Sosial / Karusel (17-05-2014, 21:05)
Dünya şaxtaçıları nə qədər qazanır? - STATİSTİKA
Türkiyənin Manisa əyalətinin Soma şəhərindəki kömür mədənlərində baş verən qəzadan sonra dünya ölkələrinin kömür mədənlərində çalışanların qazancları gündəmə gəlib.
Təxmini hesablamalara görə, ABŞ-da kömür mədənlərində çalışanlar orta hesabla hər saat üçün 33,75 dollar pul qazanırlar. Bu bir ayda 6750, bir ildə isə 81 min dollar deməkdir.
Birləşmiş Ştatların şimal qonşusu Kanadada da vəziyyət oxşardır. ABŞ-a nisbətən kömür işçilərinə bir qədər az əməkhaqqı verən rəsmi Torontoda həmçinin mədəndə çalışanlar xüsusi qaydada və yüksək məbləğdə sığortalanır. Bu ölkədə kömür mədənində çalışan bir işçi orta hesabla hər saatı üçün 25 dollar pul qazanır. Bu o deməkdir ki, hər kömürçü ayda 5 min, ildə isə 60 min alırlar.
Avropada da çörəyi qara kömürdən çıxanların maaşları təxminən Kanadadakı kimidir. Bir kömürçü orta hesabla ildə 45 min avro, yəni təxminən 62 min dollar pul qazanır.
Kömür mədənlərində çalışan işçilərinə verdiyi maaşa görə dünyanın lider ölkəsi hesab edilən Avstraliyada bir işçi il ərzində orta hesabla 110 min dollar əməkhaqqı qazanır. Normal iş rejiminə əsasən hesablama aparsaq, hər işçinin saatda 46 dollara, ayda isə 9166 dollara sahib olduğunu görmək olar.
Soma faciəsi ilə gündəmə gələn Türkiyədə isə vəziyyət acınacaqlıdır. Belə ki, verilən rəsmi rəqəmlərə görə, bir işçi il ərzində orta hesabla 19 min 200 türk lirəsi yəni təxminən 9130 dollar pul qazanırlar. Bu isə bir saatda 3,8, bir ayda isə 760 dollar deməkdir.
Xatırladaq ki, kömür istehsalına görə dünyada Avstraliya, ABŞ, Almaniya, Kanada, Rusiya və Türkiyə öncül sıradadır.