Təhsil (27-04-2022, 17:45)
Ceyranbatan 1 nömrəli məktəbdə növbəti qalmaqal
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbdə növbəti qalmaqal yaşanmaqdadır. Bu dəfə də məktəbin direktoru Çinarə Atayevanın adı şagird döyməkdə hallanır. Belə ki, qəsəbə sakini İlqar Məmmədovun Yenixeber.org-a verdiyi məlumata görə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbin 9a sinifində oxuyan qızı Məmmədli Gülnar ötən gün məktəbin direktoru Çinarə Atayeva tərəfindən döyülüb və yüksək qiymətli mobil telefonu sındırılıb: “Dünən uşağı həkimə aparacaqdıq deyə mobil telefon verdim ki, əlaqə saxlaya bilim. Sinif otağına gələn məktəbin direktoru Çinarə Atayeva təsadüfən telefonu görüb, heç bir söz soruşmadan götürüb telefonu yerə vurub. Daha sonra təkrar telefonu götürüb, uşağı öz kabinetinə aparmaq üçün koridora çıxıb və yenidən telefonu divara vurub, uşağa da zor tətbiq edib, divara vurub. Daha sonra da, kabinetində bu “qoçuluğ”unu davam etdirib. Mən hadisəni bir az gec eşitsəm də, dərhal 102-yə zəng elədim. Hazırda Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində təhqiqatçı Zaur Məmmədov hadisəni araşdırır. Təhsil Nazirliyinə də məlumat vermişəm, Rayon Prokurorluğuna da məlumat verəcəyəm”.
***
Şagirdin məktəbə mobil telefon aparması qayda pozuntusu olsa da, şübhəsiz ki, məktəb direktorunun bu əməli törətməsi üçün əsas ola bilməz. Bu halda mobil telefonu alıb da, uşağın valideyini ilə çözüm aparıla bilərdi... Uşağa qarşı kobudluq və maddi zərər vurulması nə pedaqoji qaydalara, nə də bəlli qanunlara uyğun deyil.
Biz bu məlumatla bağlı Çinarə xanımla telefonla danışdıq. Maraqlıdır ki, xanım direktor belə bir hadisədən xəbərsiz olduğunu və əlavə heç bir söz deyə bilməyəcəyini bildirdi(?)
Təhqiqatçı Zaur Məmmədov isə bizimlə telefon danışığında hadisənin tərəfindən araşdırıldığını, bu saatlarda zərərçəkmiş tərəfdən izahat alınacağını dedi. Bu səbəbdən də hələlik ətraflı məlumat verə bilməyəcəyini bildirdi.
Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov da, hadisədən xəbərdar olduqlarını və müvafiq araşdırmaya start verildiyini dedi.
***
Yazının girişində “Bu dəfə də”, “növbəti qalmaqal” ifadələrini yazmağımız təsadüf deyil... Google üzərindən bir axtarış yetər ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbdə yaşanan qalmaqallar, məktəbin direktoru Çinarə Atayevanın şagird döyməsi ilə bağlı ardıcıl yazılarla rastlaşasan(?) Birini bu linkdən də oxuya bilərsiniz: https://lent.az/xeber/sosial/sagirdi-doyen-direktorun-mektebinde-jurnalistlere-hucum-etdiler-4159969(Yenixeber.orq)
Mövzu diqqətimizdədir və olacaq yeniliklərlə bağlı da məlumatlar verəcəyik.