Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (28-10-2022, 11:56)
"50 yaşında saçı-saqqalı ağarmış birini aparıb imtahana salırlar ki, səni müəllim götürürük" - ETİRAZ

 
Müəllimlərin işə qəbulu xeyli müddətdir müzakirə edilir.
Mediatv.az  bildirir ki, millət vəkili Aqil Abbas müəllimlərin işə qəbulu müsabiqəsinin 4-cü kursu bitirənlərə aid edilməsinin düzgün olmadığını qeyd edib:
“Anlamıram ki, 4-cü kursu fərqlənmə ilə bitirən məzunlar yenidən niyə imtahan verərək işə qəbul olunurlar? Bu məsələ universitetlərin verdiyi təhsili sual altına alır, rektorlar həmin məsələyə etiraz etməlidilər. Düşünürəm ki, müəllimlərə təyinat verilməlidir, onlar gedib işləməli sonra isə təkmilləşdirmə kursunda iştirak edərək inkişaflarını daha da artırmalıdılar”.
Bəzi ekspertlər MİQ imtahanının keçirilməsinə ehtiyac olmadığını, sovet dövründə olduğu kimi təyinat sisteminin yenidən tətbiqinin vacibliyini deyirlər. Hətta bəzi ucqar kənd məktəblərində müəllim çatışmazlığının olması ilə bağlı fikirlər səslənir ki, bu da Bakıda yaşayan müəllimlərin həmin bölgələrdə çalışmaq istəməməsi ilə əlaqələndirilir.

Bu gün müəlimlərin işlə təminatında yenidən təyinat sistemi tətbiq edilməlidirmi?

Mövzu ilə bağlı sabiq təhsil naziri, professor Firudin Cəlilov “Cümhuriyət”ə açıqlamasında bildirdi ki, ümumiyyətlə, hər universiteti bitirəni müəllim götürmürlər, müəllim olmaq üçün universitetdə xüsusi pedoqoji fakültələr olur və onlar zaman-zaman məktəbdə praktika keçirlər:

“Müəllim kimi hazırlanırlar və artıq diplom alanda müəllimdir. Onu işə götürürlər, 5 ildən sonra Müəllimləri Təkmilləşdirmə İnstitutuna göndərirlər. Bir neçə ay təkmilləşir, biliyini yoxlayırlar, yenidən işinə qayıdır. 5 ildən sonra yenə instituta göndərilir, çünki tədris proqramlarında dəyişiklik olur, yeni dərsliklər yazılır, yeni metodikayla tanış olur, müəllimlik belə olur. Yoxsa 50 yaşında saçı-saqqalı ağarmış birini aparıb imtahana salırlar ki, səni müəllim götürürük. Həmin şəxs 30 ildir ki, müəllim işləyir, o, nə imtahan verməlidir? Bu sahədə bir nizam-intizam qaydası yaranmalıdır ki, hamısı standart yolla getsinlər. Elm və təhsil naziri də istəyir ki, yaxşı eləsin, səviyyəli müəllimləri işə götürsün, onu da qınamaq olmur, çünki təhsil sistemi digər sahələr kimi çürüyüb. Bu çürük sahədə islahat aparmaq çox çətindir. Əvvəllər müəllimlər uzaq dağ kəndlərinə getmirdilər, onların maaşını artırırdılar, torpaq sahəsi verirdilər, yəni həvəsləndirirdilər, onlar da gedirdilər. Ancaq indi müxtəlif rayonlardan gəlib oxuyurlar, hər rayonun öz müəllimləri yetişir, qayıdıb öz rayonunda işləməlidir. İşləmək istəmirsə nə etmək olar, gedib başqa sahədə işləsin. Məktəblərdə müəllimlərə ehtiyac çoxdur. Digər tərəfdən də minlərlə insan növbəyə dayanır ki, müəllim işləsin. Hər rayonda da təhsillə bağlı qurum var və onlar bunu nizamlamalıdır. Yəni hansı kəndə hansı fənn üzrə müəllim lazımdır, növbədə dayanan müəllim kimdir? Bununla idarə məşğul olmalıdır. Kənardan bir nəfər göstəriş verə bilməz ki, belə olsun”.

Təhsil üzrə ekspert Nadir İsrafilov isə bildirib ki, Sovet dönəmi ərazində müəllimlərin işə qəbulu təyinatla olub:

“Təhsildə tələb-təklif adlanan bir prinsip var idi. O zaman Maarif Nazirliyi bütün rayonlardan tələbatı öyənirdi və buna müvafiq tələbə qəbulu həyata keçirilirdi. Məzun ali məktəbi bitirəndən sonra, məsələn, Qubadan idisə və oradan sifariş gəlibsə, onu Qubaya, Şəkidən gəlibsə, Şəkiyə, Lənkərandan gəlibsə, Lənkərana göndərirdilər. Yəni məzun artıq öz yurdunda, ailəsinin yanında olurdu. İndi isə müsabiqə yolu ilə müəllimlər işə qəbul olunur. Ən yüksək bal Bakının mərkəzi məktəblərinə, bir qədər az toplayanlar mikrorayona, daha aşağı toplayanlar Sumqayıta, sonra Şabran, ən aşağı balı olan Qusara dağın başına gedir. Bu, düzgün mövqe deyil. Belə çıxır ki, ən savadlıları mərkəzə, Bakıya, savadsızları isə regionlara göndəririk. Halbuki ölkə başçısının regionların inkişafına dair bir neçə fərmanı var. Regionların inkişafı o demək deyil ki, ancaq asfalt çəkilsin, park salınsın. Bu, eyni zamanda o deməkdir ki, təhsil də, səhiyyə də inkişaf etməlidir. Məsələn, bakılı imtahandan sonra Lerik məktəbinə düşür və onun orada tanıdığı yoxdur, o mühitə uyğunlaşa bilmir. Ona görə də orada çox davam gətirmir. Sovet dövründə 5 illik təyinat müddəti var idi və hərbidə olduğu kimi təyinatın mükəlləfiyyət hüququ vardı. Müəllim gedib 5 il təyinat müddətində işlədikdən sonra sərbəst təyinat ala bilirdi. Yəni tələb-təklif prinsipinin həm sosial, həm də digər əhəmiyyəti var idi. Mən təyinat məsələsini tam alqışlayıram. Çox insanlar bu fikirdədir. Kim hansı rayondandırsa, orada da işləməlidir. Artıq yerdəyişmələrə də ehtiyac qalmır. İndi bu yerdəyişmələrlə bağlı problemlər yaranır”.

Ekspertin sözlərinə görə, 1999-cu ildə “Azərbaycan Respublikasında islahat proqramı” qəbul edilib:

“Bu sənədi Dövlət Komissiyası hazırlayıb və ümummili lider Heydər Əliyev təsdiq edib. İslahat prqramının məqsədi təhsil sahəsində uzun illərdən bəri toplanmış təcrübəni saxlamaq və inkişaf etdirmək yolu ilə təhsilin məzmun və formaca yenilənməsinə nail olmaq idi. Təyinat məsələsi də uzun illərdən bəri toplanmış təcrübə idi. Bizim digər ənənələrimiz var ki, məsələn, Novruz bayramında Keçəl, Kosa, papaq atmaq ənənələrimizi saxlayırıq, təhsil sahəsindəki ənənələrdən niyə imtina etməliyik? Sovet dönəmində müəllim təyinatla gedirdi. O dövrdə fəaliyyət göstərən Müəllimləri Təkmilləşdirmə İnstitutu vardı ki, hər 5 ildən bir müəllimin əmək haqqı saxlanılmaqla ixtisaslarını artırırdılar və əlavə imtahana ehtiyac qalmırdı. Biz həmin Təkmilləşdirmə İnstitutunun adını dəyişib Müəllimlər İnstitutu etdik. Onun da 12 filialını yaratdıq ki, nəticədə müəllim artıqlığı yarandı. Burada da korrupsiya faktları üzə çıxdı və s. Bu məsələnin həlli yolu sadədir. Təyinat sistemi tətbiq olunmalıdır və kim hansı bölgədəndirsə gedib orada da işləsin. Təyinat sistemində güzəştlər də var idi. Məsələn, ailə vəziyyəti ilə bağlı ona sərbəst təyinat verirdilər, ona azad təyinat deyirdilər”.

Onun sözlərinə görə, müəllimlərin işə qəbulu ilə bağlı 15-20 ildə qaydaları 15-20 dəfə dəyişilib:

“Bu qaydalar ilk dəfə tətbiq olunanda 70 maddə var idi, sonra sıxışdırıldı 35 maddə oldu, indi yenə də MİQ-lə bağlı narazılıq var. Bundan sonra yəqin ki, 10 dəfə də dəyişiləcək. Ona görə də müəllimlərin sıxıntısını, qaydalardakı boşluqların aradan qaldırılması üçün yeganə yol təyinat sisteminə keçilməlidir. ETN-nin rəsmiləri izahat versinlər ki, hansı səbəblərə görə təyinat sisteminə keçmirik. Bu gün müəllimlərin sayı tələbatdan 2-3 dəfə artıqdır. Niyə görə təhsil alıb işsiz qalmalıdırlar, tələb-təklif prinsipi gözlənilmir? Ölkədə 30-dək universitet müəllim hazırlığı ilə məşğul oldu və nə maddi-texniki bazası, nə də kadr potensialı var idi. Beləliklə, universitetelər bu cür müəllimlər “istehsal” etməyə başladı. İndi həmin buraxdığımız səhvlərlə bağlı deyirik ki, müəllimlərimiz savadsızdır. Sovet dönəmində bir Pedoqoji İnstitut və Pedoqoji Texnikum var idi ki, onların məzunları müəllim tələbatını ödəyirdi. İndi yerli-yersiz o qədər universitetlərdən müəllimlər məzun olur və işsiz qalırlar, elan gözləyirlər ki, müsabiqədə nə qədər bal toplayacaq və s. Ona görə də təyinat sistemi bu sahədə mövcud problemin həllində yeganə yoldur”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024