Sosial / Slayd (6-10-2016, 21:15)
132-134 saylı Təhsil Kompleksində “müəllim günü” yığımları
Sara Xanlarovanı "təbrik etimək” üçün hər iki məktəbdə, eləcə də kompleksin tərkibində fəaliyyət göstərən uşaq bağçasında hər uşaqdan 50 manat pul toplanıb
Mediatv.az: Bu günlərdə redaksiyamıza yeni daxil olmuş məlumatlarda bir daha köhnə problemlərdən bəhs olunur. Daha dəqiq desək, aldığımız açıqlamalarda Bakının Səbail rayonunda yerləşən 132-134 saylı məktəb-kompleksdə təhsil alan şagirdlərin valideynləri bu müəssisənin direktoru Sara Xanlarovanın fəaliyyətindən öz narazılıqlarını ifadə edirlər. Bu problemin köhnə olduğunu deməkdə isə məqsədimiz, hələ bir neçə il bundan öncə, 132 və 134 saylı məktəblər birləşdirilərək ümumi rəhbərlik Sara xanıma həvalə olunarkən, valideynlərin buna öz etirazlarını bildirdiklərini xatırlatmaqdır. Məlum olduğu kimi, Sara Xanlarova əvvəllər Səbail rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində və Təhsil Nazirliyinin Monitoriq və Qiymətləndirmə İdarəsində çalışıb. Sonradan isə, 134 saylı məktəbə direktor təyin olunub. 2010-cu ildə 132 və 134 saylı məktəblər sökülərək yenidən inşa olunublar. Məhz bundan sonra Təhsil Nazirliyi bu iki orta təhsil müəssisəsini birləşdirərək 132-134 saylı Təhsil Kompleksinin yaradılması barədə qərar qəbul etdi. Əslində böyük əksəriyyət yeni yaradılmış kompleksə məhz 132 saylı məktəbin direktoru Aliyə xanım Təhmasibin rəhbərlik edəcəyini gözləyirdilər. Hətta 132 saylı məktəbin açılışında şəxsən iştirak etmiş ölkə prezidenti cənab İlham Əliyev də həmin tədbirdə Aliyə Təhmasibin əməyini xüsusi vurğulamış və ona fəxri ad verilməsi haqqında fərman imzalamışdı. Lakin bu önəmli hadisədən 1 gün sonra Aliyə xanım işdən çıxarılaraq, yerinə Sara Xanlarova təyin olundu. Məhz bundan narazı qalan bir çox valideynlər Sara Xanlarovanın rüşvətxor məmur və savadsız kadr olduğunu israrla iddia edərək, Aliyə Təhmasibin öz vəzifəsinə bərpasını tələb edirdilər. Lakin o vaxt da TN-nin yarıtmaz kadr siyasəti həm şagirdlərin, həm valideynlərin, həm də ümumilikdə təhsil sisteminin mənafeylərini üstələdi. Sara Xanlarova yeni təhsil kompleksinin direktoru vəzifəsində qaldı. Bu gün isə, 132-134 saylı təhsil kompleksində baş alıb gedən korrupsiya halları valideynlərin əsil baş ağrısına çevrilib. Elə yeni aldığımız açıqlamalarda da vurğulanır ki, Sara Xanlarovanın tətbiq etdiyi açıq bazar prinsipləri əksər valideynlərin maraqlarına uyğun deyildir. Bəzi iddialara görə, bu təhsil kompleksində birinci sinifə qəbul üçün 2500-3000 manat pul ödəmək tələb olunur. Digər tərəfdən isə, olduqca müasir üslubda təmir olunan təhsil kompleksi əksər valideynlər üçün cəlbedici olduğundan bu gün həmin təhsil kompleksinin birinci siniflərinə az qala ali məktəblərdə olduğu kimi qəbul imtahanları keçirilir. Bu isə, əslində valideynlər üçün nəzərdə tutulmuş növbəti pul tələsindən başqa bir şey deyildir. Lakin bütün bu faktlar barədə istər valideynlərin, istərsə də kütləvi informasiya vasitələrinin irad və narazılıqları 132-134 saylı təhsil kompleksin rəhbərliyinin heç bir reaksiyasına səbəb olmur. Buna sübut olaraq, Sara Xanlarovanın son keçirdiyi və 5 oktyabr Müəllim gününə "həsr olunmuş” növbəti pul yığımının gedişini misal çəkmək olar. Mənbə bildirir ki, hər iki məktəbdə, eləcə də kompleksin tərkibində fəaliyyət göstərən uşaq bağçasında təhsil və təlim-tərbiyə alan hər uşaqdan bu məqsədlə 50 manat məbləğində pul toplanmışdır. Həmçinin aldığımız məlumatlarda bildirilir ki, 132-134 saylı təhsil kompleksində şagirdlərindən başqa, buranın müəllim heyəti üçün də konkret ödənişlər nəzərdə tutulmuşdur. İddiaya görə, əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimdən kifayət qədər rüşvət yığılır. Məsələn, yeni dərs ilində yuxarı siniflərə rəhbərlik müqabilində müəllimin ödəməli olduğu məbləğ 800 manat civarında müəyyənləşdirilib. Belə məlum olur ki, öz müəllimləri ilə müqayisədə, 132-134 saylı təhsil kompleksində oxuyan şagirdlər hələ ödənişlərə "az” cəlb olunurlar...(gundelik-baku.com)
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.