Cəmiyyət / Slayd (1-09-2015, 23:28)
GÖYÇAYIN İCRA BAŞÇISINI MƏTBUATIN NİŞANGAHINA GƏTİRƏN KİMDİR -(ÖZƏL)
Mübariz Ağayevin dostunu biz göstəririk, özünün kim olduğunu siz deyin
Məlum olduğu kimi, Multimedia Mərkəzi Azərbaycanda dövlət qurumlarının informasiyaya açıqlığı vəziyyətini monitorinq edib. Monitorinqin nəticələri avqustun 6-da “Dövlət qurumlarının onlayn şəffaflığı: problemlər və prespektivlər” mövzusunda keçirilən dəyirmi masada təqdim edilib. Xatırladaq ki, monitorinq prosesi son 4 ayı əhatə edib və bu müddət ərzində 73 mərkəzi və 68 yerli icra hakimiyyəti orqanının onlayn şəffaflıq vəziyyəti araşdırılıb. İnformasiyalar həm keyfiyyət, həm də kəmiyyət baxımından 60 parametr üzrə araşdırılıb və qiymətləndirilib. Tədbirdə qeyd olunub ki, dövlət qurumlarından ən çox qapalı olan və informasiya açıqlığı ilə problemləri olan qurum yerli icra hakimiyyəti orqanlarıdır.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin yerli icra hakimiyyəti başçısının vəzifələri ilə bağlı 3-cü maddəsinin 3.1.21 bəndində deyilir: “Yerli icra hakimiyyəti orqanının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, yerli icra hakimiyyətinin internet saytının yaradılmasını, malik olduğu və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın yeniləşdirilməsini təmin edir, ilin yekunları ilə bağlı yerli icra hakimiyyətinin fəaliyyətinə dair hesabatı dərc etdirir, öz fəaliyyətində ictimai rəyi nəzərə alır”.
Amma rayon İH-lərinin bir çoxunun internet saytlarının fəaliyyəti yetərli səviyyədə deyil. Onları tam inkişaf etmiş dərəcədə qəbul etmək olmaz. Bütün İH-lərinin saytları var. Ancaq onların qanunvericilikdə nəzərdə tutulan, ictimaiyyət üçün açıqlanmalı olan informasiyaları yaymasını görmürük. Vətəndaşlar üçün açıqlanmalı olan informasiyalar verilmir. Bəzi RİH-lərinin elektron və mətbu kütləvi informasiya vasitələri ilə münasibətləri demək olar ki, bərbad vəziyyətdədir. Onların barəsində tənqidi məqalələrin “aşıb-daşmasının” başlıca səbəblərindən biri də budur. Göyçay rayon rəhbərliyi də bu sarada qərarlaşıb.
Bəs, icra hakimi bütün bu məlumatların mətbuatda yayılmasının qarşısını almaqda niyə acizlik göstərir? Qurum mətbuat və onun nümayəndələri ilə niyə normal münasibətlər qura bilmir? Bunda icra hakimiyətinin “qeyri-rəsmi” mətbuat xidmətinin rəhbəri Arif Yusubovun yarıtmaz fəaliyyətinin, mətbuatla işləməyi bacarmamağının günahı varmı? Gəlin, bir baxaq görək, Arif Yusubov “vəzifəsini” yerinə yetirə bilirmi? Göyçay İcra Hakimiyyəti ilə bağlı mətbuatda yazılan yazıların sayına və intensivliyinə nəzər yetirsək, bu suala birmənalı qaydada “yox” cavabı verə bilərik. Bunun bədəlini isə başçı Mübariz Ağayevə ödətdirir. Nəticədə başçının adı hər gün mətbuat səhifələrində manşetlərdə yer alır və bir qayda olaraq fəaliyyəti yerli-yersiz tənqid olunur.
Oxucularımızla ötən görüşlərimizin birində Göyçay rayon İcra Hakimiyyətinin KİV-lə əlaqələri düzgün qura bilməməsindən bəhs edən “Mübariz Ağayevə arxadan vurulan zərbə” sərlövhəli məqalə dərc olunmuşdu. Həmin yazıda başqa müstəvilərdə fəaliyyəti təqdir olunan RİH başçısı M. Ağayevin məhz mətbuatla münasibətlərinin yarıtmazlığının səbəbi kimi media ilə əlaqələri həvalə etdiyi şəxsin uğursuz seçimi, İcra Hakimiyyətinin qeyri-rəsmi “sözçüsü” funksiyasını öz üzərinə götürən Arif Yusubovun əslində dəllallıqla məşğul olması, təklif etdiyi kompromat alverinə qol qoymayan media işçilərini şantajla hədələməsi göstərilmişdi. Onu da qeyd edək ki, bəzi KİV-də Arif “reket jurnalist” kimi təqdim edilsə də, onun hətta bu üzdəniraq statusu daşımağa da haqqı yoxdur. Belə ki, az əvvəllə qədər qapı-qapı düşüb idarə, müəssisə və təşkilat rəhbərlərindən kiçik həcmli “müsahibələr” götürən Yusubovu dilənçi kimi qələmə versəydilər, həqiqətə bəlkə daha yaxın olardı. Əslində isə nəinki jurnalistika ixtisası, hətta heç ümumiyyətlə hər hansı bir peşəsi, sənəti olmayan Arifin latın əlifbası ilə bircəcik səhih cümlə yazmaq qabiliyyətinin olmadığı deyilir. İntellektual səviyyəsinin ziyalı ictimaiyyəti səviyyəsindən xeyli aşağı olduğu ilk baxışdan da bəlli olan Arifin gerizəkalılığı əslində RİH başçısı kimi müşahidəli bir dövlət qulluqçusu tərəfindən dərhal sezilməliydi. M. Ağayevin hamının gördüyünü görə bilməməsi, savadını, sosial mənşəyini öyrənmədən yaxşı tanımadığı şəxsə dövlət qulluqçusu üçün nəzərdə tututlmuş 050-211... perfiksli mobil telefon nömrəsini etibar etməsi ( M. Ağayevi bu nömrədə axtaranda dəstəyi A. Yusubov qaldırır) yalnız təəssüf doğurur və məşhur bir atalar sözünü yada salır: “Dostunu mənə göstər, deyim sən kimsən”.