Cəmiyyət (19-06-2017, 11:58)
Azərbaycanda mobil rabitə operatoru Fırıldaqçı -''Nar Mobile''
Və yaxud “Nar”ın 1 dəqiqəsi 10 AZN olan internet xidməti
Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları vaxtaşırı müştərilərinin sayını artırmaq üçün yeni-yeni kampaniyalar təşkil edirlər.
Lakin çox təəssüf ki, bu kampaniyalar əksər hallarda abunəçilərin maraqlarından daha çox, mobil operatorların öz gəlirlərini bir qədər də artırmaq istəyi üzərində qurulur. Məhz bunun nəticəsində də vətəndaşlarımız davamlı olaraq onların fəaliyyətindən narazılıq edirlər. İş o yerə çatır ki, bəzi insanlar tez-tez istifadə etdiyi operatoru bir başqasına dəyişmək məcburiyyətində qalır. Çünki təklif olunan tarif və xidmətlərlə real vəziyyət arasında ziddiyyət mövcud olur. Ancaq bir çox abunəçilər isə illər ərzində qurduğu əlqəni itirməmək üçün operatoru dəyişməkdənsə, mövcud problemlərin həllini gözləməyə üstünlük verirlər. Problem isə nəinki həll olunur, əksinə hər kampaniya dönəmində insanlar yeni-yeni fırıldaqçılıqla üz-üzə qalırlar…
Qeyd edək ki, son günlər abunəçilərin narazılıq etdiyi mobil operatorların önündə ““Nar Mobile” gəlir. Çünki Azərbaycanda mövcud olan 3 mobil operatordan daha çox “Nar Mobile” açıq şəkildə insanların “cibinə girir”. Əlbəttə, digər operatorların – “Bakcell” və “Azercell”in heç də “Nar”dan fərqli, yəni normal xidmət göstərdiyini iddia etmək olmaz. Bu operatorların da zaman-zaman abunəçiləri aldatdığı danılmazdır. Lakin “Nar Mobile”in insanların cibinə girməkdə “lider” olduğunu bu operatorun bütün abunəçiləri təsdiq edərlər…
İnsaf naminə qeyd edək ki, “Nar Mobile” fəaliyyətə başladığı ilk vaxtlarda danışıq taarifinə görə digər operatorlardan daha sərfəli idi. Məhz bu baxımdan da həmin operatora insanların marağı kifayət qədər yüksək idi. Hətta abunəçilər zaman-zaman şəbəkə problemi ilə qarşılaşsalar belə, qiymətlərin aşağı olması səbəbindən “Nar Mobile”in xidmətlərindən yararlanmağa daha çox üstünlük verirdilər. Odur ki, “Nar Mobile” qısa zamanda digər mobil rabitə operatorları - “Bakcell” və “Azercell” üçün ciddi rəqibə çevrilə bildi. Təsadüfi deyil ki, bu operatorun abunəçilərinin sayı iki ildən də az müddətdə (2009-cu ilin yanvarınadək – red.) 1 milyon nəfərə çatdı. Əlbəttə, sonrakı bir neçə il ərzində də abunəçilərin sayına görə bu operator - “Bakcell” və “Azercell”lə “kəllə-kəlləyə” gəlməyi bacardı. Doğrudur, burada müəyyən siyasi faktorlar da var idi. Lakin bütün hallarda “Nar Mobile”in bu uğurları şirkət rəhbərliyində “başgicəllənmə”yə səbəb oldu və onlar daha çox qazanmaq ehtirası ilə, artıq abunəçilərin maraqlarını nəzərə almağı düşünmək belə istəmədilər. Bu baxımdan nəticə heç də ürəkaçan olmadı. Təsadüfi deyil ki, bu gün “Nar Mobile” Azərbaycanda mobil rabitə operatorları arasında abunəçilərin ən çox narazı olduğu operatordur. Xüsusən də 2014-2015-ci illərdə bu operatordan narazıların sayı ciddi şəkildə artıb.
“Nar” abunəçilərinin narazılığı…
İlk öncə onu qeyd edək ki, əslində danışıq taarifinə görə ilk baxışdan bu operator digərlərindən daha sərfəli görünə bilər. Yəni bu operatorun 1 dəqiqəlik danışıq taarifi və müxtəlif kampaniyaları abunəçilər üçün daha cəlbedicidir. Lakin “Nar Mobile” abunəçiləri daha yaxşı bilir ki, əslində bu operatorun elan etdiyi qiymətlərlə istifadəçilərin balansından silinən məbləğ heç də üst-üstə düşmür. Məsələn, sənin balansında 1 AZN varsa, 2-3 dəqiqə kənar operatorlardan birinin abunəçiləri ilə danışdıqdan sonra balansının sıfra yaxınlaşdığı haqda xəbərdarlıq alırsan. Bunun səbəbini aydınlaşdırmaq üçün “Nar Mobile” Müştəri Xidməti ilə əlaqə saxladıqda isə, bir neçə cəhddən sonra belə bir cavab verilir: “Əgər kənar operatorlarla daha çox danışırsınızsa, o zaman “Hər tərəfə dəqiqəsi 4 qəpik” taarifindən yararlanın”. Lakin o suala cavab almaq mümkün deyil ki, abunəçi bu xidmətdən yararlanmadığı halda onun balansından nə üçün 1 dəqiqə danışıq üçün təxminən 30 qəpik çıxılır. Hansı ki, digər operatorlar vasitəsilə dəqiqəsi 30 qəpikdən də az qiymətə xarici ölkələrlə danışmaq olur…
“Nar Mobile” abunəçiləri neçə soyur?
Əslində, “Nar Mobile”in ən böyük fırıldaqçılığı ilə bu operatorun internet xidmətindən yararlanan abunəçiləri qarşılaşır. Belə demək olar ki, son vaxtlar “Nar”ın bu sahədəki fırıldaqçılığı dəhşətli vəziyyətə gəlib çatıb. Bu operator açıq-aşkar abunəçiləri soymaqla məşğuldur. Məsələn, istənilən bir abunəçi balansına tutaq ki, 10-20 AZN yüklədikdən cəmi 1 dəqiqə sonra həmin məbləğin “yoxa çıxdığı”nın şahidi ola bilər. Bunun üçün hər hansı paket götürmədən bircə dəfə telefonundan internetə daxil olmaq bəs edər. Hansısa bir sayta daxil olub, yarım dəqiqə orada vaxt itirməniz yetərlidir ki, balansınızdan 10 AZN silinsin. Təbii ki, bu zaman sizə heç bir xəbərdarlıq da edilmir. Ancaq hansısa tanışınıza zəng açan zaman “zəng vurmaq çətin deyil…” xəbərdarlığı aldıqda sizə bəlli olur ki, cəmi 1 dəqiqə öncə balansınıza yüklədiyiniz 10 AZN “yeyilib”. Şübhə etmirik ki, əksər “Nar Mobile” abunəçiləri anoloji problemlə ən azı bir dəfə də olsun, qarşılaşmamış deyil…
“Nar Mobile” – pullarımızı xəbərsiz “yeyən” operator
Qeyd edək ki, təkcə hər hansı internet paketi almadan mobil telefon vasitəsilə internetə daxil olanda deyil, hətta müəyyən paketlər aldıqda da “Nar” abunəçilərinin balansından külli miqdarda pul silinə bilər. Məsələn, son vaxtlar hər bir “Nar Mobile” abunəçisinin telefonuna aşağıdakı kimi bir mesaj gəlir: “Hər gün 50 % daha cox internet! Nar-ın yenilenmis Gunluk paketində indi 10 qepiye 30 MB elde edin. Qosulmaq ucun: *777#12#YES yigin. İnfo: 777”.
Göründüyü kimi, ilk baxışdan əksər internet istifadəçiləri üçün gün ərzində 10 qəpiyə 30 MB əldə etmək cəlbedici görünə bilər. Xüsusən də “Watsap”, “LİNE” və s. istifadəçiləri üçün günlük 30 MB-in yetərli olduğunu düşünmək olar. Lakin bu xidmətə üstünlük verənlər bir də “ayılırlar” ki, nəinki balansından günə 10 qəpik, 10 AZN, hətta 20 AZN silinib. Bəs bu necə olur? Bu sualın cavabını tapmaq üçün dərhal yenə “Nar Mobile” Müştəri Xidmətinə zəng açırsan. Dəfələrlə zəng vurursan, cavab verən olmur. Nəhayət, növbəti cəhdlərin birində “Nar” əməkdaşı ilə danışmaq “şərəfinə” nail olub, ondan sualına belə bir cavab alırsan: “Siz günlük 30 MB-lik internet limitini aşmısınız, ona görə balansınızdan əlavə məbləğ çıxılıb”. Ancaq yenə də əsas sual cavabsız qalır ki, axı, cəmi 2-3 dəqiqə ərzində balansdan 10 AZN hansı məntiqlə silinir? Ən əsası da nə üçün abunəçiyə 30 MB-lik limitin bitdiyi haqda niyə hər hansı xəbərdarlıq edilmir?
Təbii ki, bu və digər suallarla “Nar Mobile” Müştəri Xidmətinə zəng açsanız, bütün cəhdləriniz səmərəsiz olacaq. Ən yaxşı halda belə bir cavab alacaqsınız: “İnternet xidmətindən istifadə edərkən şərtlərlə daha yaxşı tanış olmaq lazımdır”. Necə? Hansı yollarla? Şübhəsiz, “Nar Mobile” Müştəri Xidmətinə zəng açmaqla. Amma, təbii ki, sizə həmin gün danışmaq qismət olarsa…
“Nar”ın yeni fırıldağı…
Yazının əvvəlində də qeyd etdiyimiz kimi, son vaxtlar “Nar”dan narazıların sayı sürətlə artmaqdadır. Əlbəttə, bunu şirkət rəhbərliyi də bilməmiş deyil. Odur ki, yeni-yeni kampaniyalarla bu operatorun xidmətindən imtina edən abunəçilərin yerini doldurmağa çalışır. Məsələn, abunəçilərin mobil telefonuna daxil olan aşağıdakı mesajı da dediyimizin bariz nümunəsi hesab etmək olar: “Dekabrda supermarketlərdən PalSud paketi alana Nar nomre, 50 AZN balans və 600 MB internet hediyye. Kuponu Nar mağazalarına teqdim edin. İnfo:777”.Yenə də ilk baxışdan cəlbedici bir təklifdir. Vətəndaş düşünə bilər ki, “heç bir məbləğ ödəmədən balansında 50 AZN olan pulsuz nömrə alaram, üstəlik 600 MB internet də hədiyyə verirlər, içindəki məbləğ bitəndən sonra nömrəni ya daimi işlədərəm, ya da ataram evə”. Elə bu fikirlə əldə etdiyin kuponla “Nar” mağazalarından birinə yaxınlaşanda isə bəlli olur ki, əslində bu kampaniya heç də göründüyü qədər cəlbedici deyilmiş. Sən demə, bu məbləğ – 50 AZN 6 ay ərzində balansa hissə-hissə köçürüləcək, üstəlik bunun üçün hər ay siz də 5 AZN yükləməlisiniz. Doğrudur, deyə bilərsiniz ki, 6 ay ərzində balansa 30 AZN yükləməli olsanız belə, yenə də 20 AZN hədiyyə verilir. Əlbəttə, bunu inkar etmək mümkün deyil. Lakin həmin 6 ay ərzində “Nar”ın balansımızdan əlavə olaraq neçə manat siləcəyi də bəlli deyil. Üstəlik, hər hansı kampaniya elan olunan zaman vətəndaşlara daha dolğun məlumat verilməlidir. Hansı ki, “Nar Mobile” bu məsələdə qətiyyən maraqlı görünmür. Çünki insanların daha ətraflı məlumatlandırılması kampaniyanın cəlbediciliyini kifayət qədər azaltmaqla yanaşı, hər ay məlumatsızlıq səbəbindən abunəçilərin balansından silinən onlarla manat hesabına əldə etdiyi milyonlarla vəsaiti də itirmiş olar. Bu isə abunəçini soymağı qarşıya məqsəd qoyan “Nar Mobile” sərf etmir…
Reportyor.org
