Cəmiyyət (27-05-2015, 12:48)
Nazirdən hərbçilərə təbrik
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Respublika günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
Mediatv.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təbrikdə deyilir:
“Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi 28 May – Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Xalq Cumhuriyyətinin yaranması respublikamızın tarixində ən əlamətdar hadisələrdən biri olmaqla, xalqımızın azadlıq, müstəqillik arzusu ilə yaşaması əzmini bir daha nümayiş etdirmişdir.
1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, yalnız xalqımızın təkidli xahişi ilə Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra onun apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamız müstəqilliyini, varlığını itirmək təhlükəsindən xilas olaraq sivil, demokratik inkişaf yoluna qədəm qoymuşdur. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi inkişafı təmin edilmiş, demokratik hüquqi dövlət və ordu quruculuğu sahəsində böyük uğurlar qazanılmışdır.
Ali Baş Komandanımızın Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ordumuzun döyüşə hazırlıq səviyyəsi, döyüş qabiliyyəti və şəxsi heyətin vətənpərvərlik ruhu dinamik surətdə intensiv olaraq artmaqdadır.
Bir neçə gündən sonra Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ölkəmizin beynəlxalq aləmdə nə qədər böyük nüfuza malik olduğunun və respublikamızın tərəqqisinin təzahürüdür.
İnanıram ki, Siz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və ictimai-siyasi hazırlıqda yeni uğurlar əldə edəcək və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli dövlət bayrağımızı işğal altında olan əzəli və əbədi torpaqlarımızda dalğalandıracaqsınız.
Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram”.