Cəmiyyət / Slayd (24-01-2017, 12:45)
«Okean» avtosalon yol polisi ilə əlbirdir? – ŞİKAYƏT
Bu avtosalondan alınan «Hyundai» markalı avtomobilin mühərriki bir ay sonra dağılıb
Mediatv.az: Bakı şəhər sakini Tural Rüstəmli «Okean» avtosalondan narazılıq edir. Onun Avtosfer.az-a verdiyi məlumata görə, aldığı maşın zay çıxıb və geri qaytarıb. Üstəlik, həmin maşına bir neçə ay əvvəl yazılmış cərimə «Okean» avtosalona göndərilsə də, Tural Rüstəmliyə heç bir məlumat verilmədiyi üçün cərimənin üzərinə faiz gəlib. İndi isə avtosalonun əməkdaşları da öz faizlərini həmin cərimənin üstünə qoyaraq sürücüdən əlavə pul tələb edirlər:
«Ötən il sentyabrın 9-da «Okean» avtosalonundan «Hyundai Sonata» markalı avtomobil almışam. Həmin ayın 28-də mənə cərimə yazılıb və elektron formada «Okean» avtosalonuna göndərilib. Amma «Okean»dan mənə bu haqda məlumat verməyib. Avtomobili mənə nasaz vəziyyətdə satmışdılar. Oktyabrın 21-də həmin avtomobilin mühərrik sistemi anidən sıradan çıxdı və avtomobil evakuatorla «Okean» avtosalona gətirildi. Burada özləri də maşını mənə pis vəzyətdə satdıqlarını etiraf edərək həmin qiymətdə digər maşın təklif elədilər. Mən oktyabrın 21-də «Sonata»nın əvəzinə «Hyundai İX35» markalı avtomobili götürdüm. Avtomobili daxili kreditlə aldım və müqavilə ilə razılaşdıq. Hər ayın 21-də ödənişi edib yeni etibarnamə (1 aylıq) alırdım. Mənim onlara qaytardığım «Sonata»nı 1 ay sonra bir Türk vətəndaşına satdılar. Özü də avtosalona gələn cəriməni ödəmədən… Yanvarın 16-da Türk vətəndaşını YPX əməkdaşı saxlayıb və avtomobilin həbsdə olduğunu deyərək cərimə meydançasına aparıblar. Və yalnız bundan sonra «Okean» avtosalondan mənə zəng edib məsələni danışdılar və həbs məsələsini həll etməyimi tələb etdilər.
Həmən 60 manatlıq cərimənin üzərinə faiz gəlib və 96 manata qalxıb, avtomobilə də həbs qoyulub. Hansı ki, bunu mənə vaxtında bildirsəydilər cəriməni 10 gün ərzində ödəyərdim və bu da mənə 54 manata başa gələrdi. Mən isə öz növbəmdə bunun mənimlə əlaqəsi olmadığını, 60 manatı ödəməyə hazır olduğumu dedim. İki gün sonra «Okean» avtosalondan mənə dediklərinə görə, məsələnin məhkəməyə getməməsi üçün 200 AZN rüşvət və 96 AZN cərimə ödəyiblər. Mən yanvarın 19-da hazırda məndə olan maşınımın kreditini ödəmək üçün «Okean» avtosalona getdim. Krediti ödədim və qəbzi aldım. Lakin mənə növbəti ay üçün etibarnamə verməkdən imtina elədilər. Bildirdim ki, 60 manatı ödəməyə hazıram, digər məbləğ isə mənə aid deyil, onların öz məsuliyyətsizliyindən yaranıb. Amma yenə də etibarnaməni təqdim etməkdən imtina edərək məndən 200 manat tələb etdilər.
«Okean» avtosalon krediti ödədikdən sonra mənə etibarnaməni təqdim etməməklə birbaşa qanunvericiliklə təsdiq olunmuş müqavilənin şərtlərini pozmuş oldu».