Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu xarici işlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bir sıra mühüm məsələlərə toxundu.
“Bu gün mən sizi xarici işlər naziri vəzifəsinə təyin edirəm. Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız. Bu sahə sizin üçün yeni olsa da, idarəetmə təcrübəniz kifayət qədər böyükdür, müxtəlif vəzifələrdə işləmisiniz, o cümlədən nazir vəzifəsində”-deyə, Prezident C.Bayramova etimadını ifadə etdi.
Ölkə başçısı bildirdi ki, nazirlik sistemində vəziyyət sağlamlaşdırılmalıdır: “İlk növbədə, təhlil aparılmalıdır, nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görülməlidir. Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir. Nazirlikdə müxtəlif idarələr, o cümlədən rəhbər işçilər arasındakı koordinasiya işləri lazımi səviyyədə təmin edilməlidir. Nazirliyin fəaliyyəti üçün əlavə tədbirlərin görülməsi haqqında sizdən təkliflər gözləyəcəyəm”.
Prezident deyib ki, bizim xarici nümayəndəliklərdə görülən işlər ciddi təhlil olunmalıdır, səfirliklərin işinin səmərəlilik əmsalı müəyyən edilməlidir: “Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər. Ölkəmiz haqqında reallıqları geniş ictimaiyyətə çatdıra bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Vaxtaşırı Azərbaycana qarşı ünvanlanan şər-böhtan xarakterli iradlara lazımi cavab verə bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Ona görə bütün bu məsələlər əlbəttə ki, sizin gündəlik fəaliyyətinizdə önəmli yer tutmalıdır. Bizim xarici nümayəndələrimiz, diplomatlarımız ölkəmizin maraqlarını tam təmin etməlidirlər. Mən deyə bilərəm ki, bizim xaricdə fəaliyyət göstərən diplomatlarımızın əksəriyyəti yüksək meyarlara cavab verir. Ancaq vəziyyət təhlil edilərkən, ilk növbədə, nöqsanlara fikir vermək lazımdır. Səfirliklərimiz xaricdə yaşayan, fəaliyyət göstərən Azərbaycan icmaları ilə sıx əlaqədə olmalıdırlar. Onlar diaspor təşkilatlarının koordinasiya işinə öz töhfəsini verməlidir ki, həm diaspor təşkilatları, həm səfirliklər Azərbaycanın maraqlarını təmin etsinlər və Azərbaycan reallıqlarını çatdırsınlar”.
Ölkə başçısı eyni zamanda xarici kütləvi informasiya vasitələri ilə sıx təmasların olmasını zəruri saydı: “Azərbaycan haqqında bəzi hallarda gedən yanlış məlumata dərhal adekvat reaksiya verilməlidir, formal yox. Çünki bir çox hallarda biz bunu görmürük. Ölkəmiz haqqında qəsdən uydurulan, heç bir əsası olmayan şayiələr əgər mən müdaxilə etməsəm təkzib olunmur. Ya bu işlə məşğul olmaq istəmirlər, ya başqa göstərişlər alırlar. Bu gün sirr deyil ki, Azərbaycana qarşı təşkil edilmiş və koordinasiya olunmuş çirkin kampaniya aparılır. Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, bu kampaniyanın mənbəyi və səbəbi nədir. Bir çox səbəblər var, onların arasında bizim milli maraqlara söykənən müstəqil siyasətimizdir və özümüzü ləyaqətli aparmağımızdır. Bəs bu kampaniyaya adekvat cavab verilir, yoxsa yox? Verilmir. Xaricdə bəzi anti-Azərbaycan ünsürlər öz fəaliyyətində, öz çirkin əməllərində, bəyanatlarında yaşadıqları ölkələrin qanunlarını kobudcasına pozurlar, terrora çağırışlar edirlər, konstitusiya quruluşunun dəyişdirilməsinə çalışırlar. Bütün bunlar nəinki Azərbaycanın, bir çox ölkələrin qanunvericiliyində, o cümlədən cinayət məcəlləsində təsbit edilmiş məsələlərdir və ona görə bu cinayəti törətmiş insanlar cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Ölkə başçısı C.Bayramova xatırlatdı ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir: “Ancaq bir çox hallarda bunun əksini görürük. Görürük ki, razılaşma prinsipi əsas tutulur, milli maraqları kənara qoyub kiminsə xoşuna gəlmək üçün səylər göstərilir. Bu haqda bir çox məlumatlarım var. Ona görə siz bu məsələləri nəzərdə saxlayın. Bizə elə diplomatik kadrlar lazımdır ki, peşəkar, milli ruhda, milli dəyərlərə bağlı olsunlar, ölkəmizi müdafiə edə bilsinlər”.
Yeri gəlmişkən, sabiq nazir Elmar Məmmədyarovun fəaliyyət(sizliyi)inin ilkin nəticələrini elə Tovuz cəbhəsində baş verənlərin fonunda gördük. Məlum oldu ki, Azərbaycan və Ermənistan arasında Tovuz istiqamətində 4 gün davam edən hərbi əməliyyatlardan bir neçə gün əvvəl Serbiyadan Ermənistana iri partiyada müxtəlif çaplı minaatan mərmiləri çatdırılıb. Həmin sursat quru yolu ilə, Gürcüstan üzərindən Ermənistana keçirilib.
Yardımlar, siyasi jestlər etdiyimiz Serbiyanın, qonşu Gürcüstanın Azərbaycana qarşı xain projedə yer alması da XİN-in, həmçinin bu ölkədəki səfirliyimizin fəaliyyətsizliyinin məntiqi nəticəsi olaraq qiymətləndirilir...
Belə görünür ki, C.Bayramovu çətin günlər gözləyir. Bəs yeni nazir həm XİN-i yenidən qura, həm də xarici siyasətdəki axsamaları aradan qaldıra biləcəkmi?
“Atlas”Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, xarici işlər naziri Ceyhun Bayramovun ilk gündən fəal olduğu görünür: “Bir neçə xarici həmkarıyla telefonla danışıb, Rusiyanın xarici işlər naziri Sergey Lavrova açıq deyib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün işğal altındakı torpaqlar boşaldılmalıdır. Yəni Ceyhun Bayramov ilk gündən prinsipial mövqe ortaya qoyub. Bu təqdirəlayiqdir. Onun başqa alternativi yoxdur. Azərbaycan ikinci Elmar Məmmədyarova və danışıqlarda ”yumşaq" yanaşmaya tab gətirməyəcək. Məmmədyarov uzun illər başımızın altına yastıq qoyaraq “substantiv” danışıqlar dedi və zamanımızı mənasız yerə xərclədi. Bəsdir, mənasız danışıqlarda iştirak etdik. Ceyhun Bayramov ictimaiyyətin mövqeyini gözardı edə bilməz. Prezidentin də tapşırığı elə budur ki, bugünə qədərki danışıqlar faydasız olub, belə “danışıqlar” Azərbaycanın maraqlarına xidmət etmir. Ceyhun Bayramov həm ictimaiyyətin, həm də Prezidentin qəti mövqeyini nəzərə alaraq ancaq predmetli danışıqlarda iştirak etməlidir, əks halda, danışıq xatirinə danışıqlara qatılmaq işğalın uzanması demək olacaq".
E.Şahinoğlu qeyd etdi ki, C. Bayramovun bir başqa fəaliyyəti yarıtmaz səfirlərdən və diplomatlardan qurtulması olmalıdır: “Bu, Prezidentin birbaşa tapşırığıdır. Məsələn, Mərkəzi Asiya ölkələrindəki səfirlərimiz nə işlə məşğuldurlar? Niyə Türkiyədən başqa digər türkdilli dövlətlərin birinin də Xarici İşlər Nazirliyi Azərbaycanın haqq işinə rəsmi dəstək verən bəyanat yayınlamadı? Qazaxıstandakı və Özbəkistandakı qardaşlarımız bizə dəstək ifadə etdikləri halda bu ölkələrin rəsmi strukturlarından niyə səs çıxmır? Qazaxıstanda yaşayan siyasi ekspert və sayt redaktoru Nurgali qardaşım dünən mənə zəng edərək özünün və digər qazax ekspertlərin Azərbaycana dəstək verən onlarla yazısını göndərdi. Mərkəzi Asiya ölkələrindəki səfirlərimizin işi ondan ibarət olmalıdır ki, bu ölkələrin rəsmi sturkturları ictimaiyyətlərinin Azərbaycana dəstək çağırışlarına səs versinlər. Əgər bu baş verməyəcəksə, yeni xarici işlər naziri Ceyhun Bayramovun ilk işi Azərbaycanın Mərkəzi Asiya ölkələrindəki səfirlərinin dəyişdirilməsi olmalıdır. XİN-də qohumbazlıq, dostbazlıq prinsipinə son qoyulmalıdır, millətini və vətənini sevən perspektivli gənclərə XİN-in qapıları açılmalıdır”. Politoloq digər mühüm məqama diqqət çəkdi: “XİN-in müvafiq strukturları siyasi ekspert və analitiklərlə fikir mübadilələri aparmalıdırlar. Ağıl ağıldan üstündür. Bircə dəfə görmədim və eşitmədim ki, Xarici İşlər Nazirliyi hansısa ekspert qrupu ilə qapalı brifinq keçirsin, fikir mübadiləsi aparsın. Təəssüf ki, XİN sistemində çalışanların bir qismi özlərini hamıdan ağıllı sayırlar, ancaq nəyə qadir olduqlarını hamı gördü. Bu gün cəmiyyətin XİN sisteminə etibarı yoxdur. Ceyhun Bayramov bu etibarı qaytarmaq üçün çalışmalıdır. Digər məqama da diqqəti yetirməyi vacib hesab edirəm. Ermənilərin informasiya məkanında təxribatlarının sayı artıb. Hiss olunur ki, qrupları var, müxtəlif dezinformasiyalar hazırlayıb hara gəldi ötürürlər. Metsamor məsələsi də işlərinə yaradığından bu mövzudan ikiəlli yapışıblar. İnanmaq istərdim ki, oxşar qrup bizdə də var, nəyi, necə və nə vaxt deməyin üzərində çalışmalar gedir, informasiya savaşında pərakəndəliyə yol vermək olmaz. Məsələn, vaxt itirmədən ermənilərin Metsamor ətrafındakı manipulyasiyalarına qarşılıq verəcək güclü arqument hazırlanmalıdır və ya ermənilər azərbaycanlıların nəzarət etdikləri bazarlarda qəbul edilməyən əriklərini Moskvadakı xəstəxanalara və ruslara pulsuz paylayırlar, hiyləgər gedişdir, bunun da qarşılığında biz də gərəkli piar gediş etməliyik. Bu məsələlərlə Bakıda mərkəzləşmiş şəkildə peşəkarlardan ibarət qrup məşğul olmalıdır. Düşmənlə beyin oyunlarında XİN ön planda olmalıdır”.
Prezident Yanında Dövlət İdarəetmə Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov qəzetimizə dedi ki, yeni XİN rəhbəri Ceyhun Bayramov artıq Prezidentin köməkçisi Hikmət Hacıyev tərəfindən kollektivə təqdim edilib: “Yeni nazirin qarşısında bir sıra vəzifələr və tapşırıqlar qoyulub. Bildiyiniz kimi, Prezident ötən həftə XİN-dəki qüsurlar və onların istiqamətləri haqqında öz çıxışında qeydlər etmişdir. Təəssüflər olsun kı, uzun müddətdir ki, istər XİN mərkəzi binasında, istərsə də xaricdəki səfirliklərdə kifayət qədər nöqsanlar var. Bu nöqsanlar istər korrupsiya, istərsə də ayrı-ayrı xarici istiqamətlərə ”qulluq etmə" ilə bağlıdır. Azərbaycan uzun müddətdir ki, Ermənistanın hərbi təcavüzü qarşısında qalıb. Münaqişə təkcə cəbhədə deyil, eyni zamanda informasiya sahəsində gedir. Belə olan təqdirdə aktiv diplomatik fəaliyyətə ehtiyac var. Bu diplomatik fəaliyyət indiyə qədər davam edən xətdən bir qədər fərqli olmalıdır. XİN səfirliklər, diaspora təşkilatları və Azərbaycandakı beyin mərkəzləri sistemli şəkildə fəaliyyət göstərməlidirlər".
Z.Məmmədov bu xüsusda dedi ki, indiyə qədər biz pərakəndəliyin şahidi idik: “Eyni zamanda lobbiçilik fəaliyyətinin artırılmasına və xarici KİV, ekspertlərlə, blogerlərlə sıx işbirliyinə ehtiyac var. Əminəm ki, yeni nazir Ceyhun Bayramov prezidentin qoyduğu bütün tapşırıqların öhdəsindən layiqincə gələcək. Bəzən yeni nazirin ixtisasca başqa sahəyə aid olmasını bəziləri qeyd edirlər. Lakin diqqətinizə çatdırım kı, keçmiş nazir Elmar Məmmədyarov diplomatiya sahəsində təhsil almış və bu sahədə kifayət qədər təcrübəsi olan şəxslərdən idi. Nəticəsi də hər kəsə məlumdur. Diplomatiya daha çox bir talantdır. Hazırda məqsəd bəllidir: XİN-i tamamilə yeni obrazda görmək, orada ciddi şəkildə kadr islahatlarına başlanılması”.
Təbii ki, çətin olacaq. Amma istənilən halda təcili toparlanıb hərəkətə keçməyə, Prezidentin bəyan etdiyi kimi, hücum diplomatiyasını həyata keçirməyə ehtiyac var. Bu, cəbhədəki uğurlarımızı şərtləndirən çox mühüm məsələdir.
“Yeni Müsavat”
Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024