və dini nifrəti daha da dərinləşdirən, bu cür ölkələrə qarşı küfr hökmünün verilməsinin qarşısını almağa hesablanıb.
Eyni zamanda bu, məhz onların işinin nəticəsi kimi qələmə verilir və vəhhabi islahatı kimi qəbul olunur. Həqiqətən də Azərbaycanda məhz sələfilərin və ya başqa adla vəhhabilərin yas mərasimlərinə münasibəti ənənəvi dindarların münasibətindən fərqlənir. Bu mövzu ənənəvi dindarlarla sələfilər arasında uçurumlardan birini təşkil edir".
İran ruhaniyyəti də narazıdı - şeyx ikiqat basqı altında
Geyim məsələsi ilə bağlı narazılığa gəldikdə, mənbəmiz bildirir ki, vahid geyim formasının ənənəvi şiə ruhanilərinin geyimindən kəskin fərqlənməsi bu mövzuda da ciddi narazılıq yaradıb. Xüsusən də şiə ruhaniyyəti bunu şiəliyə xas olmayan geyim kimi qəbul edirlər. Baxmayaraq ki, QMİ bu geyimə qarşı deyil. Gələn başqa bir məlumata görə, şeyx və ətrafı İran ruhaniyyətinin ciddi təzyiqləri ilə üz-üzədir. Çünki məlum olduğu kimi, bu cür məsələlər nüfuzlu, fitva vermək səlahiyyətinə sahib olan ruhanilər tərəfindən həll olunur. Yeni geyim formalarına daha irəli gedən bir məsələ kimi baxılır. Buna qarşı çox ciddi müxalifət yaranıb. Bu da narazılığı daha da dərinləşdirir.
Mənbə bildirir ki, bu cür narazılıqlar artıq hakimiyyət eşelonlarında da müzakirə olunur. Ehtimal olunur ki, bu, Azərbaycan rəhbərliyini narahat edən dini avtoritetlərin ölkə xaricində olması ilə bağlı mövzunu yenidən aktuallaşdırıb. Məlum olduğu kimi, həm ənənəvi şiə və sünni icmaları, həm də sələfi icmaları üçün əsas fitva mərkəzi ölkə daxilində deyil, xaricdəki dini mərkəzlərdir. Faktiki olaraq Azərbaycanda dini mərkəz QMİ olsa da, bu qurum da xaricdəki dini avtoritetlərə qarşı çıxa bilmir. Yaxın dövrdə bu istiqamətdə bir dəyişiklik gözlənilmir. Buna görə də son dövrlərdə Azərbaycanda xaricdəki dini mərkəzlərdən asılı olmayan Gürcüstanda, Ermənistanda, Rusiyada olduğu kimi müstəqil dini-mənəvi mərkəzin yaradılması məsələsi gündəmə gəlib və bu da yerli ruhaniyyəti ciddi şəkildə həyəcanlandırıb.
“Şeyxülislamın bu mövzuda əsəbi və sərt bəyanatları, xüsusən də ”bəzi qəzetlər sanki müxalifətçidirlər" deyərək bu mövzunu dövlətçiliyə qarşı bir iş kimi qiymətləndirməsinin də əsas səbəbi bununla bağlıdır. Hazırda şeyx bu məsələlərlə bağlı mövqeyini prezidentə çatdırıb fərqli bir qərara nail olmağa çalışır" - deyə mənbə əlavə edib.
Parlaq nümunədən sonra islahata gedilsəydi...
Gələn bilgilərə görə, bu, hakimiyyət daxilində də ciddi müzakirələrə səbəb olub. Hesab olunur ki, bu, sadəcə, ayinlərin dəyişdirilməsi, bu sahədə islahatlardan ibarət deyil. Ortada ciddi mətləblər var. Ona görə də bu məsələnin nə ilə bitəcəyini indidən proqnozlaşdırmaq olduqca çətindir. Bu məsələdə problem yaradan əsas səbəblərdən biri də ölkənin birinci şəxsinin münasibət bildirməməsidir. Çünki bildiyimiz kimi, Azərbaycanda bu kimi məsələlərdə birinci şəxsin mövqe bildirməsi həlledici əhəmiyyət daşıyır. Prinsip etibarı ilə bu məsələnin tələskənliklə olması, ziddiyyətli şəkildə qoyulması bunun zərər gətirməsi məqamını da ortaya çıxarır. Şeyx də buna işarə edir. Çünki hələlik ortada yuxarıların hansısa nümunəsi yoxdur. Yəni hansısa məmur-oliqarxın, vəzifə sahibinin bu ayinlərlə bağlı ortaya nümunə qoymasından sonra “ehsan islahatı”na getmək daha doğru olardı. Halbuki kənd rayonlarında polis və icra hakimiyyəti rəhbərlərinin əli ilə orta və aşağı təbəqə əhalinin yas məclislərinə kobud müdaxilələr edilir. Onlara yas məclislərində yemək vermək qadağan edilir.
Ölkə müxalifətinin ehtiyatlı mövqeyi
Müxalifətin bu məsələyə reaksiyası da maraqlıdır. Müxalifət ümumilikdə bu sahədə islahatların tərəfdarı olsa da, K.Abdulla və M.Qurbanlının başlatdığı bu yeniliyə hər hansı münasibət bildirməyə tələsmir. Azərbaycan müxalifəti başladılmış “ehsan islahatı”nın haralara aparacağını gözləyirmiş kimi görünür. Ola bilər ki, müxalifət ideoloqları son islahatlardan ciddi şəkildə narazı qalan, siyasi hakimiyyətə qarşı ciddi şəkildə qəzəbli olan ruhaniyyətin timsalında özünə yeni müttəfiq gözaltılayıb. Müxalif düşərgə vaxtsız mövqe bildirməklə bu məsələdə yerini, pozisyonunu hələlik bəlli etmək istəmir.
Siyavuş Novruzov hakimiyyətin “ehsan islahatı”na necə zərbə vurdu...
Xüsusi qıcıq isə yas islahatlarının “Naxçivan modeli” kimi təqdim olunmasından sonra yaranıb. YAP-çı deputat Siyavuş Novruzov bugünlərdə başladılmış ehsan qadağalarını özünə məxsus formada şərh edərək bildirmişdi ki, bu qadağalar illər öncə Naxçıvanda tətbiq edilib. S.Novruzov buna ad qoyub: “Naxçıvan modeli”. Mənbə bildirir ki, bilərəkdən və ya bilməyərəkdən ehsan islahatlarının “Naxçıvan təcrübəsi” kimi təqdim edilməsi siyasi dairələrdə də narazılıq doğurub: “Çünki sirr deyil ki, Naxçıvana insan hüquq və azadlıqlarının ən kəskin şəkildə pozulduğu bölgə kimi baxılır. Yas mərasimlərində islahatların Naxçıvanla bağlanması isə bu mənada qıcıq yaradır və hökumətin başlatdığı prosesi zədələyir. Ümumiyyətlə, rəsmi kuluarlarda bu məsələnin hakimiyyət üçün ciddi başağrısına çevriləcəyi ilə bağlı xəbərdarlıq etməyə başlayıblar. Çünki ilk növbədə ”yas mollaları" adlandırılan təbəqə hakimiyyətin yerlərdəki əsas təbliğatçı dayaqlarından birini təşkil edir. Bu təbəqənin narazı salınması da nəticəsiz qalmaya bilər. Şeyxin də əsas arqumentlərindən biri bundan ibarətdir". (musavat)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024