Təhsil (2-05-2018, 13:00)
Təhsillə bağlı yeni qanun hazırlanır
Milli Məclisin (MM) Elm və təhsil komitəsinin növbəti iclasında “Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsini hazırlayacaq İşçi Qrupunun tərkibi müəyyən ediləcək.
Mediatv.az-ın məlumatına görə, bunu MM-in Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri, akademik İsa Həbibbəyli deyib.
O qeyd edib ki, komitə “Orta ümumtəhsil müəssisələri haqqında” yeni qanun layihəsini hazırlamağa başlayır:
“Gələn iclasda qanun layihəsinin hazırlanması üçün İşçi Qrupunun tərkibini, vəzifələrini müəyyən edəcəyik. İstəyirik ki, bu qrupda Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, özəl məktəblərdən birinin direktoru və başqaları təmsil olunsun.
Bu gün biz “Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsini hazırlamağa başladığımızı elan edirik. Hələ “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanarkən bunun üçün müəyyən hazırlıq işləri aparmışıq”.