Sosial / Karusel (6-09-2016, 17:12)
221 nömrəli orta məktəbin direktoru kimin himayəsinə arxalanır?
Mikayıl Cabbarovun rəhbərlik etdiyi təhsil müəssisəsini şəxsi mülki kimi idarə edən Fikrət Xəlilovun əməllərindən xəbəri var?
Mediatv.az: Ötən sayımızda qeyd etdiyimiz kimi, bir müddət öncəyə qədər Heydər Əliyev adına liseyin direktoru vəzifəsində çalışan Fikrət Xəlilov Bakının Xətai rayonu, Admiral Naximov küçəsi 221 ünvanında yerləşən 221 nömrəli tam orta məktəbin rəhbərliyinə gətirildikdən sonra sözügedən təhsil müəssisəsində mövcud olan problemlərin sırasına yeniləri də əlavə olunub. Belə ki, hazırda 221 nömrəli orta məktəbdə təlim-tədris prosesinin nəzərəçarpacaq dərəcədə zəiflədiyini, neqativ halların çoxaldığını vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada deyilir ki, bütün bunlara görə məsuliyyət məhz Fikrət Xəlilovun üzərinə düşür. Fikrət Xəlilovun indiyədək hansı təhsil müəssisəsinə rəhbərlik edibsə, həmin təhsil ocaqlarında yeyinti, intihar halları, dava-dalaş, qalmaqalın yaşandığını iddia edən mənbə bildirir ki, hazırda bu cür hallara 221 saylı orta məktəbdə rast gəlinir: «Etiraf etmək lazımdır ki, bu gün ölkənin bir çox təhsil ocaqlarında filan məsələ üçün filan qədər pul yığılması hallarına rast gəlinir. Həmin təhsil ocaqlarından biri də Fikrət Xəlilovun direktoru olduğu 221 saylı orta məktəbdir. Deyilənlərə görə, o, Heydər Əliyev adına liseyin rəhbərliyindən kənarlaşdırıldıqdan sonra 221 saylı orta məktəbin direktoru vəzifəsinə gətirilməsi üçün kimlərəsə 50 min dəfə «təşəkkür» edib. Onu da nəzərinizə çatdırım ki, hazırda Fikrət Xəlilov məhz «təşəkkür» etdiyi şəxslər tərəfindən ciddi şəkildə müdafiə olunur. Və elə bu səbəbdən də həmin şəxslərin himayəsinə arxalanan məktəb direktoru rəhbərlik etdiyi təhsil müəssisəsini şəxsi mülki kimi idarə etməkdən, öz «qayda»larını tətbiq etməkdən çəkinmir. Yeri gəlmişkən, qeyd edim ki, 221 saylı orta məktəb yeniləşməyə, müasirləşməyə meyl göstərmir və elə buna görə də bu təhsil ocağının fəaliyyətində ciddi nöqsanlar müşahidə olunmaqdadır. Yəni Fikrət Xəlilovun direktoru olduğu 221 saylı orta məktəb təhsilin səviyyəsinə və maddi-texniki bazanın zənginliyinə görə digərlərindən xeyli geridə qalır». Bu arada, adıçəkilən təhsil müəssisəsində şagirdlərdən dəftər, kitab, bilet, təmir və jurnal pulu, müəllimlərin ad günü və bayramlar üçün pul yığıldığını qeyd edən məlumatlı şəxsin sözlərinə görə, 221 saylı orta məktəbdə elə bir vəziyyət yaranıb ki, valideynlər bilmir övladlarını məktəbə yola salırlar, yoxsa bazara: «Deyilənlərə görə, hər gün şagirdlər evə gedəndə məktəbdə pul istədiklərini bildirirlər. Bunun səbəbini soruşduqda ki, pulu nəyə istəyirlər, cavab verirlər ki, dəftər, kitab, bilet, təmir və jurnal pulu, müəllimlərin ad günü, bayramlar üçün və daha nə bilim nə üçün pul yığırlar. Qeyd edim ki, övladları Fikrət Xəlilovun direktoru olduğu 221 saylı orta məktəbdə təhsil alan valideynlərin çoxu bu cür mənzərə ilə qarşılaşır. Söhbət təhsildən düşmüşkən, nəzərinizə çatdırım ki, bu məktəbdə təhsilin səviyyəsi də qənaətbəxş deyil. Elə buna görə də məktəblərin məzunlarının ali məktəblərə daxil olmasına görə də ölkədə qabaqcıllar sırasında olmadığı deyilir. Belə ki, 221 nömrəli orta məktəbin məzunlarının çox az bir hissəsi ali məktəblərə daxil olur. Maraqlıdır, görəsən, təhsil naziri Mikayıl Cabbarovun 221 saylı orta məktəbdə yaşananlardan, bu təhsil müəssisəsinin direktoru Fikrət Xəlilovun əməllərindən xəbəri varmı? Əgər varsa, o zaman nə üçün barəsində müvafiq tədbir görülmür?.. Bir sözlə, bu gün adıçəkilən orta məktəbdə çox qəribə, daha doğrusu ürəkağrıdıcı mənzərə hökm sürür». Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik. Gundelik-Baku.com