Sosial / Slayd (7-07-2014, 13:36)
Zaqatala: davamlı inkişaf tendensiyası 2014-cü ilin birinci yarısında da davam etmişdir
Dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla təsdiqlənən bir sıra Dövlət Proqramları, ilk növbədə regionların tarazlı, dinamik inkişafını, qeyri-neft sektorunun möhkəmləndirilməsini, infrastrukturun yeniləşdirilməsini təmin edən «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı» bütün bölgələrimiz kimi hörmətli Mübariz Əhmədzadənin rəhbərlik etdiyi Zaqatala rayonunda da aqrar, sənaye, tikinti və xidmət sahələrinin daha da inkişaf etməsinə zəmin yaratmışdır.
Bu proqramlar qəbul edildikdən sonra rayonun iqtisadi göstəriciləri ildən-ilə artmış, iqtisadi potensialın səmərəli istifadə olunmasına nail olunmuş, sahibkarlığın inkişafı daha da sürətlənmiş, yeni istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması, yeni iş yerlərinin açılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.
Maliyyə intizamına riayət olunur
Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır.Maliyyə mütəxəssisi Ömərxan Şabanovun rəhbərlik etdiyi Zaqatala rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, «Dövlət Satınalmaları haqqında» Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.
Torpaq və onunla bağlı münasibətlər dürüst tənzimlənir
Zaqatala aqrar sənaye rayonudur və istehsal olunan məhsulun 60 faizi kənd təsərrüfatı məhsullarının payına düşür. Taxılçılıq, tərəvəzçilik, gülçülük, çayçılıq, tütünçülük, heyvandarlıq sahələri aqrar sektorun ən çox tutumlu sahələri hesab olunur. Rayonun ümumi əkin strukturunun 38 faizi taxıl, 20 faizi yem bitkiləri, 28 faizi bağçılıq məhsulları istehsalı məqsədi ilə istifadə olunması göstərir ki, ərazidə buğda, arpa, qarğıdalı, fındıq, şabalıd əkinləri ilə yanaşı maldarlıq sahəsi də inkişaf etmişdir.
Əlbəttə, belə olan halda rayonda torpaq və onunla bağlı münasibətlər sisteminin düzgün tənzimlənməsinin çox ciddi əhəmiyyəti vardır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon Şöbəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. Rayonun inzibati ərazi dairələri üzrə döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, mərzçəkmə işlərinin aparılması və xəritələşdirilməsi işləri həyata keçirilmiş, bələdiyyələrin ərazi sərhədləri dəqiqləşdirilmişdir. Şöbə həmçinin DTXK-nın digər strukturlarının rayonda apardığı işlərə dəstək vermiş, torpaqların inventarizasiyası işlərinə, təbii yem sahələrinin yaxşılaşdırılması məqsədilə layihə axtarış işlərinə, irimiqyaslı torpaq və geobotaniki tədqiqat və bonitirovka işlərinə köməklik göstərmişdir. Bundan başqa DTXK rayon Şöbəsi tərəfindən vətəndaşların qanuni istifadəsində olan həyətyanı, bağ sahələri və fərdi yaşayış evi altındakı torpaqların
sənədləşdirilməsi sahəsində əhəmiyyətli işlər görülmüşdür. Həmçinin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti sahəsində də xeyli iş görülmüşdür.
Suvarma şəbəkələri yenidən qurulur
Rayonun təsərrüfatlarında il ərzində orta göstərici olaraq 18 min ton payızlıq taxıl, 23 min ton dən qarğıdalı, 12 min ton kartof, 17 min ton tərəvəz, 23 min ton meyvə-fındıq, 800 ton diri çəkidə ət, 38 min ton süd, 13 milyon ədəd yumurta istehsal olunur. Əlbəttə, bu göstəricilərə nail olunması üçün rayonun suvarma təsərrüfatının səlis işləməsinin əhəmiyyətli rolu olmuşdur.
«Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinin Dünya Bankının maliyyə dəstələri ilə həyata keçirdiyi «Azərbaycanda suvarma və drenaj infrastrukturunun bərpası və tamamlanması» layihəsi çərçivəsində Zaqatala rayonunun Muxaxçay sistemində suvarma şəbəkəsinin yenidən qurulması uğurla aparılmışdır. Fikrət Şərifovun rəhbərlik etdiyi Suvarma Sistemləri İdarəsindən bildirmişlər ki, Zaqatala ərazisində olan 15562 hektar suvarılan torpaq sahəsinə xidmət etmək üçün 4 Sudan İstifadəedənlər Birliyi yaradılmışdır. Birliyin əsas vəzifəsi əkin sahələrinin su tələbatına uyğun olaraq su mənbələrindən suvarma suyunun sahələrə verilməsini təmin etməkdir. Layihə çərçivəsində Muxaxçay sistemində onlarla kilometr uzunluqda suvarma kanalları təmizlənmiş, torpaq kanallara beton üzlük çəkilmişdir. Bundan əlavə, həmin kanalların üzərində hidrotexniki qurğular tikilmişdir.
Xatırladaq ki, Muxaxçay sisteminin suvarma şəbəkəsinə daxil olan kanallar rayonun Muxax, Yuxarı Çardaxlar, Zəyəm, Çobankol, Qımır, Bazar, Gözbarax və ətrafda olan digər kəndlərin əkin sahələrinin suvarılmasını təmin edir. Layihəyə uyğun olaraq, gələcəkdə rayonun digər ərazilərində də suvarma şəbəkələri yenidən qurulacaqdır.
Təhsilin inkişafına xüsusi diqqət yetirilir
Zaqatalada təhsilin inkişafına xüsusi diqqət yetirilir və bu sahədə qazanılan müvəffəqiyyətləri sadalamaq üçün abituriyent mövsümünün başa çatmasını gözləmək daha məqsədəuyğun olar. Lakin rayonun təhsil ocaqları arasında əlahiddə biri var ki, barəsində həmişə fəxrlə söz açmaq olar.
Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyevin «Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında» 13 iyun 2000-ci il tarixli 349 saylı Fərmanı ilə Zaqatala Politexnik Texnikumunun bazasında yaradılmışdır. Filialın funksiyalarına: 1. Bakalavr təhsil səviyyəsinə uyğun pedaqoji kadrların hazırlanması; 2. Pedaqoji kadrların ixtisasının artırılması; 3. Pedaqoji kadrların yenidənhazırlanması; 4. Müəllimlərin təkmilləşdirilməsi kimi vəzifələr daxildir.
2000-2001-ci tədris ilində bakalavr pilləsi üzrə 13 nəfər tələbə ilə fəaliyyətə başlayan filialda dislokasiya ərazisinə daxil olan Zaqatala, Balakən və Qax rayon təhsil şöbələri ilə birgə ümumtəhsil məktəblərinin pedaqoji kadrları da ixtisasartırma və yenidənhazırlanma kurslarına cəlb olunmağa başlamışdır.
2006-cı ildən filialda pedaqoji fakültə fəaliyyət göstərir. Hazırda fakültədə «İbtidai sinif müəllimliyi», «Azərbaycan dili və ədəbiyyatı müəllimliyi», «Riyaziyyat və informatika müəllimliyi», «Tarix və coğrafiya müəllimliyi» ixtisasları üzrə 4 istiqamətdə müəllim hazırlığı həyata keçirilir. Finalda 01 avqust 2003-cü il tarixdən 2 kafedra - «Humanitar fənlər və tədris metodikası» və «Təbiət fənlərinin tədrisi metodikası» kafedraları fəaliyyət göstərir. Humanitar fənlər və tədris metodikası kafedrası dil, ədəbiyyat, tarix, musiqi, ictimai elmləri əhatə edən 33 fənnin tədrisini nəzərdə tutan 31 nəfər professor-müəllim heyətindən ibarətdir. Təbiət
fənlərinin tədrisi metodikası kafedrası coğrafiya, fiziki tərbiyə, mülki müdafiə, eləcə də riyaziyyat, fizika və informatika kimi bir sıra digər dəqiq elmlərin tədrisini nəzərdə tutan və 53 fənn üzrə 23 əməkdaşı birləşdirən professor-müəllim heyətindən ibarətdir.
Filialda 2012-ci ildən fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev rəhbərlik edir. Bu ali təhsil ocağının məzunları üz tutduqları təhsil müəssisələrində məmnunluqla qarşılanırlar və bölgənin pedaqoji kadrlara olan ehtiyacının ödənilməsində əhəmiyyətli vəzifələrini yerinə yetirirlər.
Zaqatala rayonunun tibb işçiləri öz peşə bayramlarını nailiyyətlərlə qeyd etdilər
17 iyun 2014-cü il tarixdə Zaqatala şəhəri «Qala Düzü» istirahət mərkəzində 17 İyun - Tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi. Tədbirdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva və rayon tibb işçilərinin kollektivi iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı cənab M.Əhmədzadə Ulu öndər Heydər Əliyevin 04 iyun 2001-ci il tarixli sərəncamı ilə ölkəmizdə 17 iyun təqvim gününün tibb işçilərinin peşə bayramı kimi qəbul olunmasını vurğulamış, həmin günün Azərbaycan Demokratik Respublikasında Səhiyyə Nazirliyinin yaranması günü ilə əlaqələndirilməsinin heç də təsadüfi olmadığını bildirmişdir. Başçı öz çıxışında Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə səhiyyə sahəsində ölkəmizdə lazımi islahatlar aparıldığını, səhiyyə ocaqlarının tikintisinə geniş meydan verildiyini, tibb müəssisələrinin dərman preparatları ilə təchizatı, maddi-texniki bazasının gücləndirilməsi, mütəxəssis kadrların hazırlanması kimi məsələlərə xüsusi diqqət yetirdiyini qeyd etdi, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafı üçün başladığı işlərin hazırda ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini vurğuladı.
Natiq öz çıxışında rayonda 155 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının, 50 çarpayılıq Vərəm Dispanserinin Gigiyena-Epidemiologiya Mərkəzinin və 2008-ci ildə möhtərəm prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş 26 çarpayılıq Müalicə Diaqnostika Mərkəzinin fəaliyyət göstərdiyini, bu tibb ocaqlarında 232 həkim və 717 orta tibb işçisinin çalışdığını tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Sonra əhalinin sağlamlığının qorunması sahəsində səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə bir qrup tibb işçisi Fəxri Fərmanla və qiymətli hədiyyələrlə təltif olundular. Tibb işçiləri adından çıxış edən Zaqatala RMX-nın baş həkimi Leyla Seyidəliyeva səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılmasının Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsinə çevrildiyini, ölkə rəhbərliyi tərəfindən səhiyyənin inkişafını, əhalini dünya standartlarına uyğun tibbi xidmətlə təmin etmək üçün genişmiqyaslı islahatların aparıldığını qeyd etdi, ölkə rəhbərinin səhiyyə işçilərinə göstərdiyi diqqət və qayğıya görə rayon tibb işçiləri adından minnətdarlığını bildirdi və bütün həmkarlarını peşə bayramı münasibətilə təbrik etdi.
Tədbir rayon və tibb işçilərinin özfəaliyyət kollektivlərinin konsert proqramı ilə davam etdirildi.
Turizmin inkişaf potensialı böyükdür
İyunun 19-da Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, AMEA-nın Folklor İnstitutunun və Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə «Azərbaycanda folklor turizmi: mövcud vəziyyət və inkişaf
perspektivləri» mövzusunda «dəyirmi masa» keçirilmişdir. Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən «Calğalıq» turizm mərkəzində keçirilən tədbirdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva qədim tarixi abidələri zəngin fauna və florası ilə seçilən rayonda son illər turizmin inkişafı məqsədilə reallaşdırılan davamlı tədbirlərdən söz açmışdır.
Bildirilmişdir ki, rayonda turizmin bir çox növlərinin, o cümlədən folklor turizminin inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur. İyirmidən artıq millətin nümayəndələrinin yaşadığı Zaqatala həm də zəngin folklor ənənələrinə malikdir. Tədbirdə AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov «Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Vilayət İsmayılov və başqaları çıxış edərək ölkəmizdə turizmin inkişafına dövlət qayğısından, bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışmışlar. «Dəyirmi masa»da, həmçinin «Azərbaycan reallığında folklor turizmi», «Turizmin inkişafında tarixi abidələrin rolu», «Folklorda yaşayan toponimlərimiz» mövzularında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. Turizm sahəsinin inkişafına verdiyi töhfələrə görə rayon Mədəniyyət və Turizm Şöbəsinin, turizm-istirahət mərkəzlərinin rəhbərliyinə fəxri fərmanlar təqdim olunmuşdur. Tədbirdə rayonun folklor kollektivləri maraqlı konsert proqramı ilə çıxışlar etmişlər.
***
İnamla qeyd etmək olar ki, Zaqatala və zaqatalılar Azərbaycanda gedən inkişaf proseslərindən yararlanmaqla bərabər, həm də bu tərəqqiyə öz sanballı töhfələrini verirlər. Onlara ölkəmizin çiçəklənməsi, xalqımızın firavanlığa qovuşması yolunda uğurlar arzulayırıq.