Cəmiyyət / Karusel (11-04-2014, 23:04)
“Rəbiyyət Aslanova ilə İlham Rəhimovun evliliyi araşdırılır”
"Nurçular 2018-ci ildə hakimiyyətə gəlməyi planlaşdırmışdılar. Azərbaycanda nurçuların 2018-də hakimiyyətə gəlmək planları ilə bağlı əlimizdə maraqlı məlumatlar var. Bu məlumatları lazımi dairələrə çatdırmışıq”.
"Mediatv.az" xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev nurçular haqqında danışarkən deyib.
Hafiz Hacıyev hesab edir ki, onlar rüşvət almaqla ölkədə idarəçiliyin zəif olduğu barədə fikir formalaşdırmaq niyyətindədirlər: “Elnur Aslanov tək deyil, onun yaratdığı böyük bir şəbəkə var. Həmin şəbəkə Azərbaycanda şəxsi korrupsiya bataqlığında boğulur. Onlar tutduqları mühüm vəzifələrdə xalqa xidmət etmək əvəzinə onu aldatmaqla, rüşvətlə ölkə başçısının apardığı uğurlu siyasətə kölgə salmaqla məşğuldurlar. Ölkədə korrupsiya, ədalətsizlik var deyə xalqı çaş-baş salmaq istəyirlər. Əslində isə korrupsiyanın arxasında duranlar elə nurçulardır”.
Partiya sədri hesab edir ki, Elnur Aslanov Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad ediləndən sonra başqa bir vəzifəyə təyin olunmamalı idi: “Düşünürəm ki, Azərbaycan dövlətinə xəyanət edən Elnur Aslanovu yenidən aparıb işə qoymaq müəmmalı məsələdir. O, həbs edilməli idi. Onun anası Rəbiyyət Aslanova da komitə sədrliyindən kənarlaşdırılmalıdır. "Milyarderlər ittifaqı" yaradılanda Rəbiyyət Aslanovanın rusiyameylli insana ərə getməsi və tez də boşanmasında məqsəd Putindən dəstək almaq idi. Çünki nurçular 2018-ci ildə hakimiyyətə gəlməyi planlaşdırmışdılar.
Nurçu deputatlardan Ceyhun Osmanlı bu gün çox fəal mübarizə aparır. O insanlar vəzifədən uzaqlaşdırılmalıdır. Özləri də bilirlər ki, cəzasız qalmayacaqlar”.
Partiyanın bu istiqamətdə fəaliyyətinə gəlincə isə H.Hacıyev dedi ki, hazırda onlar deputat Rəbiyyət Aslanovanın iş adamı İlham Rəhimovla qısa müddət davam edən evliliyini araşdırırlar: “Onların çirkin əməllərinin hamısını aşkara çıxarıb media vasitəsilə xalqa çatdıracağıq. Bizim silahımız yalnız ideoloji silahdır. Rəbiyyət Aslanova ilə İlham Rəhimovun evliliyi faktı üzərində ciddi işləyirik. Niyə bu nikah çox qısamüddətli oldu və nəyə hesablanmışdı? Kimlər birləşib Azərbaycan prezidentinə xəyanət etmək istəyirdi?
Hesab edirik ki, bu məsələ açılıb xalqa çatdırılmalıdır. Nurçular Putinin Azərbaycana təzyiq etməyini və nurçulardan kimisə Azərbaycanın prezident etmək məsələsini də müzakirə ediblər. Lakin biz nurçuluq şəbəkəsini ifşa edəcəyik. Biz onların təhdidlərindən qorxmadan ciddi mübarizə aparırıq. Hətta onlara qarşı çox aqressiv piketlərə başlaya bilərik, müsahibələr də verə bilərik. Nurçularla axıra qədər mübarizə aparmağa partiyamızın gücü çatır”.