Cəmiyyət (1-02-2015, 18:01)
Azərbaycanda qışın oğlan çağı - kiçik çillə başlayıb
Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, yanvarın 31-dən fevralın 1-nə keçən gecədən Azərbaycan ərazisində qışın oğlan çağı – kiçik çillə başlayıb. Modern.az-ın məlumatına görə, bu təqvimlə qışın oğlan çağı – kiçik çillə fevralın 20-dək davam edəcək. Fevralın 20-də isə kiçik çillə çıxıb, öz yerini “boz ay”a verəcək.
Kiçik çillə adətən şaxtası, sazağı, qarı-çovğunu ilə fərqlənir. Amma bu il Azərbaycan ərazisində, o cümlədən Bakıda belə hava şəraiti proqnozlaşdırılmır. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevral ayında qarlı-çovğunlu hava şəraitinin gözlənilmədiyini bəyan edib.
Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır.
Xalq təqvimi ilə dekabrın 21-dən yanvarın 31-dək böyük çillə, yanvarın 31-dən fevralın 20-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir.
Martın 21-dən daha bir təbiət hadisəsi - yaz gecə-gündüz bərabərliyi baş verəcək və bahar fəsli başlayacaq.
Beləliklə bu gündən qışın oğlan çağı – kiçik çilləni yaşayırıq. Dədə-babalarımız həmişə bu təqvimə uyğun davranıblar...