Sosial / Slayd (31-08-2016, 11:11)
“Azərsu” prezidenti sahibkarın torpağını yağmalayıb - Faktlar
Göyçayın Natəvan küçəsi, ev 7 A, mənzil 44 sakini olan sahibkar Mayılova Minayə Seyidağa qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub
Mediatv.az xəbər verir ki, Politika.Az-a ünvanlanan müraciətində M.Mayılova qeyd edib ki, dövlətə vergi verir:
“Ancaq dövlət vəsaitini atasının malı kimi göyə sovuran bəzi harın məmurların qanunsuz əməlləri nəticəsində fəaliyyətimə ciddi maneələr yaradılıb. Rayonun Potu kəndi ərazisində yeni inşa etdirdiyim çörəkbişirmə zavodunun həyətyanı sahəsi “Azərsu” ASC tərəfindən zəbt edilib.
Göyçay rayon məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsi ilə iddiam təmin edilib. “Azərsu” ASC tərəfindən zəbt edilmiş qanunu torpağımda inşa edilmiş tikililərin sökülməsi qət edilib. Həmin qətnamədən "Azərsu" ASC tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyib”.
İş adamının sözlərinə görə, həmin məhkəmə qətnaməsinin icrasına "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov təsir göstərib maneəçilik yaradır: “Göyçay rayon ərazisində əkin torpağının 1 sotu 2000-3000 manat olduğu halda "Azərsu" ASC zəbt etdiyi 14 sot torpağa görə mənə 2430 manat kompensasiya təklif edir ki, bu da qanunsuzluqdur.
Necə olur vətəndaşların mülkiyyətindən keçən neft kəmərinə görə 1 sot şoran torpağa görə 2000 manat kompensasiya ödənilir, ancaq mənim mülkiyətim məhsuldar olan 14 sot torpağıma görə 2430 manat pul ödənilir.
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov nə konstitusiyanı, nə dövləti, nə də ki prezidenti saya salır. Cənab Prezident sahibkarlara daima dəstək olub və əsassız müdaxilələrin qarşısını daima alıb, sahibkarlığın inkişafına dair mütərəqqi sərəncamlar imzalayıb”.
Sahibkar deyib ki, "Azərsu" ASC-nin qanunsuz əməllərinə Göyçay rayon İcra Şöbəsinin rəisi İlqar Abdurrəhmanov dəstək verir: Su anbarının tikintisi üçün 320 000.000 manat pul ayrılmışdı.
Göyçayda boş münasib torpaqlar olduğu halda su anbarının vətəndaşların qanunu torpaqlarının üzərində inşa edilməsi cinayətdir ki, bunu vəzifəli şəxslər həmin vaxt həyata keçiriblər”.